“Azəravtoyol” ASC Bakının mərkəzi yollarında ediləcək dəyişikliklər barədə məlumat yayıb. Qeyd olunur ki, paytaxtın Füzuli küçəsini genişləndirib Nərimanov prospekti ilə birləşdirəcək yeni prospekt salınacaq: “Hazırda Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası işlərinin davam etdirilməsi, habelə yeni yaşıllıq zolaqlarının yaradılması planlaşdırılır.
Yenidənqurma işləri zamanı avtonəqliyyat vasitələrinin hərəkətinin təşkilində mühüm dəyişikliklər nəzərdə tutulub. Füzuli meydanı ləğv edilərək mövcud park və Füzuli küçəsi Nərimanov prospektinə qədər uzadılaraq yeni prospekt yaradılacaq.
Avtonəqliyyat vasitələri Nərimanov prospekti və Səməd Vurğun küçələrinə çatmamış yaradılacaq geri dönmə hissələrindən istifadə edərək hərəkətlərinə davam edə biləcək. Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinədək yalnız sərnişin avtobuslarının hərəkəti üçün xüsusi zolaq ayrılacaq.
Dəyişikliklər Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairədə də olacaq. İnşaatçılar prospekti ilə Bakıxanov küçəsinə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri üçün Dövlət Statistika Komitəsinin qarşısındakı dairəyə giriş məhdudlaşdırılacaq və onların hərəkəti Nərimanov prospektinə yönəldiləcək. Avtonəqliyyat vasitələri prospektdə yeni yaradılacaq yol hissəsindən geri dönərək Abdulla Şaiq küçəsi ilə yenidən İnşaatçılar prospektinə çıxaraq həm geriyə, həm də düzünə hərəkət edə biləcək.
Nərimanov prospektində hərəkət birtərəfli olacaq. Əks istiqamət üzrə hərəkət isə Abdulla Şaiq küçəsi vasitəsilə təmin ediləcək. Həm Dövlət Statistika Komitəsinin qarşısındakı, həm də Nəriman Nərimanovun heykəlinin yerləşdiyi dairələrə çatmamış geri dönməni təmin etmək üçün yeni yol hissələri salınacaq”.
Məlumata əsasən, Füzuli meydanının ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması çərçivəsində “Azəravtoyol” ASC ümumi uzunluğu 6,1 kilometrə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçirir. İşlər Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev, Füzuli küçəsinin davamı və Nəriman Nərimanov prospektində aparılır.
Yenidənqurma çərçivəsində əvvəllər 5-8 metr enində olan küçələr 2-3 metr enində səkilər də nəzərə alınaraq 15-23 metrə qədər genişləndiriləcək.