Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə müsahibəsində sentyabrın 26-da keçiriləcək konstitusiya referendumuna münasibət bildirib. Nazir deyib ki, referendum aktı layihəsində əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların əmək hüquqlarının təkmilləşdirilməsi ilə bağlı dəyişiklik də əksini tapıb: “Konstitusiyanın 36-cı maddəsində işçi vətəndaşların tətil hüququndan bəhs olunur. Referendum aktı layihəsində 3 hissədən ibarət həmin maddəyə 4-cü hissə əlavə edilib, həmin hissədə qanunla müəyyən edilmiş hallar istisna olmaqla lokautun qadağan edildiyi bildirilir.
Lokaut anlayışı Əmək Məcəlləsində mövcud olsa da, ilk dəfədir konstitusiyaya daxil edilir. Məcəlləyə görə, kollektiv əmək mübahisələri zamanı yerinə yetirilməsi işəgötürənin istehsal, iqtisadi, maliyyə imkanlarına uyğun olmayan kollektiv tələblərlə, hüquqlarını və mənafeyini pozmaq cəhdi ilə keçirilən qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədi ilə onun, yaxud mülkiyyətçinin müəssisənin fəaliyyətini müvəqqəti dayandırması barədə elan lokaut adlanır”.
Səlim Müslümov qeyd edib ki, Əmək Məcəlləsinin 284-cü maddəsində işəgötürənin hansı hallarda işçilərini, həmkarlar ittifaqları təşkilatını və müvafiq icra hakimiyyəti orqanını azı 10 gün qabaqcadan yazılı xəbərdar etməklə müəssisəni bağlayacağı barədə lokaut elan edə bilməsi göstərilir: “Bu hallar sırasına işəgötürənin qarşısında qoyulan kollektiv tələblərin yerinə yetirilməsi onun istehsal, iqtisadi, maliyyə və digər imkanlarına açıq-aşkar uyğun olmaması, qanunsuz elan olunmuş tətilin davam etdirilməsi, habelə işçiləri tətil keçirməyə onunla rəqabətdə olan işəgötürən (işəgötürənlər) və ya digər şəxslərin sövq etdiyi barədə təkzibolunmaz sübutlar, faktların olması daxildir. Məcəllə ilə həmin maddədə müəyyən edilmiş hallardan başqa qalan hallarda, habelə dövlət mülkiyyətində olan və ya mülkiyyətinin yarısından çoxunda dövlətin payı olan müəssisələrin işəgötürənin lokaut elan etməsi qadağan edilir.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla lokautun qadağan edilməsinin konstitusiyada təsbit olunması işçilərin birbaşa qanuni mənafeyinin müdafiəsinə xidmət edir. Yəni əgər işçilərin tətil etmək hüququ varsa, bu hüququn qarşısının alınması üçün işəgötürənin lokautdan istifadə etməklə, müəssisəni bağlayacağı elanı ilə işçilərinə təzyiq göstərməsi artıq konstitusion səviyyədə qadağan edilir. Yalnız qanunla müəyyən edilmiş hallarda bu mümkün ola bilər”.
Nazir lokautdan istifadənin məhdudlaşdırılmasının işçilərin rifahı ilə bağlı həssas yanaşmanın ifadəsi olduğunu vurğulayıb: “Bəzi hallarda işəgötürən heç bir ciddi qanuni səbəb olmadan müəssisəni müvəqqəti olaraq bağlamaqla işçilərini işsizliyə məruz qoyur, bu da onların rifahına, nəticə etibarilə ümumən sosial vəziyyətə mənfi təsir edir. Ona görə də lokaut məsələsi hansısa işəgötürənin şəxsi iradəsindən asılı ola bilməz və hansısa müəssisənin müvəqqəti olaraq bağlanması barədə elan yalnız ciddi səbəblərə əsaslanmalı, yalnız qanunla müəyyən edilmiş hallarda həyata keçirilməlidir”.