Nazirlər Kabineti bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı normativ hüquqi aktları təsdiq edib. Qərar “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” prezident fərmanının icrasını təmin etmək məqsədi ilə verilib.
Nazirlər Kabineti fərmanda nəzərdə tutulmuş tikinti obyektlərinin istismar təyinatının siyahısını belə müəyyən edib: istehsal sahələri obyektləri; sosial təyinatlı obyektlər; inzibati obyektlər; ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələri obyektləri.
Novator.az xatırladır ki, prezident İlham Əliyev bəzi tikinti obyektlərinin istismarına icazə verilməsini sadələşdirən fərmanı mayın 19-da imzalayıb. Fərmana görə, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismar təyinatını Nazirlər Kabineti müəyyən edilən qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir:
– 2018-ci il yanvarın 1-dək tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında (müraciətə layihəçinin tikinti obyekti barəsində tərtib etdiyi memarlıq-planlaşdırma bölməsi əlavə edilir) Fövqəladə Hallar Nazirliyi tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlığı, möhkəmliyi və istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından 20 gün müddətində müayinə aparır və müayinənin nəticələri müsbət olduğu halda tikinti obyektinin sahibinə (sifarişçisinə) obyektin istismara hazırlığı barədə rəy verir;
– yerli icra hakimiyyəti orqanı aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında ona 5 gün müddətində həmin obyektin istismarına icazə verir və bu barədə Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.