Dövlət Yol Polisi İdarəsi Azərbaycanda avtomobillərin nömrə nişanlarının kodlarını rayonlar üzrə müəyyən edib. Kodlar 01-dən başlayıb (Abşeron rayonu), 75-də bitir (Naxçıvan şəhəri). Rəsmi siyahıda kodu 12 olan Biləsuvar rayonundan sonra Cəbrayıl rayonu gəlir. Amma Cəbrayılın kodu 13 yox, 14-dür.
13 kodundan istifadə olunmaması nə ilə bağlıdır?
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Novator.az-a deyib ki, nömrə nişanlarının rayonlar üzrə kodlaşdırılması zamanı 13-dən yan keçilməsində məqsəd kütləvi imtinanın qarşısını almaqdır: “Bir rayona 13 kodu verilsə, sakinlər istər-istəməz bu kodu almalıdır, başqa seçim imkanları olmayacaq. İnanclı insanları nəzərə alaraq, məcburiyyət yaratmamaq üçün 13 kodlaşdırmaya daxil edilməyib. Başqa ölkələrdə də belə ənənə var. Bəzi yerlərdə 13 kodu əvəzinə 12a, 12b kimi də variantlardan istifadə olunur”.
Novator.az-a danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib ki, inanclarla bağlı belə hallara bir sıra başqa ölkələrdə də rast gəlinir: “Çində avtomobillərin nömrə nişanlarının kodlaşdırması zamanı 6-nı, İngiltərədə 3-ü qəbul etmirlər. Azərbaycanda 13-dən imtinanın səbəbi də xalqın inancından irəli gəlir”.
Avtomobil sahibləri bu cür inanclara nə qədər əhəmiyyət verirlər? Jurnalist Xalid Kazımlı Novator.az-a deyib ki, hansısa rəqəmə, nömrəyə fikir versə də, bu, inanclardan irəli gəlmir: “Avtomobilimin nömrəsi 065-lə bitir, təvəllüdümə, 1965-ci ilə işarə kimi xüsusi seçmişəm. Amma uğur gətirəcəyinə inandığım üçün yox, sadəcə, əlamətdar rəqəm olsun deyə belə seçim etmişəm. 13-ün, hətta 666-nın nəhs olduğuna inanmasam da, buna xüsusi önəm verən adamları başa düşməyə çalışıram. Məncə, bu, inanc məsələsi də deyil, mövhumatdır”.
Bir vaxtlar 13-13 nömrəli avtomobili olmuş Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov Novator.az-a deyib ki, bu seçimi mövhumatçılığa qarşı çıxmaq istəyindən irəli gəlib: “13 rəqəmini nəhs saymağın islam, Azərbaycan tarixi ilə heç bir əlaqəsi yoxdur, bu yanaşma xristian dünyasının inanclarına söykənir. Tarixən Qüds yaxınlığında buraya gələn insanları qorumaq məqsədilə düşərgə salan bir neçə cəngavəri tamplierlər adlandırıblar. Zaman keçdikcə onların nüfuzu bəzilərinin paxıllığına səbəb olub, tamplierlər həbs edilib, edama məhkum olunublar. Tamplierlərin dəhşətli ölümü ayın 13-ü, cümə gününə təsadüf etdiyindən xristianlar bu tarixi bəd gün kimi qələmə verirlər. 13-dən qorxu həmin tarixin fəsadlarındandır. Azərbaycanda avtomobillərə 13 kodunun verilməməsi məntiqsizlikdir, rəqəmi siyahıdan çıxarmaq düzgün deyil”.