2016-cı ildə Rusiya əhli televiziyaya az baxmağa, vaxtının çoxunu internetdə keçirməyə meyllənib. “Kommersant” qəzeti “Deloitte” audit şirkətinin hesabatına əsaslanaraq belə məlumat yayıb.
Novator.az xəbər verir ki, “Deloitte” ekspertlərinin hesablamalarına görə, bu il Rusiyada mediadan istifadə edənlərin sayı 6% (2015-ci ildə 8%) təşkil edib. Əhalinin üz tutduğu əsas mənbələr internet, elektron kitablar və video-oyunlar olub.
Ekspertlər hesab edir ki, ölkədə onlayn fəallıq smartfondan istifadə hesabına artıb. Mütəxəssislər smartfon sahiblərinin gün ərzində internetdə daha çox vaxt keçirdiyini, noutbuk və stasionar kompüterdən istifadəyə ayrılan vaxtın azaldığını qeyd edir.
2016-cı ildə Rusiyada televiziyadan istifadə 8% azalıb. Respondentlərin əsasən iş günləri televiziyaya daha az vaxt sərf etdikləri vurğulanır.
Audit şirkətinin araşdırması göstərir ki, Rusiya əhalisi informasiya mənbəyi kimi internetə daha çox etibar edir.
2016-cı ildə xəbər, təhlil portallarına və rəsmi saytlara inam 35%-ə düşüb (2015-ci ildə 40%). Televiziyaya inam 29%-dən 28%-ə enib.
Radioya inam ötən illə eyni səviyyədə qalıb: 2%. Qəzetlərə etibar həddi isə 2%-dən 3%-ə qədər artıb.