25 ildir Moskva Bakıya cavab vermir

231 0

Rusiya Federasiyasının hüquq mühafizə orqanları 20 Yanvar faciəsi ilə bağlı başlanan cinayət işi ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunun sorğusunu indiyə qədər cavablandırmayıb. Bunu AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Eldar Sultanov qeyd edib ki, 20 Yanvar faciəsi ilə bağlı cinayət işi SSRİ-nin Baş Prokurorluğunda başlandığından 68 cildlik işin materialları Moskvaya aparılıb: “Həmin materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna qaytarılması üçün sorğular və təqsirləndirilən şəxslərin tutulub istintaqa təhvil verilməsi üçün qanunla müəyyən edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq mühafizə orqanlarına təqdim olunub. Lakin həmin sorğulara indiyədək müsbət cavab verilməyib.

İstintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan vurulub”.

1990-cı il yanvarın 20-də sovet ordusu milli azadlıq hərəkatını yatırtmaq üçün Bakıda kütləvi qırğın törədib. 20 Yanvar faciəsi ilə bağlı ilkin araşdırmaları SSRİ Baş Prokurorluğu aparıb. Baş vermiş hadisələrlə əlaqədar hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəlinərək 20 dekabr 1990-cı il qərarla cinayət işinin icraatına xitam verilib. Azərbaycan Respublikasının Baş Prokurorluğu 1992-ci il fevralın 14-də xitam qərarını ləğv edərək həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4-cü və 6-cı bəndləri (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə, 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) və 255-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id