“Fuad Əhmədlinin ağrıları var”. Bunu “Azadlıq” radiosuna AXCP-nin həbsdə olan gənc üzvü Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev bildirib.
Vəkilin sözlərinə görə, F.Əhmədli səhhətindəki problemləri nəzarətçilərin diqqətinə çatdırsa da, hələlik həkim müayinəsinə nail ola bilmir: “Baxmayaraq ki, dəfələrlə müraciət edilib, amma hələ də tibbi yardım göstərilmir”.
Ə.Mustafayev F.Əhmədli ilə bağlı daha bir problemin olduğunu deyib: “Fuad Əhmədliyə saxlandığı gündən, avqustun 18-dən ailəsi ilə görüş və ya telefon əlaqəsi yaratmaq imkanı verilmir. Bu isə birbaşa vətəndaşın hüququnun pozulması deməkdir”.
Vəkil bildirib ki, məsələ ilə bağlı istintaq orqanı qarşısında vəsatət də qaldırıb: “Əgər bu məsələ həllini tapmasa, məhkəməyə müraciət edəcəm. İstər Fuad Əhmədliyə tibbi yardım göstərilməməsini, istərsə də ailəsi ilə təmasa icazə verilməməsini əlavə psixoloji təzyiq sayıram”.
Fuad Əhmədli avqustun 18-də saxlanıb. Ona Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun avqustun 19-da yaydığı birgə məlumatda deyilir ki, “Azerfon” MMC-də “Zənglər mərkəzi”ndə operator vəzifəsində işləyən F.Əhmədli abunəçilərə aid fərdi məlumatları və antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb. İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, ABŞ-da yaşayan və Türkiyə hökumətinin dövlət çevrilişinə cəhddə günahlandırdığı ilahiyyatçı Fətullah Gülənin çıxışları olan vərəqələr, “Gülən camaatı” adlandırılan qrupun üzvləri, “Hizmət imamları” adlandırılan şəxslər və onların qarışılıqlı əlaqələrinə dair sənədlər götürülüb.
F.Əhmədlinin yaxınları evdə belə şeylərin olduğunu inkar edir, bunların axtarış zamanı evə qəsdən atıldığını bildirir.
AXCP də bəyan edib ki, F.Əhmədliyə irəli sürülən ittihamlar yalan və quramadır, məqsəd partiya və onun lideri Əli Kərimlini hədəf almaqdır.