Mərkəzi Bank 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanat yayıb. Sənəddə qeyd olunur ki, Mərkəzi Bank hökumətlə sıx koordinasiya şəraitində sərəncamındakı monetar alətlərdən istifadə edərək Maliyyə Sabitliyi Şurasında razılaşdırılmış pul proqramını icra etməklə inflyasiya risklərinə çevik reaksiya verəcək: “Pul siyasəti qərarlarının inflyasiyaya təsirinin müəyyən zaman intervalı tələb etdiyini nəzərə alaraq Mərkəzi Bank fəaliyyətini qabaqlayıcı rejimdə həyata keçirməyə çalışacaq. 2017-ci ildə də inflyasiyanın məqbul səviyyədə saxlanması üçün pul təklifi razılaşdırılmış pul proqramı çərçivəsində məqsədyönlü şəkildə tənzimlənəcək”.
Novator.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, pul proqramı pul təklifi kanallarının effektiv nəzarətə götürülməsini təmin edəcək: “Mərkəzi Bankda əlaqədar iqtisadi orqanların dəstəyi ilə yaradılacaq likvidliyin monitorinqi və qısamüddətli proqnozlaşdırılması sistemi pul bazasının məqsədyönlü idarə edilməsində mühüm rol oynayacaq.
Tədiyyə balansı tarazlaşma prosesində olarkən (üzən məzənnə bu prosesi dəstəkləyir) inflyasiyanın effektiv idarə olunması ilk növbədə sərt pul siyasətini tələb edir. Təcrübə göstərir ki, inflyasiya riskləri şəraitində iqtisadi artımın pul siyasəti vasitəsilə stimullaşdırılması effektli deyil. Bunu nəzərə alaraq Mərkəzi Bank 2017-ci ildə pul təklifi kanallarını müvafiq pul proqramı vasitəsilə əhəmiyyətli məhdudlaşdıracaq və sərt pul siyasətini həyata keçirəcək.
2017-ci ildə də Mərkəzi Bank özünün likvidlik əməliyyatlarını pul təklifi üzrə razılaşdırılmış hədəf çərçivəsində reallaşdıracaq. Monetar islahatlar və üzən məzənnəyə keçid şəraitində pul bazası monetar siyasətin lövbərini təşkil edəcək.
Mərkəzi Bank pul siyasətinin effektiv strateji çərçivəsi olan inflyasiyanın birbaşa hədəflənməsi rejiminin tətbiqinə hazırlıq istiqamətində səylərini davam etdirəcək. Bunun üçün Mərkəzi Bank çevik məzənnə rejiminin tətbiqini davam etdirəcək, pul bazasının pul siyasətinin etibarlı “bələdçisinə” çevrilməsini təmin edəcək, analitik və proqnozlaşdırma potensialı gücləndirəcək, habelə kommunikasiya və hesabatlığı təkmilləşdirəcək.
Eyni zamanda maliyyə və kapital bazarı inkişaf etdikcə faiz dərəcələrinin Mərkəzi Bankın pul siyasətinin yeni lövbərinə çevrilməsi imkanlarına da baxılacaq. İnflyasiyanın hədəflənməsi rejiminə keçid şərtlərinin reallaşdırılması ilə yanaşı pul siyasəti dizaynında baş verən qlobal dəyişikliklər, mərkəzi bankların hədəf perimetrinin və alət arsenalının genişləndirilməsi ilə bağlı son meyllər daim izlənəcək və bundan asılı olaraq pul siyasətinə zəruri dəyişikliklər ediləcək”.
Bəyanatda bildirilir ki, Mərkəzi Bank 2017-ci ildə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə uyğun olaraq üzən məzənnə rejiminə tam keçid istiqamətində tədbirləri davam etdirəcək: “Üzən məzənnə rejimi iqtisadiyyatın mənfi xarici şoklardan etibarlı qorunmasını, tədiyyə balansının və iqtisadiyyatın çevik tarazlaşmasını təmin edir, habelə pul siyasətinin pul kütləsi və faiz dərəcələrinə təsir imkanlarını artırır. Eyni zamanda çevik məzənnə rejimi daxili maliyyə bazarının inkişafını təşviq edir, bir sıra yeni maliyyə alətlərindən istifadəni dəstəkləyir. Bundan başqa yeni məzənnə rejimi valyuta ehtiyatlarının qorunmasını təmin edir.
2017-ci ildə manatın məzənnəsinə başlıca olaraq valyuta bazarında tələb amilləri və onların idarə olunması, o cümlədən idxalın əvəzlənməsi prosesi təsir edəcək. Valyuta bazarında təklifin həcminə isə ixrac potensialının reallaşdırılması təsir göstərəcək.
Mərkəzi Bank üzən məzənnə rejiminə uyğun olaraq valyuta hərracları mexanizminin təkmilləşdirilməsini də diqqət mərkəzində saxlayacaq. Valyuta bazarında iştirak yalnız məzənnənin kəskin dəyişkənliyini məhdudlaşdırmaq məqsədi daşıyacaq. Valyuta bazarının inkişaf etdirilməsi, o cümlədən məzənnə risklərinin tənzimlənməsi alətlərinin inkişafının təşviqi 2017-ci ildə də davam etdiriləcək”.
Bəyanatda qeyd olunur ki, 2017-ci ildə cari əməliyyatlar hesabının vəziyyəti neftin qiymətindən, çevik məzənnə rejiminin və makroiqtisadi siyasətin təsirlərindən, idxalın azalması miqyasından, habelə qeyri-neft sektoru üzrə ixrac potensialının reallaşmasından asılı olaraq dəyişəcək: “Əlverişli məzənnə ilə yanaşı son vaxtlar hökumətin yerli istehsalın qorunması və ixracın stimullaşdırılması istiqamətində qəbul etdiyi qərarların cari əməliyyatlar hesabına müsbət təsir göstərəcəyi gözlənir. Lakin neftin dünya qiymətinin əhəmiyyətli yüksəlməyəcəyi təqdirdə cari hesabda kapitalın və maliyyənin hərəkəti hesabının kəsirini örtə biləcək qədər profisitin yaranması ehtimalı hələ ki, aşağıdır.
Tədiyyə balansının kapitalın və maliyyənin hərəkəti üzrə balansa isə dövlət sektorunun xarici borc ödənişləri ilə bağlı irihəcmli valyuta öhdəlikləri və strateji enerji layihələrinin maliyyələşdirilməsi təsir edəcək. Qeyd olunan amillərin təsiri altında tədiyyə balansında gözlənən irihəcmli kəsirin idarə edilməsi makroiqtisadi sabitliyə təsir edəcək. Bu məsələnin əhəmiyyətini nəzərə alaraq Maliyyə Sabitliyi Şurası tədiyyə balansında kəsirin azaldılmasına və maliyyələşdirilməsinə yönəlmiş kompleks tədbirlər nəzərdə tutur.
Taktiki tədbirlər əsasən kapitalın və maliyyənin hərəkəti hesabının tənzimlənməsi (xarici valyutada bir sıra öhdəliklərin məqsədyönlü tənzimlənməsi) vasitəsilə valyuta bazarında gərginlik yaradan amillərin neytrallaşdırılmasını nəzərdə tutur. Bu tədbirlər manatın məzənnəsinə olan təzyiqləri əhəmiyyətli neytrallaşdırmaqla makroiqtisadi risklərin (inflyasiya, maliyyə sabitliyi və s.) minimallaşdırılmasına yönəlib.
Valyuta rejimi ilə bağlı artıq qüvvəyə minmiş yeni qaydaların (qabaqcadan ödənişlər müqabilində malların ölkəyə gətirilməsi və xidmətlərin göstərilməsinə 180 günlük müddət tələbinin qoyulması, fiziki şəxslərin pul köçürmələrinə limitlərin tətbiqi və s.) tətbiqi də tədiyyə balansının tarazlaşmasına əlavə dəstək olacaq.
Strateji tədbirlər milli iqtisadiyyatda “rebalanslaşma” vasitəsilə (fiskal konsolidasiya, sərt pul siyasətinin davam etdirilməsi, pul təklifi kanallarının effektiv idarə edilməsi, ixrac yönümlü istehsalın stimullaşdırılmasına yönəlmiş struktur islahatları və s.) tədiyyə balansının fundamental tarazlaşmasına yönəlib.
Eyni zamanda sosial müdafiənin gücləndirilməsi istiqamətində də müvafiq tədbirlər (ünvanlı sosial dəstəyin həcminin artırılması və əhatəsinin genişləndirilməsi, məşğulluğun dəstəklənməsi) nəzərdə tutulur”.