Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 24-də mitinq keçirməkdən imtina edib. Qurumun Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev “Azadlıq” radiosuna müsahibəsində bunu 17 sentyabr mitinqi ərəfəsindəki və sonrakı həbslərlə izah edib: “17 sentyabr mitinqindən öncə onlarla insanı tutmuşdular, daha sonra mitinq günü yolları, şəhərə girişi bağladılar, mitinqə gəlmək istəyən nə qədər insanı saxladılar. Razılaşdırılmış mitinq hansı sonluqla nəticələndi, bunu da hamı bilir. Polis özbaşınalıq etdi. Bir tərəfdən icazə verir, o biri tərəfdən əlində dəyənək saxlayır. Bu da ona gətirdi ki, sentyabrın 24-dəki mitinqi təxirə salaq”.
Milli Şura sentyabrın 11-i və 17-si, Müsavat Partiyası isə sentyabrın 18-i Bakıda, “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı stadionda razılaşdırılmış aksiya keçirib. Hər üç aksiyanın əsas şüarı sentyabrın 26-da ölkədə keçiriləcək referenduma etiraz olub.
Referenduma konstitusiya dəyişiklikləri layihəsi çıxarılıb. Dəyişikliklər prezident seçilmək üçün 35, baş nazir təyin edilmək, hakim olmaq üçün 30, deputat mandatı almaq, nazir postu tutmaq üçün 25 yaş şərtlərini aradan qaldırır, prezidentin səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq hüququ verilir.
Başqa bir yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.
Milli Şuranın 17 sentyabr mitinqi ərəfəsində və mitinqdən sonra həbslər aparılıb. 80-dən çox mitinq fəalının aksiyadan əvvəl təcrid olunduğu xəbər verilir. 17 sentyabr aksiyasında tutulan bir çox gənc fəala isə 8 sutka müddətinə inzibati həbs cəzası verilib.
Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli “Azadlıq” radiosuna deyib ki, qurumun sentyabrın 24-nə mitinq təyin etməklə bağlı siyasi qərarı olmayıb. Onun sözlərinə görə, hər ehtimala qarşı hələ 11 sentyabr mitinqindən öncə Bakı Şəhər İcra Hakimiyyətinə üç aksiya ilə bağlı müraciət göndəriblər, ancaq sonradan siyasi qərar olmadığı üçün sentyabrın 24-nə mitinq elanı verməyiblər.
Əli Kərimli əlavə edib ki, Milli Şura razılaşdırılmış və iştirakçıların sayının artdığı mitinqlər keçirmək istəyir: “17 sentyabr mitinqi göstərdi ki, razılaşdırılmış mitinq keçirmək imkanı yoxdur. Biz daha çox insanın, nisbətən daha ehtiyatlı insanların da qatılacağı mitinqlər keçirmək istəyirik. Bakı Şəhər İcra Hakimiyyəti ilə, beynəlxalq təşkilatlarla müzakirələr aparacağıq. Bu, yeni situasiyadır. Nə vaxt olub ki, razılaşdırılmış mitinqlə əlaqədar yüzlərlə adam həbs edilsin?”
Milli Şura 2013-cü ilin iyun ayında, prezident seçkisi ərəfəsində yaradılıb. Prezident seçkisində qurumun namizədi tarixçi alim Cəmil Həsənli olub.
Cəmil Həsənlinin sədrlik etdiyi qurumun aparıcı üzvləri Əli Kərimli, Vidadi Mirkamal, Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Gözəl Bayramlı, İbrahim İbrahimli və başqalarıdır.