“Şəffaflıq Azərbaycan” təşkilatı “Beynəlxalq Şəffaflıq” Korrupsiyaya Qarşı Qlobal Koalisiyanın hazırladığı 2016-cı il üçün Qlobal Korrupsiya Barometrini təqdim edib. Novator.az xəbər verir ki, barometr vətəndaşların korrupsiya haqqında rəy və təcrübələrini öyrənən sorğuya əsaslanır.
Azərbaycanda sorğu 2016-cı ilin aprel-avqust aylarında, 1510 nəfər arasında keçirilib.
Qlobal hesabata görə, Avropa və Mərkəzi Asiyada yerləşən 42 ölkə arasında Ermənistan, Bosniya və Herseqovina, Litva, Moldova, Rusiya, Serbiya və Ukrayna korrupsiya səviyyəsinin ən yuxarı hesab olunduğu ölkələrdir. Bu ölkələri öz vətəndaşları Qlobal Korrupsiya Barometri sorğusunda əsas suallar üzrə mənfi qiymətləndirib.
Sorğunun Azərbaycana aid hissəsinə gəlincə, respondentlərin 45%-i ölkədə korrupsiya səviyyəsinin tədricən azaldığını bildirib.
Sorğu iştirakçılarının 15%-i hökumətin korrupsiyaya qarşı səylərini mənfi, 24%-i müsbət qiymətləndirib. Respondentlərin 60%-i bu istiqamətdə suala cavab vermək üçün kifayət qədər məlumata malik olmadığını vurğulayıb.
Respondentlərin 21%-i inanır ki, dövlət sektorunda korrupsiya ciddi problemdir.
Sorğu iştirakçılarının 11%-i hesab edir ki, siyasətçilərin və vəzifəli şəxslərin hamısı, ya da çox hissəsi korrupsiyalaşıb. Respondentlərin təxminən yarısı bu məsələ ilə bağlı suala cavab verməyib.
Respondentlərin 21%-i polisi, 18%-i vergi və maliyyə orqanı əməkdaşlarını, 16%-i hakimləri, 14%-i yerli hakimiyyət orqanı əməkdaşlarını korrupsiyalaşmış hesab edir.
Sorğu iştirakçılarının 10%-i biznesin də korrupsiyalaşdığını düşünür.
Respondentlərin 43%-i hesab edir ki, varlı şəxslər kənardan hökumətin qərarlarına təsir edirlər.
Dövlət xidmətlərindən istifadə edən sorğu iştirakçılarının 38%-i rüşvət verdiyini deyib.
Sorğu zamanı respondentlərin 59%-i işsizliyi, 21%-i təhsili, 9%-i cinayəti, 8%-i ictimai səhiyyəni ölkənin qarşılaşdığı əsas problem kimi qeyd edib.