
Gürcüstan müsəlmanları haqda tədqiqatın nəticəsi çap olunub
Türkiyədə “Gürcüstandakı müsəlman topluluqlar: azlıqların hüquqları, kimlik, siyasət” adlı kitab işıq üzü görüb. Novator.az xəbər verir ki, ötən həftə paytaxt Ankarada kitabın təqdimat mərasimi keçirilib.
Kitab Avrasiya Araşdırmalar Mərkəzinin bölgə mütəxəssisləri, Orta Doğu Texniki Universiteti, Karabük və Koç Universiteti tədqiqatçılarının birlikdə həyata keçirdiyi və bir ildən artıq davam edən layihənin nəticəsidir. Nəşrin redaktorları professor Ayşəgül Aydıngün, azərbaycanlı alim Əli Əsgər və Avrasiya Araşdırmalar Mərkəzinin əməkdaşı Aslan Yavuz Şirdir.
Layihənin həyata keçirildiyi müddətdə Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyədə araşdırmalar aparılıb, vəziyyət anket və müsahibələr vasitəsilə təhlil edilib. Azərbaycanda 17, Ermənistanda 15, Gürcüstanda 98, Türkiyədə 10, bütövlükdə 140 iri həcmli müsahibə götürülüb, toplanan məlumat və informasiyalar nəzəri və təcrübi baxımdan ümumiləşdirilib.
Layihə Sovet İttifaqı dağıldıqdan sonra Gürcüstanda və ümumiyyətlə Qafqaz regionunda müsəlmanlarla bağlı aparılmış mühüm tədqiqat işi kimi qiymətləndirilir.
Kitabın birinci bölümündə Ayşəgül Aydıngün yazır ki, gürcü ortodoks kilsəsi tarix boyu gürcülər üçün böyük əhəmiyyət daşıdığından gürcü olmaqla ortodoks olmaq bir-birinin ayrılmaz parçasıdır. İndi də aktual olan bu anlayış gürcü ortodoks kilsəsinin və xristianlığın gürcülər üçün sadəcə bir din deyil, eyni zamanda kimlik məsələsi olduğunu göstərir. Ortodoks xristianlığın gürcü kimliyi ilə yaxınlığı Borçalı türklərinin, Axısqa türklərinin, hətta mənşəcə gürcü olan müsəlman acarların gürcü kimliyindən təcrid edilməsinə gətirib çıxarır.
A.Aydıngün vurğulayır ki, Mixail Saakaşvilinin hakimiyyəti dövründə liberal-demokratik islahatlar aparılsa da, Gürcüstan etnik, dini, millətçilik xüsusiyyətlərindən hələ ayrılmayıb. Ölkə nə qədər Qərb modelinə yaxınlaşsa da, azlıqlarla bağlı problemlər həll olunmamış qalır, xüsusilə müsəlman azlıqlar fərdi və kollektiv hüquqlarından məhrum edilir, ortodoks və etnik gürcü olanlarla bərabər statusa malik deyillər.
“Gürcüstanda dövlətləşmə, kimlik inşası və müsəlman topluluqlar” adlı bölümdə ortodoks xristianlığın gürcü kimliyinin ayrılmaz parçasına çevrilməsi, islamın bölgədə yayılması tarixindən, müsəlmanların gürcü kimliyindən təcrid edilməsi səbəblərindən bəhs edilir.