Yaşıllıqların mühafizəsi və sürüşmə zonalarında təhlükəsizlik fərmanı imzalanıb
Azərbaycan prezidenti tikinti fəaliyyəti həyata keçirilərkən yaşıllıqların mühafizəsi və sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması sahəsində əlavə tədbirlərə fərman verib. Novator.az-ın məlumatına görə, dövlət başçısı Nazirlər Kabinetinə şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin mərkəzi olan qəsəbələrdə tikinti aparılması üçün yararlı olan torpaq sahələrini müəyyən etmək məqsədi ilə həmin şəhər və qəsəbələrin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələri kağız üzərində və elektron formada bir il müddətində təsdiq etməyi tapşırıb.
Dekabrın 1-də imzalanan fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Nazirlər Kabinetinin təsdiq etdiyi torpaq sürüşməsi olan ərazilərin elektron xəritələrini bir ay müddətində öz rəsmi internet səhifələrində yerləşdirməlidirlər.
Yerli icra hakimiyyəti orqanlarına torpaq sürüşməsi olan ərazilərin elektron xəritələrinin müvafiq şəhər və rayon inzibati ərazi vahidlərinə aid hissəsini bir ay müddətində öz rəsmi internet səhifələrində yerləşdirmək tapşırılıb.