Nazir müavini: “İşsizlikdən sığorta sistemi yaradılacaq”
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli İnsan Resursları Forumunda çıxış edib. Foruma müxtəlif xarici və yerli şirkətlərin, beynəlxalq təşkilatların nümayəndələri qatılıb.
Nazirliyin rəsmi məlumatına görə, İsayev ölkə əhalisinin artımı fonunda 1990-cı illə müqayisədə əmək qabiliyyətli yaşda olan əhalinin sayının da əhəmiyyətli şəkildə artdığını qeyd edib: “Qeyd olunan dövrdə 15-64 yaş qrupunda olan əhalinin sayında 56% artım müşahidə olunub və əhalinin ümumi strukturunda 15-64 yaş qrupundan olanların payı 62,3%-dən 2016-cı ildə 71,3%-ə qədər artıb. Son 5 ildə isə ölkədə iqtisadi fəal əhalinin sayında 6,2%, məşğul əhalinin sayında 6,8%, muzdla işləyənlərin sayında 8,3% artım özünü göstərib. Əhalinin, xüsusilə də əmək qabiliyyətli əhalinin artımı məşğulluq sahəsində növbəti onilliklər ərzində əlavə tədbirlərin görülməsini tələb edəcək”.
İqtisadi struktur transformasiyasının ardınca məşğulluğun strukturunun dəyişdiyini qeyd edən İsayev bunun həm də insan resurslarının sektorlararası yenidən paylanmasının göstəricisi olduğunu diqqətə çatdırıb: “Dövlət sektoru işçilərinin payı 1995-ci ildəki 56%-dən 2015-ci ildə 25,2%-dək azalıb, qeyri-dövlət sektorunda çalışan işçilərin və fərdi sahibkarların payı isə artıb. 2015-ci ildə yeni iş yerlərinin 76%-ni fərdi sahibkarlar və özünüməşğul şəxslər yaradıb”.
Nazir müavini əlavə edib ki, tam, məhsuldar, sərbəst seçimli və layiqli məşğulluq istiqamətində edilən ən təqdirəlayiq dəyişikliklərdən biri gender bərabərliyi və imkanlar yaradan diversifikasiya olub: “Məşğulluq strukturunda qadınların iqtisadi fəallığının və payının artımı müşahidə olunub. Kişilər və qadınların iqtisadi fəaliyyəti arasında olan fərq (cinsə görə əmək qüvvəsində iştirak fərqi) 2003-cü ildə 4%-dən 2016-cı ildə 2,2%-ə enib. Hazırda iqtisadi fəal əhalinin tərkibində kişilərin payı 51,1%, qadınların payı isə 48,9% təşkil edir”.
İsayev nəzərə çatdırıb ki, Azərbaycan son 10 il ərzində işsizlik səviyyəsinin azalmasına müvəffəq olub: “2015-ci ilin sonunda Dövlət Statistika Komitəsi işsizliyin 5% (4,1% kişilər və 5,9% qadınlar arasında) olduğunu bildirib. Gənclər (15-24 yaş qrupu) arasında işsizlik 2000-ci ildəki 22%-dən 2015-ci ildə 13,4%-dək azalıb”.
Nazir müavini bildirib ki, işsizlikdən sığorta sistemi yaradılacaq, sistem sığorta olunan şəxslərin itirilmiş iş yerləri üzrə əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması kimi çıxış edəcək: “Bununla yanaşı həmin sistem genişmiqyaslı aktiv məşğulluq tədbirlərinin, sosial cəhətdən həssas əhali qrupları üçün məqsədli proqramların həyata keçirilməsinə, sosial müəssisələrin yaradılmasına imkan verəcək”.