Nazirlər Kabineti “Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formaları və qaydası”nı təsdiqləyib. Novator.az-ın məlumatına görə, sənəd meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formalarını və onların tətbiqi mexanizmini müəyyən edir.
Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə yerli büdcələrin, ətraf mühitin mühafizəsi üzrə fondların, tikinti layihələrinin ekologiya bölmələrinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri və qrantlar, beynəlxalq və yerli təşkilatların ayırmaları və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
İqtisadi həvəsləndirməni bələdiyyələr və istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları həyata keçirir. Həvəsləndirmənin hansı formasının tətbiqinin müəyyənləşdirilməsi üçün mütəxəssislərdən və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən ibarət komissiyalar yaradılır.
Yaşıllıqların (ağac və həmişəyaşıl kolların) salınması üzrə nəticələrin qiymətləndirilməsində ərazinin iqlimi, torpağın ekoloji vəziyyəti, bitmə zonalarına uyğun bioloji inkişaf normaları (faizləri), aqrotexniki xidmət, kənar müdaxilələrdən (mal-qaranın otarılması, kəsilmə və zədələnmə halları) mühafizə olunması vəziyyəti əsas götürülür. Bioloji inkişaf normalarının (faizlərinin) və mühafizəsinin qiymətləndirilməsi hər ilin sentyabr ayında həyata keçirilir və nəticələrindən asılı olaraq mükafatlandırılma aparılır.
Ağacların bitmə zonalarına uyğun olan bioloji inkişaf normaları əldə edən və mühafizəsi “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tələblərinə uyğun təşkil olunan ərazi üçün idarə, müəssisə və təşkilatlara fəxri diplom və minimum əməkhaqqının beş misli miqdarında birdəfəlik mükafat; birbaşa bu işə cəlb olunmuş işçilərə aylıq vəzifə maaşının iki misli miqdarında birdəfəlik mükafat; vətəndaşlara fəxri diplom və 800 (səkkiz yüz) manat məbləğində birdəfəlik mükafat nəzərdə tutulur.
Həmişəyaşıl kolların bitmə zonalarına uyğun olan bioloji inkişaf normaları əldə edən və mühafizəsi “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tələblərinə uyğun təşkil olunan ərazi üçün idarə, müəssisə və təşkilatlara fəxri diplom və minimum əməkhaqqının üç misli miqdarında birdəfəlik mükafat; birbaşa bu işə cəlb olunmuş işçilərə aylıq vəzifə maaşının bir misli miqdarında birdəfəlik mükafat; vətəndaşlara fəxri diplom və 400 (dörd yüz) manat məbləğində birdəfəlik mükafat verilir.
Bioloji inkişaf normalarını yerinə yetirən və 5 il müddətində ardıcıl olaraq həmin yaşıllıqlara aqrotexniki qulluq göstərilməsini, onların zədələnmədən və məhv olmaqdan, habelə xəstəlik və zərərvericilərdən mühafizəsini həyata keçirənlər fəxri diplom və 1500 (bir min beş yüz) manat məbləğində birdəfəlik mükafat alır.
Yaşıllıqların salınması, bərpası, genişləndirilməsi və mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə məqsədi ilə fiziki və hüquqi şəxslərə ilkin olaraq su təminatı yaradılır və onlar əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin edilirlər.