“İndiyədək Azərbaycan və İsrail şirkətlərinin müdafiə avadanlığının alınması ilə bağlı imzaladığı müqavilələrin dəyəri 5 milyard dollara yaxındır”. Dekabrın 13-ü Bakıda Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimindən sonra baş nazir Benyamin Netanyahu ilə birgə brifinq keçirən prezident İlham Əliyev belə deyib.
Dövlət başçısı qeyd edib ki, iki ölkə bir çox sahələrdə əməkdaşlıq qurub: “Bu gün imzalanmış sənədlər əməkdaşlığımız üçün çox böyük potensialın olduğunu açıq-aydın göstərir. Sənədlərin hamısı çox vacibdir. Mən onların arasında ikitərəfli əməkdaşlığın çox səmərəli mexanizmi olan birgə iqtisadi komissiyanı yaratmağa imkan verəcək sənədin əhəmiyyətini vurğulamaq istərdim. Əminəm ki, bu, ticarət dövriyyəsini artırmağa və onu şaxələndirməyə kömək edəcək. Ticarət dövriyyəsi yaxşı səviyyədə olsa da, bu, əsasən Azərbaycandan İsrailə neft ixracına görədir. Biz bunu şaxələndirmək və artırmaq üçün işləməliyik.
Bu gün biz ikitərəfli əlaqələrimiz, regional inkişafla bağlı çox geniş spektrli məsələləri müzakirə etdik. Müzakirələr çox açıq, dostluq şəraitində keçdi. Bu müzakirələr bizə ikitərəfli əlaqələrimizi gücləndirməyə kömək edəcək.
Bizim kənd təsərrüfatı sahəsində əməkdaşlıqda çox yaxşı perspektivlərimiz var. Biz bunu cənab baş nazirlə müzakirə etdik. İsrail çox müasir texnologiyalara malikdir, biz onların bəzilərindən istifadə edirik, bəziləri ola bilsin ki, Azərbaycana bir müddət sonra gətiriləcək. Bu sahədə əməkdaşlıq üçün yaxşı perspektivlər var.
Turizm potensial inkişaf üçün əsas sahələrdən biridir. Əminəm ki, İsraillə Azərbaycan arasında birbaşa uçuşlar hər iki istiqamətdə turistlərin sayının artmasına kömək edəcək. Təhsil sahəsində əməkdaşlığın çox böyük potensialı var.
Biz həmçinin müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edirik və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir. İndiyədək Azərbaycan və İsrail şirkətlərinin müdafiə avadanlığının alınması ilə bağlı imzaladığı müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır. Bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib. Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq.
Biz xalqlarımız arasındakı əlaqələr barədə danışdıq. Bu, bizim ikitərəfli əməkdaşlığımızın mühüm hissəsidir. Çünki Azərbaycandakı yəhudilər və İsraildə əsasən Azərbaycandan olan yəhudilərdən ibarət Azərbaycan diasporu ikitərəfli əlaqələrimizin mühüm amilidir. Əsrlər boyu Azərbaycanda yəhudilərlə azərbaycanlılar sülh və dostluq şəraitində yaşayıblar və yaşamaqda davam edirlər. Azərbaycandakı yəhudi icması cəmiyyətimizin çox fəal hissəsidir. Onlar müasir Azərbaycanın inkişafına çox töhfələr verirlər. Xalqlarımız arasındakı sıx əlaqələr ikitərəfli əlaqələrimizdə çox mühüm amildir.
Yəhudilərlə azərbaycanlılar arasında əlaqələr hər zaman, tariximizin bütün dövrlərində çox yaxşı olub və yəhudilər əsrlərdir ki, Azərbaycanda yaşayırlar. Bu, onların evidir, onlar burada özlərini evlərindəki kimi hiss edirlər və ölkəmizi gücləndirmək üçün çox işlər görürlər. Bu, çar Rusiyası dövründə – Azərbaycan Rusiya imperiyasının tərkib hissəsi olanda da, Sovet İttifaqı dövründə də belə olub, indi də – 25 illik müstəqillik dövründə də belədir”.
AZƏRTAC-ın məlumatına görə, Benyamin Netanyahu deyib ki, iki ölkənin əməkdaşlıq etdiyi və əməkdaşlıq edə biləcəyi bir çox sahə var: “Aydındır ki, bizim energetika sahəsində möhkəm əlaqələrimiz var. Bu gün sadəcə Azərbaycanın İsraili təchiz etdiyi neftin satışı barədə yox, həm də təbii qazın ixracı üçün birgə müəssisələrimizdən istifadə haqqında danışırıq. Bu gün biz burada danışarkən İsrailin qaz idxalının Azərbaycandan Türkiyəyə inşası davam edən böyük boru xəttinə calaşdırılmasından söhbət edirik. Şübhəsiz, bu, hər iki ölkənin iqtisadiyyatını gücləndirə biləcək bir istiqamətdir. Düşünürəm ki, bu, daha böyük bir xidmət olacaq. Energetika bizim sıx şəkildə əməkdaşlıq etdiyimiz sahələrdən yalnız biridir.
Kənd təsərrüfatı, təhsil, informasiya texnologiyaları və istənilən digər sahədə birlikdə möcüzələr yarada biləcəyimizə inanırıq. Bu cür əməkdaşlığı alqışlayırıq. Çünki nəticə etibarilə malik olduğumuz ən böyük resurs budur. Bu, konseptual məhsul resursudur, bütün sənaye istiqamətlərini daha da səmərəli etmək bacarığıdır”.
Baş nazir qeyd edib ki, Azərbaycanda yəhudilərlə müsəlmanların birgə işləməsi tolerantlığın, qarşılıqlı hörmətin olmaması fonunda çox parlaq bir nümunədir: “İllər boyunca Azərbaycanda yəhudilərə qarşı göstərmiş olduğunuz qarşılıqlı hörmət, gözəl yanaşma bu əlaqələri, Azərbaycana olan rəğbətimizi və heyranlığımızı daha da gücləndirir. İsraildə Azərbaycandan olan 70 min yəhudi, “insan körpüsü” yaşayır. Dünya çoxlu dözülməzlik, çoxlu zülmət görür. Burada isə müsəlmanlarla yəhudilərin arasında əlaqələrin necə ola biləcəyinin, necə qurulmasının bir nümunəsi var”.