Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev AZƏRTAC-a müsahibə verib. O, prezident İlham Əliyevin 16 noyabr 2016-cı il fərmanı ilə təsdiqlənmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası”ndan danışıb:
– Prezident İlham Əliyevin fərmanı ilə mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər, habelə “Güzəştli mənzil” elektron sistemi vasitəsilə mənzillərin əldə olunması şərtləri və mexanizmi müəyyənləşdirilib. Qaydaya əsasən, “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılacaq və vətəndaşlara Mənzil İnşaatı Dövlət Agentliyinə ayrılmış torpaq sahələrində inşa olunacaq yaşayış binalarında mənzilləri güzəştli şərtlərlə əldə etmək imkanı təqdim olunacaq. Sistem 2017-ci il mayın 1-dən istifadəyə veriləcək.
“Güzəştli mənzil” sistemi agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin sərəncamında olan mənzilləri əldə etmək istəyən Azərbaycan Respublikası vətəndaşının elektron müraciətinin real vaxt rejimində vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını təmin edəcək. Satılacaq mənzillərin qiyməti həmin ərazidəki orta bazar qiymətindən aşağı olacaq. Eyni zamanda vətəndaşlar mənzilin dəyərini “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin güzəştli ipoteka krediti vasitəsilə də 3 ildən 30 ilədək müddət ərzində aylıq ödəmək imkanı əldə edəcəklər. Mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təhvil veriləcək.
Mənzilləri güzəştlə əldə etmək hüququ prezidentin 22 iyun 2016-cı il fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydası”da nəzərdə tutulmuş şəxslərə məxsusdur. Gənc ailənin üzvü olan bu şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:
– şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
– Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
– məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
– ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
– ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
– fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
– idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
Ailə vəziyyətindən asılı olmayaraq bu şəxslər də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:
– elmlər doktoru elmi dərəcəsi olan şəxs;
– ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;
– ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
– ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.
Qeyd olunan şəxslər “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edib qeydiyyatdan keçdikdən sonra mənzil seçimini həyata keçirə biləcəklər. “Güzəştli mənzil” elektron sistemi ikipilləli olacaq. İlk növbədə müraciət edən vətəndaşın təqdim edəcəyi məlumatlar əsasında təsdiq olunmuş kateqoriyaya aid olub-olmadığı yoxlanacaq. Müraciətə 5 iş günü ərzində baxılacaq və qeydiyyat haqqında qərar qəbul olunacaq.
Növbəti mərhələdə, satışa çıxarılan mənzillər haqqında elan dərc olunduqdan sonra sosial mənzil almaq hüququ olan və qeydiyyatdan keçmiş şəxs elektron sistem vasitəsilə mənzili ünvan əsasında otaq sayı və mərtəbə göstərilməklə seçərək əldə edə biləcək. Qaydaya əsasən, yalnız layihə üzrə tikinti işlərinin 30 və daha çox faizi yerinə yetirilmiş binaların mənzillərinin satışa çıxarılması barədə elan verilə bilər. Elan satışın başlanmasına ən azı 30 gün qalmış veriləcək.
Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi Bakı şəhərinin Yasamal rayonunda, xarici dairəvi avtomobil yolunun kənarında ayrılmış və sahəsi 11,6 hektar təşkil edən ərazidə həyata keçirilir. Yasamal Yaşayış Kompleksinin yerləşəcəyi ərazi üçün şəhərsalma əsaslandırılması sənədi hazırlanaraq təsdiq olunub, habelə tikintinin layihə-smeta sənədləri tərtib edilib. Hazırkı mərhələdə tikinti layihəsi müvafiq ekspertiza rəyinin alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Ekspertiza İdarəsinə təqdim edilib. Eyni zamanda əraziyə yeni avtomobil yolunun çəkilməsi və mövcud mühəndis-kommunikasiya xətlərinin köçürülməsi işləri həyata keçirilir.
“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası”na əsasən, mənzillər əldə olunduqda vətəndaşla müvafiq müqavilə imzalandığı gündən onun tam mülkiyyətinə veriləcək. Müvafiq müqavilədə mənzilin 3 il müddətində özgəninkiləşdirilməsinə, habelə icarəyə və kirayə verilməsinə məhdudiyyət nəzərdə tutulacaq. Güzəştli mənzil sahibləri əldə etdikləri əmlakı satmaq və ya icarəyə vermək hüququnu yalnız müəyyən olunmuş müddət bitdikdən sonra əldə edəcəklər.