2 milyondan çox şəxs ABŞ-ın Change.org saytında Seçicilər Kollegiyasına müraciət ünvanlayıb. Novator.az-ın məlumatına görə, onlar kollegiya üzvlərini Hillari Klintona səs verməyə çağırır.
ABŞ-da prezident seçkisinin ilk mərhələsinə bu həftə yekun vurulub. Noyabrın 8-də keçirilmiş ümumxalq səsverməsində Respublikaçılar Partiyasının namizədi Donald Tramp 538 nəfərlik Seçicilər Kollegiyasına 290 nümayəndə qazanıb və Demokratlar Partiyasından rəqibi Hillari Klintonu udub. Prezident seçilmək üçün 270 səs bəs edir.
Dövlət başçısını dekabrın 19-da Seçicilər Kollegiyası seçəcək, amma Donald Tramp artıq qalib sayılır. Seçicilər Kollegiyası ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarətdir. Hər ştatın ABŞ Konqresində təmsilçilərinin sayı qədər nümayəndə seçmək hüququ var. 8 noyabr seçkisində Donald Tramp daha çox ştatda qalib olduğu üçün Seçicilər Kollegiyasına Hillari Klintondan çox nümayəndə göndərib.
Change.org saytındakı müraciətdə qeyd olunur ki, amerikalıların çoxu seçkidə Hillari Klintona səs verib, amma seçki sisteminin özəlliklərinə görə Donald Tramp prezident seçilmiş sayılır. Müraciət müəlliflərinin fikrincə, Donald Tramp prezident postuna uyğun deyil, onun tam təcrübəsizliyi, emosionallığı, yalançılığı və başqa mənfi keyfiyyətləri ölkə üçün təhlükəlidir: “Klinton xalq səsverməsini udub və prezident olmalıdır. Bizim antidemokratik institutdan (Seçicilər Kollegiyası) demokratiyanın qələbəsi üçün istifadə etmək məqamıdır”.
Ümumxalq səsverməsində Klinton Trampdan 280 min çox səs toplayıb. ABŞ-ın tarixində bu, qalibin məğlubdan az səs topladığı beşinci seçkidir.