Dekabrın 28-i Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında iştirak edən prezident İlham Əliyevə bildirilib ki, qurum paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan 653 600 vətəndaşa xidmət göstərəcək.
85 əməkdaş və 20 könüllünün xidmət edəcəyi mərkəz akademik Həsən Əliyev küçəsində yaradılıb. Ümumi sahəsi 2800 kvadratmetr olan mərkəzdə “Azərişıq” və “Azərsu” ASC-lər, həmçinin “Azəriqaz” İstehsalat Birliyinin vətəndaşlara 45 növ xidmət göstərəcəyi qeyd olunub. Mərkəzdə bank və sığorta xidmətləri də təşkil edilib.
Prezidentə “ASAN ödəniş” sisteminin mobil tətbiqi barədə də məlumat verilib. Bu sistemlə istifadəçilər abonent kodlarını, bank hesablarını, protokol nömrələrini və digər ödəniş təyinatlarını tətbiqin yaddaşında saxlaya və bir toxunuşla ödəniş edə bilərlər. Mobil tətbiqdə nəzərdə tutulmuş avtomatlaşdırılmış ödənişlər imkanı vaxtı gəldiyində ödənişləri istifadəçilərin əvəzinə icra edərək bu barədə istifadəçini məlumatlandıracaq.
Qeyd olunub ki, “ASAN viza” portalı vasitəsilə elektron viza almaq istəyənlər ödəniş etdikdən sonra həmin şəxsin vizası 3 iş günündə elektron poçt ünvanına göndəriləcək.
Prezidentə hazırda Bakı şəhərində inşa edilən 2 və 3 saylı “ASAN kommunal” mərkəzləri barədə də məlumat verilib. Bildirilib ki, 2 saylı “ASAN kommunal” Mərkəzi Bakı dəmir yolu vağzalında, 3 saylı Mərkəz isə Ukrayna dairəsi yaxınlığında yerləşəcək.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev çıxışında deyib ki, “ASAN xidmət” öz fəaliyyətini genişləndirir: “ASAN xidmət”, o cümlədən “ASAN kommunal” mərkəzlərində ən yüksək xidmət göstərilir və göstəriləcək. Həm burada işləyənlər, həm də vətəndaşlar üçün yaxşı şərait yaradılıb. Bu, ölkəmizin müasirliyini, inkişafını göstərir, bizim siyasətimizi əks etdirir.
Bildiyiniz kimi, bu yaxınlarda mənim göstərişimlə kommunal tariflərin həcminə düzəlişlər edilib (Qaz və işıqda yeni güzəştlər). Bu da sırf sosial yanaşma idi. Çünki növbəti düzəlişdən sonra artıq vətəndaşların 75-80 faizi işıq və qaz pulunu köhnə tariflərlə ödəyəcək. Yəni bu o deməkdir ki, əhalimizin əksəriyyəti bu dəyişikliyi hiss etməyəcək, əksinə, görülmüş tədbirlər nəticəsində vətəndaşların sosial müdafiəsi gələn il daha da möhkəmlənəcək.
Bu, sosial ədalət prinsipidir. İmkanlı, varlı insanlar, böyük evlərə, villalara sahib olan vətəndaşlar daha çox ödəməlidirlər. Kiminsə imkanı azdır və ya məhduddur, yaxud da ki, orta təbəqənin nümayəndələridir, onlara dövlət daim güzəştlər edir. Hətta artırılmış tariflərin səviyyəsi qonşu ölkələrdə mövcud olan tariflərdən bir neçə dəfə aşağıdır. Buna baxmayaraq biz növbəti addımı ataraq sosial müdafiəni daha da gücləndirmişik.
“ASAN xidmət” təşəbbüsü də sosial xarakter daşıyır. Çünki bu, vətəndaşlara göstərilən xidmətdir. Vətəndaşlar bu xidmətdən istifadə edərək heç bir çətinlik çəkmirlər. Təsadüfi deyil ki, “ASAN xidmət”in bəyənilmə əmsalı təxminən 100 faizə yaxındır. Yəni bu, camaatın, insanların bu xidmətə verdikləri qiymətdir. Son bir neçə il ərzində 13 milyon müraciət olub. Həm “ASAN xidmət”in coğrafi əhatəsi genişlənir, həm də funksiyaları artır. Artıq bizim 11 mərkəzimiz var. Onlardan altısı bölgələrdə yerləşir. Gələn il Quba və Mingəçevir şəhərlərində iki yeni mərkəz açılacaq, Şəkidə və İmişlidə növbəti mərkəzlərin tikintisi başlanacaq.
“ASAN viza” fəaliyyət göstərir. Mənə verilən məlumata görə, artıq bu proses başlayır və əminəm ki, gələn il çox geniş vüsət alacaq. Bu da “ASAN”ın növbəti addımıdır. Beləliklə, “ASAN xidmət” öz fəaliyyətini genişləndirir. Mən bir neçə dəfə demişəm ki, “ASAN xidmət”də mövcud olan mədəniyyət, mədəni xidmət, qayda-qanun, nizam-intizam, şəffaflıq hər bir yerdə olmalıdır. Ona görə “ASAN xidmət” hər bir sahədə öz təsirini göstərməlidir və göstərir.
Əslində, bu sistemin yaradılması ictimai xidmətlər və ictimai münasibətlər sahəsində bir inqilab idi. Bu, özlüyündə böyük bir irəliləyiş, böyük bir yenilikdir. Ancaq “ASAN xidmət”in təsiri təkcə bundan ibarət deyil, bu mərkəzlərdə göstərilən xidmətlərlə məhdudlaşmır. “ASAN xidmət” vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür.
“ASAN viza”ya gəldikdə isə bunun yaradılması da əslində bir zərurət idi. Çünki biz çalışırıq ki, Azərbaycana daha çox turist gəlsin. Həm ölkəmizi tanısın, həm də ölkəmiz haqqında düzgün məlumat alsın. Eyni zamanda bu, ölkə iqtisadiyyatına da böyük töhfədir. Həm otellər, həm də ictimai yerlər işləyir, deməli, ölkəmizə valyuta gəlir. Ancaq dəfələrlə eşitmişdim ki, Azərbaycana gəlmək üçün viza almaq böyük problemdir. Çünki vizalarla bağlı vəziyyət bizi qane edə bilməzdi. Həm pozuntular kifayət qədər çox idi, həm əsassız tələblər irəli sürülürdü. Ümumiyyətlə, Azərbaycana gəlmək üçün insanlar gərək aylarla növbə tutaydılar, gedib başqa şəhərlərdə bizim səfirliklərdə, konsulluqlarda növbədə dayanaydılar, hələ onlara viza verilib-verilməyəcəyi bəlli deyildi. Ona görə bu məsələni birdəfəlik həll etmək üçün “ASAN viza” yaradıldı və indi istənilən vətəndaş üç gün ərzində Azərbaycana gələ bilər. Mənə verilən məlumata görə, bu il, – hətta “ASAN viza” hələ işə düşməmiş, – Azərbaycana gələn turistlərin sayı təxminən 10 faiz artıb. Bəzi ölkələr var ki, o ölkələrdən gələnlərin sayı 30-40 dəfə artıb. 2017-ci ildə bu proses daha da sürətlə gedəcək”.