İlham Əliyev: “Bütün ölkələr ağır vəziyyətə düşə bilər”
Sentyabrın 29-da V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən prezident İlham Əliyev bildirib ki, hazırda dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir, qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Azərbaycanın dövlət başçısının fikrincə, beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər.
İlham Əliyev dünyada multikulturalizmə münasibətin birmənalı olmadığını da qeyd edib: “Bu gün əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində multikulturalizmlə bağlı fərqli, bədbin fikirlər səslənir. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıb, bəziləri, ümumiyyətlə, hesab edir ki, belə bir meyilə yol vermək olmaz, bu, zərərlidir. Bu, çox təhlükəli fikirlərdir, yanaşmalardır. Çünki, gəlin baxaq, multikulturalizmə alternativ nədir, varmı bu alternativ? Əlbəttə ki, var, amma necə alternativdir? Mən hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Bunlar çox təhlükəli meyillərdir. Biz tarixdə bir necə dəfə görmüşük ki, bu meyillərin güclənməsi hansı böyük fəlakətlərə yol açır. Ona görə, bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir. Burada birmənalı mövqe nümayiş etdirilməlidir. Biz öz növbəmizdə, öz fəaliyyətimizlə, səylərimizlə ölkəmizdə mövcud olan ab-havanı dünyaya təqdim edərək göstəririk ki, bu, mümkündür. Multikulturalizmin dünyada bir çox ünvanları var, onlardan biri Azərbaycandır. Biz bundan sonra da çalışacağıq ki, həm beynəlxalq aləmdə, həm ölkə daxilində, regionda bu müsbət meyilləri gücləndirək.
Əfsuslar olsun ki, dünyada təhlükələr artır. Biz birinci Bakı Beynəlxalq Humanitar Forumunu təşkil edəndə bu gün mövcud olan təhlükələr yox idi. Son bir neçə il ərzində dünyada – həm bizim bölgədə, Yaxın Şərqdə, Avropada, digər yerlərdə çox təhlükəli, narahatedici hadisələr baş verib və baş verir. Qanlı toqquşmalar, müharibələr, bəzi ölkələr tamamilə dağıdılıb, yüz minlərlə günahsız insan həlak olub, milyonlarla, on milyonlarla insan qaçqın-köçkün vəziyyətinə düşüb. Bu, öz növbəsində bundan əziyyət çəkən ölkələrdə radikalizm meyillərini gücləndirir. Həmçinin bu ölkələr dağılandan sonra, – mən Yaxın Şərqi nəzərdə tuturam, – insanlar öz canlarını qurtarmaq üçün Avropaya üz tutmağa başlamışlar. Onların Avropaya gəlişi də bəzi ölkələrdə çox böyük gərginlik yaratmışdır və miqrantlara qarşı çox alçaldıcı hərəkətlərə yol verilmişdir, eyni zamanda, antimiqrant meyillər güclənmişdir. Bu, Avropada radikal qüvvələrin xeyrinə işləyir. Bəzi Avropa ölkələrində son seçkilərə nəzər salsaq görərik ki, radikal qüvvələr daha böyük dəstək alır. Nəyə görə? Çünki onlar bu vəziyyətdən istifadə edərək daha böyük siyasi çəkiyə malik olurlar. Bu da Avropada radikallaşmaya yol açır. Bu, çox təhlükəli meyildir.
Biz indi sivilizasiyalararası dialoqdan danışırıq, ancaq reallıqda sivilizasiyalararası toqquşmanın ilk təzahürlərini görürük. Əgər bu meyillərin qarşısı alınmasa çox böyük fəlakətə gətirib çıxaracaq. Bütün ölkələr ağır vəziyyətə düşə bilər. Ona görə, indiki zamanda daha çox bu məsələlər gündəlikdə olmalıdır, müsbət meyillər üstünlük təşkil etməlidir. Bizi narahat edən məsələlər haqqında açıq danışmalıyıq. Bakı Forumunun məqsədi bundan ibarətdir. Misal üçün, islamofobiya bütün islam aləmini narahat edir, incidir. Çünki həm bəzi kütləvi informasiya vasitələri, həm də bəzi qeyri-hökumət təşkilatları, bəzi siyasətçilər qəsdən islam haqqında, dinimiz haqqında mənfi rəy formalaşdırırlar. İslamı terrorla eyniləşdirirlər. Halbuki terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir. Bəzi Avropa ölkələrinin rəhbərləri “stop islam” deyirlər. Bəziləri deyir ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlman miqrantları yox. Bu, nədir? Bu XXI əsrdə Avropada yenidənmi faşizmin baş qaldırmasıdır? Əfsuslar olsun ki, buna nə beynəlxalq təşkilatlar, nə ayrı-ayrı ölkələr reaksiya verir, sanki bu, belə də olmalıdır. Çox təhlükəli meyillərdir və biz mütləq bu barədə danışmalıyıq. Müsəlman aləmində gedən radikallaşma, radikal qüvvələrin daha da böyük dəstək qazanması da narahatedici amillərdir. Ona görə, hesab edirəm ki, biz bu məsələləri açıq şəkildə müzakirə etməliyik”.
Çıxışında dövlət başçısı Qarabağ problemindən də söz açıb: “İstəyirəm qonaqlar bilsinlər ki, bizim ölkəmiz və xalqımız özü böyük humanitar fəlakətlə üzləşmişdir. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizim tarixi əzəli torpağımız Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon Ermənistan tərəfindən işğal edilib, günahsız insanlar qətlə yetirilib, xalqımıza qarşı hərbi cinayət, Xocalı soyqırımı törədilib. Xocalı şəhərində soyqırımı nəticəsində 613 dinc insan qətlə yetirilib. Onlardan 106-sı qadın, 63-ü uşaqdır. Bütün bu erməni vəhşilikləri sənədləşdirilib, videomateriallar, fotomateriallar, şahidlərin ifadələri var. Artıq dünyanın on ölkəsi Xocalı soyqırımını soyqırımı kimi tanıyıb.
İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün şəhərlər yerlə-yeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb. Onlar qəbirlərimizin üstünə buldozer salmışlar, dağıtmışlar. Məscidlərimiz dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz o kilsəni bərpa etmişik. İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerlə-yeksan ediblər. Fərq bundan ibarətdir. Erməni faşizmi böyük fəlakət törədib və günahsız insanlar bu gün də erməni siyasətindən əziyyət çəkirlər.
Bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi birmənalı şəkildə dəstəkləyir. Xüsusilə dünyanın birinci və ən ali beynəlxalq qurumu olan BMT, onun Baş Məclisi dəfələrlə qətnamələr qəbul etmişdir. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və bu qətnamələrin icra edilməsi mexanizmi yoxdur. Bu da böyük ədalətsizlikdir. Biz bunu ikili standartlar siyasəti kimi qəbul edirik. Çünki bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri, – yaxın tarix bunu göstərir, – günlər ərzində, bəlkə də saatlar ərzində icra edilir və təcavüzkar cəzalandırılır. Bizə gəldikdə, bu qətnamələrin qəbul edilməsindən 20 ildən çox vaxt keçib və onlar icra edilmir. Bu qətnamələri qəbul edənlər onların icrasını tələb etmirlər.
Digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, ATƏT, yəni, bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi hissəsidir. Eyni zamanda, beynəlxalq hüquq baxımından da ayrılmaz hissəsidir. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Ölkəmizin ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən az əhəmiyyət kəsb etmir və beynəlxalq hüquq təmin edilməlidir”.
Prezident İlham Əliyev bildirib ki, Qarabağ probleminə baxmayaraq, Azərbaycan inkişaf edir, güclənir: “Gələn ay biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu 25 ilin əksər illəri inkişaf və tərəqqi illəri olmuşdur”.