Tanınmış jurnalist İmdad Əlizadənin atası artıq 300 gündür ki, komadadır. Vaxtilə 54 gün erməni mühasirəsində qalmış müəllim, yazıçı-publisist Əli Əliyev bu il fevralın 14-də Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonuna həmkəndlisinin yas mərasiminə gedərkən ağır qəzaya düşüb. “Koroğlu” metro stansiyası yaxınlığında yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan 70 yaşlı Əli Əliyev artıq 10 aydır ki, komadadır.
Moderator.az saytına açıqlama verən jurnalist İmdad Əlizadə atasının səhhətində heç bir irəliləyişin olmadığını qeyd edib: “Bu gün 300-cü gündür… Hadisə fevralın 14-də olub, dekabrın 14-də 10 ay tamam olacaq. Ötən müddətdə vəziyyətdə bir dəyişiklik olmayıb. Nə atamın, nə də bizim durumumuz dəyişib. Atamın “Əlli dörd gün erməni mühasirəsində” kitabının ikinci xeyriyyə-satış aksiyasından 5 min manata yaxın pul toplandı. Həmin vəsaitin yarısını atamın hazırda müalicə olunduğu “Avrasiya” hospitalına ödədik. Qalan hissəsi də aksiyadan ötən müddət ərzində müalicə xərclərinə sərf olundu”.
İmdad Əlizadə vəziyyətin yenidən pis olduğunu, xəstəxanaya böyük məbləğdə borclarının yarandığını deyir: “İndi yenə də vəziyyət çox çətindir. Bütün imkanlar tükənib. Yenə xəstəxanaya böyük məbləğdə borcumuz yaranıb. Amma onu necə ödəyəcəyimizi bilmirik. “Avrasiya” özəl xəstəxanadır. Borcumuzu ödəməkdən başqa variantımız yoxdur. Birinci dəfə borc yarananda “Avrasiya” hospitalının rəhbərliyi bizə güzəşt elədi. Buna görə millət vəkili Qənirə Paşayevaya və xəstəxana rəhbərliyinə təşəkkür edirəm. Həmin güzəştin edilməsi Qənirə xanımın müraciətindən sonra mümkün oldu”.
Ən ağır məqam budur ki, belə çətin durumda jurnalist və ailəsi nə edəcəklərini bilmir: “Əvvəllər olduğu kimi indi də bizim yalnız iki variantımız var: ya pul tapmalıyıq, atamın xəstəxanada müalicəsi davam etməlidir və komadan ayılma ümidi yaşamalıdır, ya da evə aparıb, oturub ölümünü gözləməliyik. Atamı xəstəxanadan çıxarmaq onun həyatına böyük risk yaratmaq deməkdir. Çünki atam tibbi statusuna görə bu gün də reanimasiya xəstəsidir. Reanimasiyada müalicə olunan xəstənin evə aparılması isə çox böyük riskdir, xəstəni əllə ölümə doğru aparmaq deməkdir.
Bütün həkimlər deyirlər ki, atamı xəstəxanadan çıxarmaq təhlükəlidir. Bizim məskunlaşdığımız uşaq bağçasında olan çətin durum isə vəziyyətimizi daha da çıxılmaz edir. Çünki orada yataq xəstəsi olan insanı saxlamaq üçün heç bir şərait yoxdur. Bağçanın zirzəmisi suyla doludur, bütün otaqlar nəmişlik, rütübət içindədir”.
Elmin Nuri