Avropa Şurasının Nazirlər Komitəsi REAL Hərəkatının məhbus rəhbəri İlqar Məmmədovla bağlı yeni qətnamə qəbul edib. Qurumun 20-21 sentyabr toplantısında qəbul edilən qətnamədə siyasətçinin azad olunması istənir.
Azadliq.org-un məlumatına görə, qətnamə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) İlqar Məmmədovla bağlı qərarının icrası vəziyyəti ilə bağlıdır. Qeyd edilir ki, Avropa İnsan Hüquqları Konvensiyanın 46-cı maddəsi Avropa Şurası Nazirlər Komitəsinə AİHM-in qərarlarının icrasını izləmək hüququ verir. Sənəddə İlqar Məmmədovun hələ də həbsdə saxlanması qınanır, Azərbaycan hökumətinin Avropa Konvensiyasının 46.1-ci maddəsi ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyi vurğulanır.
Avropa Şurasının Nazirlər Komitəsi xatırladır ki, AİHM qərarlarının icrası hər bir üzv dövlətin öhdəliyidir.
Qətnamədə Azərbaycan hökumətinin İlqar Məmmədovun işi ilə bağlı qərarın icrasına səssiz qalmasından, Avropa Şurasının Nazirlər Komitəsinə heç bir bilgi verməməsindən ciddi narahatlıq ifadə edilir.
Sənəddə Ali Məhkəmənin İlqar Məmmədovun işi ilə bağlı daha qısa müddətdə araşdırma aparıb qərar verməsinin vacibliyi də vurğulanır.
İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.
2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, ona 22 min avro kompensasiya ödənilməsi tələbini qoyub.
2015-ci il oktyabrın 13-də Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov barəsindəki qərarını ləğv edib, iş həmin instansiyaya qaytarılıb.
Bu il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb, beləliklə, İlqar Məmmədov həbsdə qalıb. Həmin qərardan Ali Məhkəməyə şikayət olunub.
1970-ci ildə Bakıda doğulan İlqar Məmmədov Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Beynəlxalq Böhran Qrupunun Azərbaycanda təmsilçisi, Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru olub. 5 il Milli İstiqlal Partiyası sədrinin müavini postunu tutub. REAL Hərəkatını 2008-ci ildə yaradıb.