Yanvarın 18-də Qafqaz Universiteti bəyanat yayıb. Bəyanat bu ali təhsil ocağının təsisçinin qərarı ilə könüllü şəkildə ləğv olunması barədə “Vergilər” qəzetində dərc olunmuş elanla əlaqədardır.
Novator.az-ın məlumatına görə, bəyanatda xatırladılır ki, universitetin təsisçisi Azərbaycan Beynəlxalq Təhsil Kompleksidir və Qafqaz Universiteti də təsisçinin qərarı əsasında ləğv edilib. Bildirilir ki, təsisçinin yaratdığı ləğvetmə komissiyası hazırda prosesi idarə edir və yanvarın 18-də “Vergilər” qəzetində elan da bu çərçivədə verilib.
Bəyanatda deyilir ki, hazırda Qafqaz Universitetində tədris fəaliyyəti fasiləsiz davam etdirilir, qış imtahan sessiyasının gedişində heç bir problem yoxdur: “Məlumat üçün bildiririk ki, tələbələrimizin təhsil hüquqlarının təmin edilməsi, təhsillərini uğurla davam etdirmələri baxımından heç bir problem yaranmayacaq. Qafqaz Universitetində təhsil alanların böyük əksəriyyəti yüksək bal toplayaraq universitetə qəbul olunan tələbələrdir və bu tələbələrimizin və valideynlərinin narahatlığına heç bir səbəb yoxdur”.
Qafqaz Universitetinin rektoru Havar Məmmədov yanvarın 18-də Azvision.az-a açıqlamasında bildirib ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksi universitetin fəaliyyətini yanvarın 9-dan dayandırıb: “Hazırda universitetdə ləğvetmə komissiyası işləyir. Universitetin adı dəyişdirilməyəcək. Hər halda dövlət universiteti olacaq. Təhsil Nazirliyi tabeliyində olan universitetlərə necə nəzarət edirsə, bu da elə olacaq. Yaxın vaxtlarda dövlət tərəfindən universitetin fəaliyyət sferası ilə bağlı qərar qəbul ediləcək”.
Rektor universitetin yerində qalacağını, tədris prosesinin davam edəcəyini söyləyib: “Burada müəllimlər işləyir, tələbələr oxuyur. Təhsil proses olduğu kimi davam edir”.
Novator.az xatırladır ki, Qafqaz Universiteti Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il qərarı ilə fəaliyyətə başlayıb, Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il qərarı ilə dövlət qeydiyyatından keçib. 20 avqust 2002-ci ildə Təhsil Nazirliyinin lisenziya verməsi ilə universitetin statusu bir daha rəsmiləşib.
Qafqaz Universitetini Azərbaycanda Türkiyənin “Çağ Öyrətim işlətmələri” qrupu açıb. Sonradan – 2013-cü ildə universitetin təsisçiliyi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə keçib. Bu ictimai birliyin əsas təsisçisi Dövlət Neft Şirkətidir.
Beynəlxalq Təhsil Mərkəzi 2016-cı il iyulun 20-də keçirilən iclasında Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməsi barədə qərar qəbul edib. O zaman universitetin rektoru türkiyəli professor Əhməd Saniç idi. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bir müddət Qafqaz Universitetinə də rəhbərlik edib. Sonradan rektor vəzifəsinə Havar Məmmədov gətirilib.
2017-ci il yanvarın 18-də universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza Modern.az-a açıqlamasında deyib ki, Təsisçilər Şurası maliyyə vəziyyətini nəzərə alaraq ali təhsil ocağının ləğvinə qərar verib. Onun sözlərinə görə, universitetin taleyi ilə əlaqədar yekun qərarı Təhsil Nazirliyi verəcək: “Qafqaz Universitetinin yerində yeni statusda universitetin yaranması, yaxud tələbələrin başqa universitetlərə köçürülməsi mümkündür”.