Xalid Kazımlı
İctimaiyyət arasında belə bir rəy var ki, Türkiyənin indiki rəhbərliyi prezidentlik üsul-idarəsinə keçmək fikrinə Azərbaycanın idarə olunmasını gördükdən sonra düşüb.
Ağlabatan versiyaya oxşayır. Aradakı bu qədər gediş-gəlişlər, vaxtaşırı məsləhətləşmələr, “bir millət-iki dövlət” ritorikasının kütləviləşməsi bu iki dövlətin xalqını olduğu kimi siyasi sistemini də yaxınlaşdırmalıydı.
Əslində biz bu yaxınlaşmanın əks istiqamətdə olacağını, Azərbaycanın Türkiyəyə yaxınlaşacağını, prezident idarə üsulundan parlamentli respublika sisteminə keçəcəyimizi gözləyirdik.
Uzun illər əvvəl belə bir ideya vardı, mətbuatda müzakirə olunurdu. Hesab edilirdi ki, demokratiyanın bərqərarı parlamentin hegemon olduğu, hökumətin parlamentlərdə formalaşdırıldığı ölkələrdə daha effektiv olur.
Təbii ki, buna qarşı olanlar da vardı. Onlar ölkəmizin müharibə şəraitində olduğunu, milli dövlətçiliyin yeni-yeni bərpa edildiyi vaxtlar Milli Məclisdə aparılan uzun-uzadı və mənasız müzakirələrin, siyasi münaqişələrin son nəticədə torpaq itkisinə gətirdiyini əsas götürərək dövləti bir adamın idarə etməsini daha məqbul sayırdılar.
Bu cür adamlar hakimiyyət bölgüsü deyilən institusional idarəetməni qəbul etmirdilər, indi də etmirlər. Onlara görə, icraedici orqan da, qanunverici hakimiyyət də, məhkəmə strukturları da – hamısı bir adama tabe olmalıdır.
1993-cü ildən bəri bizdə belədir. Dövlət tək əllə idarə olunur. Milli Məclisin deputatları da, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin üzvləri prezident sarayında seçilir və təyin edilir. Yəni heç bir hakimiyyət bölgüsü yoxdur.
Bu, demokratik prinsiplərə nə qədər zidd olsa da, dövlətin idarə olunmasını asanlaşdırır. Məsələn, bu halda Milli Məclisdə hökumətin fəaliyyətinə mane olacaq hər hansı bir müzakirə aparılmır, tələblər səslənmir. Adicə parlament hökumətdən hesabat tələb edəndə də, hər şeyin üstündən sükutla keçilir, uzağı bir-iki tənqidvari çıxışlar səslənir, iş bitir. Prezident Administrasiyasından, yaxud nazirliklərdən parlamentə göndərilmiş bütün layihələr istisnasız olaraq qəbul edilir, sadəcə, bəzən mətnə kosmetik və redaktə xarakterli düzəlişlər olunur.
Milli Məclisin bu cür notariat kontoru rolu oynaması istənilən prezidentə sərfəlidir. Eləcə də məhkəmə hakimiyyətinin sözəbaxan olması, müstəqil olmaması avtoritar idarəetmənin çörəyinə yağ sürtülməsi deməkdir.
Bu günə qədər Türkiyənin baş naziri və prezidenti olmuş siyasətçilərin əsas problemlərindən biri də öz siyasi rəqiblərini, onlara yerli-yersiz müqavimət göstərən siyasi qüvvələri dövlətin, qanunun gücü ilə sıxışdıra, susdura, zərərsizləşdirə bilməməsiydi. Prokurorluq sifariş əsasında kimisə cinayət məsuliyyətinə (və ya inzibati məsuliyyətə) cəlb etsə də, müstəqil məhkəmə hakimiyyəti dövlət ittihamnaməsini rədd edə, adama bəraət verə, azadlığa buraxa bilirdi.
Türkiyə prezident idarə üsuluna keçərsə, artıq üst məhkəmə instansiyalarının rəhbərləri və üzvlərini prezident təyin edəcək. Bu halda prezident həmin şəxsləri istədiyi vaxt vəzifədən götürmək, yerlərini dəyişmək imkanına da malik olacaq. Bu isə o deməkdir ki, məhkəmə hakimiyyəti öz müstəqilliyini itirəcək. Çünki heç bir hakimin ali saraydan gələn sifarişi icra etməmək kimi lüksü olmayacaq.
Türkiyədən ölkəmizə tez-tez gələn siyasətçilər, rəsmi şəxslər Azərbaycan parlamentində hər hansı bir problemin olmadığına diqqət yetirir, bunun idarəetmə üsulundan qaynaqlanan “rahatlıq” olduğunu qardaş ölkənin təcrübəsindən bilirdilər. İndi onlar eyni “rahatlığ”ı öz ölkələrində bərqərar etmək istəyirlər.
Bu sistem idarə edənlərə rahatlıq gətirə bilər, ancaq xalq kütlələri sifarişlə hökm çıxaran məhkəmələrin ədalətsizliyi ilə üzləşəndə haradan haraya endiyinin fərqində olacaq.
Parlamentdəki qalmaqallara öyrəşmiş, dövlətin bu cür, dartışmalarla, dava-dalaşlara idarə olunmasına vərdiş eləmiş Türkiyə ictimaiyyəti TBMM-dəki sükutu və bir partiyanın bitmək bilməyən hakimiyyətini görəndə parlamentli respublika dönəmi üçün xiffət yaşayacaq.
İndilikdə Türkiyə addım-addım o günlərə gedir.
P.S. 10-15 il öncə “biz Türkiyə kimi olmasaq da, Türkiyə bizim kimi olacaq” deyə zarafat edənlər haqlı çıxır.
“Yeni Müsavat” qəzeti,
10 yanvar 2017
Türkiyə təkadamlıq modelə keçsə…