Ermənistan prezidenti Serj Sərkisyan “Rossiya seqodnya” informasiya agentliyinin baş direktoru Dmitri Kiselyova “Sputnik Armeniya” üçün müsahibə verib. Novator.az-ın məlumatına görə, müsahibəsində Sərkisyan Ermənistanla Rusiyanın birgə ordu qrupu məsələsinə də toxunub.
Bu həftə Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ermənistanla birgə ordu qrupu yaratmasını nəzərdə tutan saziş bağlanmasına sərəncam verib. Rusiyanın dövlət başçısı Müdafiə və Xarici İşlər nazirliklərinə Ermənistanla bu yöndə müzakirə aparıb razılıq əldə etməyi tapşırıb.
Noyabrın 17-də yayılan müsahibəsində Sərkisyan deyib ki, birgə ordu qrupu yeni məsələ deyil, çoxdan yaranmış müttəfiqlik münasibətlərinin davamıdır: “Rusiya və Ermənistanın birgə hərbi qruplaşması 1990-cı illərin əvvəllərində yaradılıb. Onun komandanlığı var, qüvvə və vasitələri var”.
Sərkisyan Putinin yeni sərəncamının hərbi-texniki və hərbi-siyasi baxımdan önəmli olduğunu vurğulayıb, amma bu yöndə detallara toxunmaq istəmədiyini deyib.
“Ermənistanda yeni hərbi bazanın yaradılması ehtimalı varmı” sualını cavablandırarkən Serj Sərkisyan deyib: “Buna zərurət yoxdur. Çünki Gümrüdəki Rusiya hərbi bazası bütün imkanlara malikdir. Kiçik Ermənistan üçün bir hərbi baza kifayətdir. Ancaq həmin bazanı gücləndirmək gərəkdir”.
Ermənistanın Gümrü şəhərindəki Rusiya hərbi bazasının dislokasiya müddəti 2046-cı ilədək qüvvədədir.
Bu il avqustun 16-da Yerevana səfər edən Rusiya müdafiə naziri erməni həmkarı ilə görüşdə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib. Görüşdə iki ölkənin birləşmiş ordu qrupunu yaratmaq barədə razılaşmaya gəlinib, birləşmiş ordu qrupunun radiasiya, kimya sahəsində və bioloji sahədə iş birliyi sazişi imzalanıb.
Sentyabrın 21-i Ermənistan paytaxtı Yerevanın Azadlıq meydanında hərbi parad keçirilib. Dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş parada Ermənistan-Rusiya birləşmiş qoşun qrupunun komandanı general-mayor Andranik Makaryan rəhbərlik edib.