Yanvarın 24-də Dövlət Statistika Komitəsi 2016-cı il üzrə makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az bildirir ki, hesabata görə, ötən ilin yanvar-noyabr aylarında əhalinin sayı 96,4 min nəfər və ya 1 faiz artaraq 9 milyon 802 min nəfərə çatıb.
Mərkəzi Banka istinadla qeyd olunur ki, 2016-cı il dekabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16 milyard 275,5 milyon manata enib. Kredit portfeli 2015-ci il dekabr ayının 1-i ilə müqayisədə 13,2 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,9 faizinə bərabər olub.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il dekabr ayının 1-nə 7 milyard 605,8 milyon manat təşkil edib.
2016-cı ildə əhalinin hər nəfərinə düşən ÜDM 6223,8 manata bərabər olub.
2016-cı ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq 494,3 manat təşkil edib. 2016-cı ildə əvvəlki illə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,7 faiz artıb.
Sənaye istehsalı 0,4 faiz azalıb, kənd təsərrüfatının ümumi məhsulu 2,6 faiz artıb, ölkəyə 14,9 milyard manat məbləğində, yaxud 2015-ci illə müqayisədə 26,1 faiz az vəsait yönəldilib.
Əvvəlki illə müqayisədə yük daşınması 0,1 faiz azalıb, sərnişin daşınması isə 2 faiz artıb.
2015-ci illə müqayisədə 2016-cı ildə informasiya və rabitə xidmətlərinin dəyəri 4,5 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Əvvəlki illə müqayisədə əmtəə dövriyyəsi 1,5 faiz artıb, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 1,1 faiz azalıb.
2016-cı ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 2015-ci ilin eyni dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 11 faiz, o cümlədən ixrac 13,1 faiz, idxal isə 8 faiz düşüb.
2016-cı ildə dövlət büdcəsinə 17 milyard 501,2 milyon manat vəsait daxil olub, büdcədən 17 milyard 742,4 milyon manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 241,2 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,4 faizi səviyyəsində olub.