Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin işi üzrə proses oktyabrın 10-da son sözlərlə davam edib.
İttiham aktına görə, 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyev digər şəxslərlə qabaqcadan əlbir olaraq mütəşəkkil qrup yaradıb və həmin qrupa rəhbərlik edib, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açıb və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verib. Qeyd olunur ki, Cahangir Hacıyev və cinayətin digər iştirakçıları Müşahidə Şurasının qərarı olmadan Beynəlxalq Bankın filiallarında bir çox fiziki şəxsin adına 47 milyon 144 min manat kredit pullarını rəsmiləşdirərək mənimsəyiblər, Beynəlxalq Banka ümumilikdə 211 milyon 597 min manat məbləğində ziyan vurublar.
Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyev və digər 7 şəxs (filial rəhbərləri olmuş Anar Sultanov, İlqar Abdullayev, Yusif Ələkbərov, Kənan Orucov, Məmməd Cahangirov, “İnter Security” MMC-nin sabiq direktoru İbrahim Hüseynov, Bakı Fındıq Emalı Zavodunun direktoru işləmiş Azad Cavadov) həbs edilib.
Sentyabrın 27-də dövlət ittihamçısı Cahangir Hacıyevə 17 il, Azad Cavadova 12 il 11 ay, Yusif Ələkbərova 11 il, İbrahim Hüseynova 11 il, İlqar Abdullayevə 8 il, Anar Sultanova 8 il, Məmməd Cahangirova 8 il, Kənan Orucova 7 il 6 ay 23 gün həbs cəzası istəyib.
APA-nın məlumatına görə, oktyabrın 10-da son söz deyən Cahangir Hacıyev bəraət istəyib: “İstintaq 1 il 5 aydır davam edir, amma mənimsəmə ilə bağlı heç bir fakt sübuta yetirilməyib. 2015-ci ilin aprel ayında bir zənglə istintaqa çağırılmışam. Həmin vaxt xaricdəydim, geri qayıtdım. Mənimsəmədə hansısa formada iştirakım və ya cinayətim olsaydı, qayıtmazdım. Mayın 2-də barəmdə cinayət işi açıldı, uzun müddət istintaqla əməkdaşlıq etdim. Dekabrda isə barəmdə həbs qərarı çıxarıldı, qanunsuz olaraq saxlandım. Cinayət işini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin aparması absurd idi. Çünki bu idarədə bank işini heç kim bilmir. Necə ola bilər ki, mənim köməkçim Emil Mustafayev şikayəti prokurorluğa deyil, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verib?
Mən Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrində böyük rol oynamışam. Məsələn, Rusiyanın böyük şirkəti olan “Qazprom”la saziş bağlamışam. Sonradan Maliyyə Nazirliyi bu işi pozdu, müqavilə ləğv olundu. Albaniyada olan zavodlar da Beynəlxalq Bankın sərmayələri idi, ancaq Maliyyə Nazirliyi bu işi də pozdu. Buna görə Azərbaycan 350 milyon dollar ziyan etdi”.
Cahangir Hacıyev qeyd edib ki, cinayət işi 21 cilddən ibarətdir, 38 nəfər təqsirləndirilənlərin əleyhinə ifadə verib, ekspertizalar keçirilib, amma ortada mənimsəmə ilə bağlı bir sübut yoxdur. Deyirlər ki, mütəşəkkil dəstəsiniz. Burada mənimlə ittiham olunan elə şəxslər var ki, onları mən bir, ya iki dəfə görmüşəm”.
Beynəlxalq Bankın sabiq rəhbəri çıxışında maliyyə naziri Samir Şərifovu ittiham edib: “Mənə qarşı haqsızlıqların səbəbkarı birbaşa maliyyə naziri Samir Şərifovdur. İttihamda qeyd olunan məbləğləri kimin mənimsəndiyi məlumdur. Bu iş niyə araşdırılmır? İş adamı Bülənt Kara niyə istintaqa çağırılmadı? Cinayətkarlar azadlıqdadır. İstintaqda Ramil Usubov, Zakir Qaralov və maliyyə nazirinin müavini Azər Bayramovla müzakirə aparılıb. Azər Bayramov qeyd edib ki, pulların hamısı kreditlərə yönəldilib. İstintaqda tələb etdim ki, bankın Audit Komitəsinin rəhbəri ifadə versin. Amma bu tələbimi də təmin etmədilər. Prokuror mənə 17 il həbs cəzası istədi. Mənə lap 117 il də verilsə, vecimə deyil. Amma yanımda mənim kimi günahsız olan şəxslərə də 11-14 il həbs cəzası istənilib. Bu, haqsızlıqdır.
Mən məhkəmədən xahiş edirəm ki, cinayət işi istintaqa qaytarılsın, bu işi aparan müstəntiq və prokurorlar barəsində xüsusi qərardad çıxarılsın, mənimsəmədə əli olan şəxslər həbs edilsin, bizə isə bəraət verilsin”.
Proses qeyri-müəyyən müddətə təxirə salınıb.