2016-cı ilin yanvar-sentyabr aylarında ümumi dövlət xidmətlərinə 1 milyard 616 milyon manat xərclənib. Bu, büdcə vəsaitlərinin 17,3 faizinə bərabərdir.
2017-ci ilin dövlət büdcəsindən isə (Layihə) ümumi dövlət xidmətlərinə 2 milyard 997,7 milyon manat ayırmaq planlaşdırılır. Bu məbləğin 556,3 milyon manatı qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanmasına yönəldiləcək.
Novator.az bu baxımdan mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında neçə ştat olduğuna nəzər salıb.
Prezident Administrasiyasında 393 ştat vahidi var.
Xarici İşlər Nazirliyinin aparatında 418 ştat nəzərdə tutulub. Ədliyyə Nazirliyi aparatının işçilərinin say həddi 344 müəyyən edilib.
İqtisadiyyat Nazirliyi aparatında işçi sayına 384, Kənd Təsərrüfatı Nazirliyi aparatında 215 limit qoyulub.
Energetika Nazirliyinin aparatı 140 ştat vahidindən ibarətdir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı üçün 107, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı üçün 289 ştat ayrılıb.
Səhiyyə Nazirliyi aparatı işçilərinin say həddi 87-dir.
Mədəniyyət və Turizm Nazirliyinin aparatında 160, Gənclər və İdman Nazirliyi aparatında 110 ştat vahidi müəyyən edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparatının işçilərinin say həddi 85, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının işçilərinin say həddi 76 nəzərdə tutulub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatında işçilərin say həddi 135-dir.
Bəzi hökumət qurumlarının (Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və s.) aparatları ilə bağlı məlumat açıqlanmır.