Nazirlər Kabineti “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 14 mart 2016-cı il qərarında dəyişikliklər edib. Yenilik “Publik hüquqi şəxslər haqqında” qanunun tətbiqi barədə prezident fərmanının icrası ilə bağlıdır.
Novator.az-ın məlumatına görə, sənədin adı “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qərara dəyişdirilib. Yeniliyə əsasən, tibb müəssisəsi Vergilər Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra publik hüquqi şəxs statusu əldə edir, müstəqil balansa, istifadəsində olan dövlət və ya bələdiyyə əmlakına, xəzinə və bank hesablarına malikdir.
Prezidentin və Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla dövlət adından yaradılan müəssisənin nizamnaməsini və ona edilən dəyişiklikləri tabe olduğu orqanın təklifi əsasında Əmlak Məsələləri Dövlət Komitəsi təsdiq edir. Bələdiyyə adından yaradılan müəssisənin nizamnaməsinin və onda edilən dəyişikliklərin təsdiqi bələdiyyənin səlahiyyətindədir.
“Müəssisənin vəzifələri” bölümündə “pulsuz tibbi xidmət göstərmək” hissəsi “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla müəyyən edilmiş hallarda pulsuz tibbi xidmət göstərmək”lə əvəzlənib.
Nazirlər Kabinetinin yeni qərarına əsasən, dövlət adından yaradılan tibb müəssisələri əlavə olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
– tətbiqinə icazə verilməyən, lakin müəyyən edilmiş qaydada baxılmaqda olan diaqnostika və müalicə üsullarından, habelə dərman vasitələrindən Səhiyyə Nazirliyinin qərarı və pasiyentin yazılı razılığı ilə, eləcə də yetkinlik yaşına çatmayanların və fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin həyatı təhlükədə olduqda onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə istifadə etmək;
– qanunvericilikdə nəzərdə tutulmuş hallarda transplantasiya məqsədi ilə insan orqan və toxumalarını götürmək;
– ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədi ilə patoloji-anatomik yarma aparmaq.