Noyabrın 16-sı Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilib. Mərasimi Heydər Əliyev Fondu və AZƏRTAC birgə təşkil edib.
Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT-nin rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər.
AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev açılış mərasiminə qatılaraq nitq söyləyib. “Belə mühüm, qlobal miqyaslı tədbiri keçirməkdən qürur duyuruq” deyən prezident bildirib ki, tədbir iştirakçıları həm də Azərbaycanı tanımaq imkanı əldə ediblər: “Bu tədbiri medianın ölkəmizin nailiyyətlərinə verdiyi qiymət kimi qəbul edirik. Müstəqilliyimizin 25 ili göstərir ki, biz ölkədə mətbuat azadlığını, bir çox azadlıqları təmin etmişik”.
Prezident qeyd edib ki, Azərbaycanda ilk demokratik respublika 98 il əvvəl qurulub: “İlk demokratik respublika iki il yaşasa da, demokratik ənənələrin əsasını qoyub. Qadınlara seçib-seçilmək hüququ verilmişdi, o vaxt hələ bir çox Avropa ölkəsində belə hüquq yox idi. Bu gün isə Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir. Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Beynəlxalq birliyin əksər üzvü Azərbaycanı dəstəklədi. Bu, fəaliyyətimizə, məsuliyyətli, etibarlı tərəfdaş olmağımıza verilən dəstək idi. Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və bu siyasət milli maraqlara söykənir, heç kəsə qarşı yönəlməyib”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan İlham Əliyev Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu vurğulayaraq deyib ki, SSRİ dövründə Azərbaycanın muxtar vilayəti olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon işğal edilib, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğalçı erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması tələbi qoyulub. Ancaq Ermənistan bu tələblərə məhəl qoymur. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı mexanizmlərə baxılmalıdır. Bir çox hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçirilir, bəzi qətnamələrin icrası isə illərlə çəkir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Avropa strukturları da oxşar qərarlar qəbul ediblər. Lakin Ermənistan o sənədlərə də məhəl qoymur. İşğal olunmuş ərazilərdə məscidlər, abidələr dağıdılıb. ATƏT-in göndərdiyi iki faktaraşdırıcı missiyanın hesabatları da bunu təsdiqləyib. Bakıda isə erməni kilsəsi mühafizə olunur.
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Çünki Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər dəyərlidir. Keçmiş sovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həlli prinsipi Dağlıq Qarabağ münaqişəsinə də tətbiq edilməlidir”.