Konstitusiya Məhkəməsinin Plenumu Nəsimi Rayon Məhkəməsinin İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair müraciətinə baxıb (Məcəllə).
Novator.az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsinin müraciətində göstərilib ki, “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti Nəsimi Rayon Məhkəməsinə şikayət verərək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və avtomobili idarə etmiş sürücünün müəyyən olunması üçün hadisənin yenidən araşdırılmasının təmin edilməsini istəyib.
Nəsimi Rayon Məhkəməsinin 3 fevral 2016-cı il qərarı ilə həmin şikayət onu belə hüququ olmayan hüquqi şəxs verdiyinə görə geri qaytarılıb. “A-Qroup Sığorta Şirkəti” ASC məhkəmənin həmin qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin 4 aprel 2016-cı il qərarı ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.
Nəsimi Rayon Məhkəməsində yenidən işə baxılarkən Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi vəsatət qaldıraraq İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin dairəsinin məhdud olub-olmaması və həmin maddədə nəzərdə tutulmayan şəxslərin inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququnun olub-olmaması məsələsinə aydınlıq gətirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsini xahiş edib. Nəsimi Rayon Məhkəməsi Baş Dövlət Yol Polisi İdarəsinin mövqeyi ilə razılaşaraq İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi barədə Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb.
Müraciət onunla əsaslandırılıb ki, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olan subyektlərin dairəsi barədə məhkəmələrdə müxtəlif yanaşmaların olması və fərqli məhkəmə aktlarının qəbul edilməsi məhkəmə təcrübəsinin formalaşmasına maneələr yaradır.
Konstitusiya Məhkəməsinin Plenumunun müraciətlə əlaqədar qeydində bildirilir ki, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə görə, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər: “İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ olan subyektlərin dairəsini göstərərkən faktiki olaraq inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını müəyyən etmiş olur. Bu subyektlərin dairəsi qanunvericilikdə dəqiq və məhdud müəyyən edilib. Lakin bu, inzibati xətalar haqqında işlər üzrə icraat prosesində subyektlərin öz hüquq və azadlıqlarını, habelə səlahiyyətlərinin icrası ilə əlaqədar qanuni maraqlarını müdafiə etmək imkanından məhrum edilməsinə əsas vermir”.
Konstitusiya Məhkəməsinin qərarına görə, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyi üçün geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər.