Demokratik Qüvvələrin Milli Şurasının sentyabrın 17-də paytaxtda keçirdiyi mitinqdən sonra tutulan gənclər sentyabrın 19-u məhkəmə qarşısına çıxarılıblar.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə 12 nəfərə inzibati həbs verilib. Gənclərin hər biri 8 sutkalığa azadlıqdan məhrum edilib. Həbs olunanlar bunlardır: Toğrul İbrahim, Məcnun Pirəliyev, Ruslan Qarayev, Elton Əli, Ülfət Həsənqarayev, Nuru Nuruzadə, Kazım İmanov, Dəyanət Əliyev, Orxan Carçı, Şəmistan Şahverdiyev, Məmməd Baləmmədov və Araz Səməd.
Gənclər polisə müqavimət göstərməkdə təqsirli biliniblər.
17 sentyabr mitinqi Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə “İnşaatçılar” metro stansiyası yaxınlığındakı stadionda aksiya keçirilib. Aksiyada sentyabrın 26-da ölkədə keçiriləcək referenduma etiraz bildirilib.
Mitinq başa çatandan sonra onlarla aksiya iştirakçısı saxlanıb. Onların çoxu az sonra sərbəst buraxılıb. Sentyabrın daha bir gənc – Emin Maniyev sərbəst buraxılıb, o, 200 manat cərimələnib.
Referenduma konstitusiya dəyişiklikləri layihəsi çıxarılıb. Dəyişikliklər prezident seçilmək üçün 35, baş nazir təyin edilmək, hakim olmaq üçün 30, deputat mandatı almaq, nazir postu tutmaq üçün 25 yaş şərtlərini aradan qaldırır, prezidentin səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq hüququ verilir.
Başqa bir yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.