Təhsil Nazirliyi psixoloqlara qarşı: bu nə hoqqadır?
Şükran DƏDƏYEV
psixoloq
Təhsildə psixoloji xidmət nədir?
Psixoloji xidmət XIX əsrin sonlarında Avropada və Amerikada yaranmağa başlayıb. Elə yarandığı vaxtdan onun ən çox tətbiq olunduğu sahələrdən biri təhsildə psixoloji xidmətdir. Təhsildə psixoloji xidmət ilk dəfə 1898-ci ildə Amerikanın Detroyt şəhərindəki orta məktəbdə həyata keçirilib.
Təhsildə psixoloji xidmət uşaqların, şagirdlərin psixoloji, sosial-psixoloji və tədrislə bağlı davranış, mənimsəmə və intellektual inkişaf problemlərinin həllinə yönələn, xüsusi üstünlüklərə malik universal xidmət sahəsidir. Ümumilikdə bu xidmət əqli və fiziki baxımdan aktiv inkişaf edən uşaq şəxsiyyətinin sağlam və hərtərəfli formalaşması üçündür. Təhsildə psixoloji xidmət bağçalarda, məktəbəqədər hazırlıq və orta ümumtəhsil müəssisələrində, ümumiyyətlə bütün növ orta məktəblərdə yaradılır.
Məktəb psixoloqları öz işlərini xüsusi üsullarla (psixokorreksiya, psxiokonsultasiya, psixodiaqnostika, koqnitiv terapiya və sair) həyata keçirirlər. Psixoloji xidmət orta təhsil sistemində bütün təlim və tərbiyə prosesini əhatə edən universal psixoloji, pedaqoji-psixoloji və sosial-psixoloji fəaliyyət sahəsidir.
Təhsildə psixoloji xidmət həm də uşaqların əqli və fiziki inkişafının və sosial müdafiəsinin təmin olunması haqqında beynəlxalq və yerli qanunlara söykənir.
Azərbaycanda bütün orta ümumtəhsil müəssisələrində (uşaq bağçalarında, müxtəlif tipli məktəblərdə, internatlarda və s.) psixoloji xidmət var. “Təhsildə psixoloji xidmət haqqında” əsasnamə də hazırlanıb. Özəl orta ümumtəhsil məktəblərində xüsusi psixologiya kabinetləri və psixoloqlar qrupu fəaliyyət göstərir. Onlar həm də lazım olan təlimat və texniki vasitələrlə təchiz olunublar. Əsasən sadə vətəndaşların uşaqlarının oxuduğu dövlət orta ümumtəhsil müəssisələrində isə şagirdlərin sayından asılı olmayaraq yalnız bir psixoloq xidmət göstərir və o da heç bir təlimatla, proqramla və texniki vasitələrlə təchiz olunmur. Belə məktəblərdə psixoloqların çoxunun kabinetləri də yoxdur.
Psixoloji xidmətin əhəmiyyəti: müasir təhsildə inkişafın ana xətti
Təhsildə psixoloji xidmətin yüksək əhəmiyyətə malik olduğunu söyləməyə bəlkə də ehtiyac yoxdur. Uşaqlarımız gündən-günə artan nəhəng informasiya sistemi ilə və gərgin gündəlik fəaliyyətlə üz-üzədir. Psixoloji xidmət bunu nəzərə alaraq, uşaqların sağlamlığı və səmərəli təhsilləri üçün yaradılır. Uşaqlar bu xidmət vasitəsilə ehtiyac duyduqları ilkin və davamlı psixoloji yardımı əldə edir, psixoloji məsləhətlər alırlar. Psixoloq görürlər, onlarla söhbət edirlər, heç kəslə paylaşa bilmədikləri problemlərini onlara deyirlər. Bundan əlavə, şagirdlər tədrisdə üzləşdikləri çətinliklər, yaddaş və mənimsəmə problemləri haqqında psixoloqu məlumatlandırır və ondan lazımi yardım alırlar. Bütün bunlar uşaq və yeniyetmələr üçün çox vacibdir. Çünki uşaqlıq və yeniyetməlik dövründə insanda dünyanı dərk etmək, sosial münasibət qurmaq və tədrisdə uğur qazanmaq kimi məsələlərdə ciddi psixoloji problemlər olur. Müasir dövrdə psixoloji xidmət ümumilikdə uşaq şəxsiyyətinin sağlam, hərtərəfli intellektual inkişafında və formalaşmasında əvəzsiz əhəmiyyətə malikdir.
Psixoloji xidmət həm də şagirdlərə psixoloji xidmətdən yararlanmaq, psixoloqla söhbətləşmək və psixoloji məsləhət almaq təcrübəsi qazandırır. Bu təcrübə onların daima işinə yarayacaq. Unutmayaq ki, durmadan genişlənən və mürəkkəbləşən informasiya sistemi psixoloji problemləri artırmaqdadır.
Məktəb psixoloqu bütün şagirdlərlə, valideynlərlə, xüsusi hallarda pedaqoji heyətlə də işləyən “rəhbər işçi” sayılır. Şagirdlərin əqli-psixoloji sağlamlığına məsuliyyət daşıyır, nəticədə dərs ilinin sonunda onların sinifdən-sinfə keçirilməsini şəxsi işlərdə öz imzası ilə təsdiqləyir. Bundan əlavə, məktəb psixoloqları 1-ci sinfə qəbulla bağlı yaradılan psixoloji-tibbi-pedaqoji komissiyanın üzvüdür. Ona görə də, əksər məktəbdə psixoloqlar məktəb direktorlarının yaxın köməkçiləri kimi fəaliyyət göstərir.
Amerikada və Avropada məktəb psixoloqlarını həmin ölkələrin psixoloqlar assosiasiyaları və xüsusi tədqiqat mərkəzləri təlimatlarla, proqramlarla və lazım olan iş vəsaitləri ilə təmin edir. Bu ölkələrdə məktəb psixoloqları vacib, populyar ixtisas sahibi sayılır, onların 30-35%-nin doktorluq elmi dərəcəsi var və müəllimlərdən də yüksək əməkhaqqı alırlar. Azərbaycanda isə diaqnostik qiymətləndirmədən keçmiş məktəblərdə psixoloqlar müəllimlərdən, hətta orta ixtisas təhsilli (texnikum təhsilli) ibtidai sinif müəllimlərindən də iki dəfə az əməkhaqqı alırlar.
20 ildən çoxdur müstəqilliyə çıxmış keçmiş sovet respublikalarında psixoloji xidmətlərə xüsusi diqqət yetirilir. Rusiyanın Təhsil və Elm Nazirliyində 1995-ci ildən psixoloji xidmət şöbəsi fəaliyyət göstərir. Azərbaycanın Təhsil Nazirliyində isə hələ də belə bir şöbə yoxdur. Bu vacib məsələ bizdə niyə yaddan çıxıb? Halbuki son dövrlər ölkəmizdə əhalinin psixoloji sağlamlığı istiqamətində müsbət addımlar atılır. Milli Məclisdə “Psixoloji yardım haqqında” qanun layihəsi hazırlanıb. Layihə artıq parlamentin səhiyyə komitəsinin müzakirəsindən keçib və plenar iclasa tövsiyə olunub. Səhiyyə Nazirliyi 2016-cı ilin əvvəlindən səhiyyə müəssisələrində “klinik psixoloq” ştatları açıb. Psixoloq hazırlayan dövlət və özəl ali təhsil müəssisələrinin sayı artır…
Təhsil Nazirliyi psixoloji xidməti niyə inkişaf etdirmir?
Çoxlu müraciətə və irada baxmayaraq Təhsil Nazirliyi bu sahədə heç bir irəliləyişə nail olmayıb. Səbəblər isə məlum deyil, anlaşılmazdır və müəmmalıdır. Nəticədə şagirdlərin az hissəsini əhatə edən proqramlar, layihələr həyata keçirilir, onlara milyonlar sərf olunur. Bütün ailələri, hamımızı narahat edən, bütün şagirdlərin sağlamlığını, səmərəli təhsilini və intellektual inkişafını əhatə edən psixoloji xidmət isə qıraqda qalıb.
2013-cü ildən təhsildə psixoloji xidmətə və məktəb psixoloqlarına qarşı anlaşılmaz və ədalətsiz yanaşma formalaşıb. Həmin ilin yayında heç bir xəbərdarlıq edilmədən və qanuni səbəb göstərilmədən məktəb psixoloqlarının əməkhaqqı dərəcəsi aşağı salınaraq 12-yə endirilib. Hələ bu, başlanğıc imiş.
Sonralar Təhsil Nazirliyi diaqnostik qiymətləndirmədən keçmiş məktəblərdə psixoloqların əməkhaqqını müəllimlərin əməkhaqqından iki dəfə aşağı salıb, beləliklə, psixoloqların fəaliyyətini, psixoloji xidmət sahəsində uzun illər və böyük zəhmət hesabına görülmüş işlərin inkişafını əngəlləyib. Məktəb laborantlarını müsabiqə yolu ilə, zəruri ixtisas sahibləri olan ali təhsilli məktəb psixoloqlarını isə müsabiqəsiz, texniki işçi kimi işə qəbul etməklə Təhsil Nazirliyi psixoloji xidmət sahəsində baza təhsilli professional kadrların işləməsinin qarşısını alıb. Belə vəziyyətdə texniki işçi səviyyəsinə düşən, ixtisasını isə yalnız ali təhsillə əldə edən məktəb psixoloqu necə aktiv və vicdanlı fəaliyyət göstərə bilər?! Şübhəsiz, bu, müasir təhsil sistemində normal olmayan gülünc vəziyyətdir.
Psixoloji xidmət inkişaf edəndə digər təhsil layihələrinin də inkişafına şərait yaranır. Məsələn, inklüziv təhsili hamımız alqışlayırıq, amma onu da bilmək lazımdır ki, psixoloji xidməti inkişaf etdirmədən loqopedik (defektoloji) xidməti formalaşdırmaq, əqli və fiziki məhdudiyyətli uşaqlara normal təhsil vermək mümkün deyil. Çünki bu tipli şagirdlərin, uşaqların həm də psixoloji problemləri olur və onlara daimi psixoloq nəzarəti gərəkdir. Loqopedik və əqli problemlərin əksərinin kökündə elə psixoloji və psixonevroloji problemlər durur.
Psixoloji xidmət bütün şagirdləri əhatə edən, tədrisin, tərbiyənin səmərəliliyinə, şagirdlərin əqli və fiziki inkişafına yönələn ümumi xidmətdir, inklüziv təhsil isə çox az sayda şagirdi əhatə edən xüsusi xidmətdir. Artıq bu təhsili həyata keçirən defektoloq müəllimlər də psixoloqlardan iki dəfə çox əməkhaqqı alırlar. Təhsildə fundamental ümumi xidmətləri nəzərə almadan xüsusi xidmətlərin və layihələrin hesabına perspektivli nailiyyətlər əldə etmək mümkün deyil. Çünki təhsil sistemi yeni yaradılan biznes layihəsi və özəl şirkət deyil, fundamental sahədir.
2013-ildən hazırlanması vəd olunan təhsildə psixoloji xidmət haqqında yeni əsasnamədən heç bir xəbər yoxdur. Məktəb psixoloqları primitiv təlimatlarla və proqramlarla belə təchiz olunmurlar. Təhsildə psixoloji xidməti istiqamətləndirən müasir proqramlar, şagirdlərlə psixoloji işlərin reallaşdırılması barədə təlimatlar hazırlanmır, pedaqoji-psixoloji layihələr və tədbirlər həyata keçirilmir. Məktəb psixoloqlarının attestasiyası və diaqnostik qiymətləndirilməsi aparılmır.
Təhsil naziri müxtəlif tədbirlərdə, təhsilin inkişafı ilə bağlı çıxışlarında bir dəfə də olsun “təhsildə psixoloji xidmət”in adını tutmayıb. Çox qəribədir, müasir təhsilin perspektivinə əhəmiyyətli dərəcədə təsir edən, şagirdlərin sağlam davranışını, əqli və fiziki inkişafını tənzimləyən və xalqın gələcək sağlamlığını əsaslandıran psixoloji xidmət haqqında kim danışacaq, bu sahənin inkişafı ilə bağlı tapşırıqları kim verəcək?! Niyə müasir təhsildə inkişafın ana xətti sayılan psixoloji xidmət haqqında Təhsil Nazirliyində hamı susur?
Ümumiyyətlə, orta ümumtəhsil sistemimizdə xüsusi mənəvi dəyərləri əhatə edən pedaqoji-psixoloji işlər ürəkaçan səviyyədə deyil. Halbuki müasir siyasi-iqtisadi və hərbi şəraitdə milli-mənəvi və milli-psixoloji dəyərləndirmələr üçün pedaqoji-psixoloji işlərin aparılması, layihələrin həyata keçirilməsi vacibdir. Təhsil Nazirliyinin rəsmiləri də dəfələrlə qeyd edirlər ki, onlar dövlət başçısının tapşırığına əsasən təhsildə müasir fərdi xüsusiyyətlərə və dəyərlərə sahib olan yeni vətəndaş formalaşdırmaq istəyirlər. Şəxsiyyət problemini əsasən psixologiya elmi öyrənir, belə olan halda orta ümumtəhsil sistemində yeni dəyərlərə malik şəxsiyyətin formalaşmasında məktəb psixoloqundan əhəmiyyətli vəzifə ola bilərmi?
Son dövrlər mətbuatda orta təhsil məktəblərində psixoloqların yarıtmaz fəaliyyəti ilə bağlı fikirlər səsləndirilir və bəzi psixoloqların bu vəzifəni ixtisasdəyişmə nəticəsində tutmasına irad bildirilir. Bu fikirləri səsləndirən, əslində isə problemin mahiyyətindən xəbəri olmayan şəxslər guya psixoloji xidmət dərdi çəkirlər. Halbuki iradlar birbaşa bu sahəni idarə edən Təhsil Nazirliyinə ünvanlanmalıdır. Qaldı ki ixtisasdəyişməyə, bu proses təhsil sistemində qanuni haldır. Məsələn, rus dili müəllimlərinin əksəriyyəti məcburi və uğursuz şəkildə öz ixtisaslarını dəyişərək informatika “müəllimlərinə” çevriliblər və məktəb psixoloqlarından da iki dəfə çox əməkhaqqı alırlar. Psixoloji xidmətdə isə ixtisasdəyişmənin özü də vaxtilə psixoloq ştatlarının boş qalmamasına və bu sahənin inkişafına xidmət edib. Şübhəsiz, getdikcə orta ümumtəhsil məktəblərində baza təhsilli psixoloqların sayı artacaq və bu sahədə kadr potensialı yüksələcək. Amma bu iş mətbuatda məntiqsiz irad və mülahizələrlə inkişaf etdirilə bilməz. Bu işlə cavabdeh hökumət təşkilatı olan Təhsil Nazirliyi məşğul olmalı və sözügedən sahəni inkişaf etdirməlidir. Heç olmasa Rusiyada olduğu qədər.
“Azərbaycan müəllimi” qəzetində oxuyuruq: “Rusiya məktəblərində psixoloji təlimə və pedaqoji-psixoloji problemlərə diqqət gücləndirilib. Artıq ümumtəhsil məktəblərində işləyən bütün müəllimlər ali məktəbdə aldıqları ixtisasdan asılı olmayaraq icbari qaydada psixologiyanı yenidən öyrənməli olacaqlar. Məsələnin ciddiliyini nəzərə alaraq paytaxt Moskva və digər şəhərlərdə məktəb psixoloqlarının ixtisasının artırılması nəzərdə tutulub. Onlar orta ümumtəhsil məktəblərində psixologiya dərsləri də tədris edəcəklər” (28 fevral 2014, nömrə 8).
Müqayisəni Amerika və Avropa ilə aparmağa isə, məlum məsələdir ki, dəyməz. Amma öz təhsilimizi heç olmasa Rusiya və başqa MDB dövlətləri qədər inkişaf etdirməyə borcluyuq. Bütün dünyada təhsilin inkişafı psixoloji xidmətin inkişafı ilə paralel aparılır. Burada alternativ yoxdur. Varsa, qeyri-adekvat yoldur və təhsilin inkişafına məntiqsiz, perspektivsiz cəhddən savayı bir şey deyil.
Azərbaycanda bütün şagirdlərlə işləyən, şagird şəxsiyyətinin sağlam, hərtərəfli formalaşmasında, əqli və fiziki inkişafında mühüm rol oynayan, hər il 500, hətta 2000 nəfərədək şagirdi yoxlayıb şəxsi işlərində rəsmi imzası ilə onları sinifdən-sinfə keçirən, hər il yüzlərlə şagirdin birinci sinfə qəbulunda öz imzası ilə iştirak edən məktəb psixoloqu, ümumiyyətlə, təhsildə psixoloji xidmət sahəsi dövlət qayğısından və nəzarətindən kənarda qalıb, üstəlik, diaqnostik qiymətləndirmədən keçmiş məktəblərdə psixoloqlar müəllimdən, hətta “texnikum” təhsilli ibtidai sinif müəllimindən də iki dəfə az əməkhaqqı alır.
Artıq hər il Azərbaycanın bir çox ali təhsil müəssisəsində “Təhsildə sosial-psixoloji xidmət (TSPX)” üzrə ixtisaslaşan yüzlərlə gənc psixoloq diplom alaraq iş yeri axtarmağa başlayır. Təhsil Nazirliyi təhsil verdiyi bu gənc psixoloqların taleyi ilə maraqlanırmı? Onların hansı biri işləmək üçün psixoloji xidməti bərbad günə salınmış və maaşı az olan orta məktəbləri seçər? Nəticədə psixoloq ştatları boş qalır, uşaqlarımız dövlətin onlar üçün yaratdığı ilkin və davamlı psixoloji xidmətdən məhrum olur, onların psixoloji sağlamlığı daimi risk altına düşür, intiharların sayı artır, şübhəsiz, təhsildə də geriləyirlər.
Heç kim heç vaxt təhsilin inkişafına xidmət edən islahatlara qarşı çıxa bilməz. Amma islahat deyilən proses məntiqlə həyata keçirilməlidir. Bu prosesdə şagirdlərin təhsil alma, psixoloji xidmətdən yararlanma hüquqları, hər hansı bir təhsil işçisinin, o cümlədən məktəb psixoloqlarının, gənc psixoloqların vətəndaş və işçi hüquqları da pozulmamalıdır.