Newtimes.az saytı ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi haqqında dediyi fikirləri yayıb. Dövlət katibi Aspen İnstitutu və “Atlantic” nəşrinin təşkil etdiyi 2016-cı il Vaşinqton İdeyalar Forumunda “dondurulmuş münaqişə”lərə də toxunaraq Dağlıq Qarabağ münaqişəsi haqqında bunları deyib: “Müasir dünyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi bəzi dondurulmuş münaqişələr var ki, onların həll yolu görünmür, çünki liderlər buna hazır deyillər”.
Newtimes.az Con Kerrinin bu şərhinin təəccüb və eyni zamanda bir sıra suallar doğurduğunu yazır: “Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət əslində olduqca sadədir. Azərbaycan torpaqlarını artıq 25 ildir Ermənistan işğal edib. Azərbaycanın ərazi bütövlüyü pozulub. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Böyük dövlətlər münaqişənin beynəlxalq hüquqa uyğun həllini dəstəklədiklərini bəyan edirlər. Beynəlxalq hüquq isə birmənalı şəkildə Azərbaycanın tərəfindədir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO, Avropa İnsan Hüquqları Məhkəməsi və digər beynəlxalq təşkilatların qərar və qətnamələri var. O qətnamələrin əksəriyyətinə ABŞ özü də səs verib. Lakin bu qətnamələr hələ də icra olunmamış qalır.
Münaqişənin həlli üzrə vasitəçilik məsuliyyətini öz üzərinə götürmüş Minsk qrupunun həmsədrləri hansı məntiqli təklif irəli sürüblər ki, Azərbaycan onunla razılaşmayıb? Rəsmi Bakı hətta ən ağır məqamlarda belə öz konstruktivliyini nümayiş etdirib və sülh naminə danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib.
Bir anlığına fərz edək ki, Dağlıq Qarabağ mübahisəli ərazidir (əslində isə tarixi Azərbaycan torpaqlarıdır). Bəs işğal olunan 7 rayon? Həmin ərazilərə Ermənistanın heç bir iddiası ki yoxdur! 25 ildir Azərbaycan erməni qoşunlarının işğal olunmuş ətraf rayonlardan çıxarılmasına, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasına nail olmağa çalışır. Heç olmasa bu rayonların azad olunması üçün Azərbaycan 25 ildə nəyə hazır olmalı idi?
Kerrinin “liderlər hazır deyil” ifadəsi Ermənistanın tez-tez istifadə etdiyi “Azərbaycan kompromislərə hazır deyil, güzəştə getmək istəmir” leksikonuna çox bənzəyir. Ermənistanın nəzər-nöqtəsinə görə hazırlıq dərəcəsi Azərbaycanın Dağlıq Qarabağı bütünlüklə ona verməsi ilə ölçülür. Bəlkə Kerri də məhz elə bunu nəzərdə tutur? Kerrinin vurğuladığı “münaqişənin həll yollarının görünməməsi” fikri və Dağlıq Qarabağ münaqişəsini “dondurulmuş münaqişə” adlandırması da elə ermənilərin maraqlarına uyğundur. Əslində bu cür yanaşmalardan cürətlənən Ermənistan münaqişənin həllini mümkün olduğu qədər uzatmağa çalışır. Məhz belə qeyri-obyektiv, ədalətsiz yanaşmaların nəticəsidir ki, hazırda dünyada qaynar nöqtələrin sayı durmadan artır, bir sıra regionlarda əsl xaos hökm sürür”.