2016-cı ilin yanvar-sentyabr ayları ərzində 4441 səyyar vergi yoxlaması başa çatıb, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2 dəfə azdır. Vergiler.az-da yerləşdirilmiş yazıda bildirilir ki, Vergilər Nazirliyi kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və üç istiqamət (əmək müqavilələrinin bağlanması, aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması) istisna olmaqla əksər operativ nəzarət tədbirlərini dayandırıb.
Ötən ilin yanvar-sentyabr ayları ərzində 58 min 574 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 66 min 527 akt tərtib edildiyi halda 2016-cı ilin eyni dövründə 12 min 735 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 14 min 567 akt tərtib edilib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzarət tədbirləri nəticəsində tərtib edilmiş akt sayının 4,6 dəfə azalması deməkdir.
Operativ vergi nəzarəti tədbirləri zamanı cari ilin yanvar-sentyabr aylarında tətbiq edilmiş inzibati cərimə və maliyyə sanksiyalarının məbləği keçən ilin ilk doqquz ayına nisbətən 8,5 dəfə azalaraq cəmi 2,3 milyon manat olub.
2015-ci il noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. Bu dövr ərzində yalnız vergi yoxlamalarının, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanında müəyyən edilən yoxlamaların aparılmasına icazə verilir.