İsmayıl Rafiqoğlu
“Azərbaycanda nəyi bəyənmədiniz” sualına cavab olaraq turistlər əhalinin, xüsusən də taksi sürücülərinin ingilis dilini zəif bilməsini göstəriblər. Mədəniyyət və Turizm Nazirliyi və ASAN könüllülərinin keçirdiyi sorğu əhalinin ingilis dilini yaxşı bilmədiyini aşkarlayıb.
2015-ci ildə EF Education First təşkilatının ingilis dilini qavrama səviyyəsinə görə təşkil etdiyi qiymət cədvəlində Azərbaycan 70 ölkə sırasında 60-cı yerdə qərarlaşıb. Bu, dünyanın ən nüfuzlu reytinqlərindən biridir.
Bütün dünya ingilis dilini öyrənməyə məhkumdur, çünki beynəlxalq ünsiyyət vasitəsi olmaqla yanaşı, o həm də sanballı işə qəbul olunmaq, iri həcmdə elmi, ədəbi, publisistik ədəbiyyatla tanış olmaq imkanı yaradan bir alətdir.
Əslində ölkənin reytinq cədvəlində belə aşağı nəticə göstərməsi, turistlərin fikirləri bir qədər qəribə görünə bilər. Azərbaycanda ən çox satılan kitablar məhz ingilis dilini öyrənməyə yardım edən kitablardır, xarici dil öyrənən gənclərə hər yerdə rast gəlirik, addımbaşı dil kursları, danışıq klubları fəaliyyət göstərir, internet isə ingilisdilli mühitə daxil olmağa hər cür imkan yaradır. İngilis dili orta və ali məktəb proqramlarına daxildir, hər il yüzlərlə gənc dünyanın müxtəlif təhsil ocaqlarına məhz bu dildə təhsil almağa yollanır.
İngilis dilini bilirikmi? Biləni də var, bilməyəni də. Bəs niyə dil kurslarının qapısını döyən insanların bir çoxu dili əməlli-başlı mənimsəyə bilmir?
Mən dili nə üçün öyrənirəm?
“Kaspi ” təhsil şirkətinin ingilis dili proqramları üzrə rəhbəri Xalidə İsayeva ingilis dilini 2-ci sinifdən öyrəndiyini deyir: “İlk gündən dilə səbəbini bilmədiyim sevgi yarandı. Bir sözü belə bilmirdim, sadəcə əlifbanı öyrənirdim. Bu sevgi məni həmin dili tədris etməyə həvəsləndirdi və qərarımdan məmnunam. Proses heç vaxt bitmir, hər gün nəsə öyrənməlisən. Dili mənimsəmək 4 vərdişə bağlıdır: danışmaq, anlamaq, oxumaq, yazmaq. Onları paralel inkişaf etdirmək olur. Mərkəzimizə gələnlərin qrammatik bazası yaxşı olur, çünki ali təhsil ocağına daxil olmaq üçün hazırlaşırlar. Bu onlarda yanlış hiss yaradır: guya dil bilirlər. Halbuki vərdişlər bir-birinə sıx bağlıdır, lazımi səviyyə qazanılmayınca dili bilmək mümkün deyil.
İngilisdilli mühitdə olmaq problemi aradan qaldırmağın əsas yoludur. Bu, çoxumuz üçün çətindir. Başlanğıc səviyyədə qısa səs yazılarına qulaq asmaq, sonra isə müddəti artırmaq lazımdır. Film izləmək, xəbər dinləmək məqsədəuyğundur.
Yaş faktoru dilin mənimsənməsində əhəmiyyət kəsb edir: insan yaşa dolduqca ləngimə başlayır. Ancaq hər hansı bir dili öyrənmək insan beynini təzələyir, cavanlaşdırır. Dil beyin üçün idman rolunu oynayır deyə hər yaşda dil öyrənməyə başlamaq olar. Hazırkı dövrdə gənclər ingilis dilini daha rahat öyrənirlər, nəinki rus dilini. Bir zamanlar rus dilini öyrənmək asan idi, çünki mühit vardı, hər gün, hər yerdə bu dili eşidirdik. İndi ingilis dilinin mühiti genişlənir, ruscanın mühiti isə daralır.
Düşünürəm, dili sıfırdan öyrənən şəxs məqsədini ayırd etməlidir: mən dili nə üçün öyrənirəm. Dərslərdə davamiyyət vacibdir, tapşırıqların yerinə yetirilməsinin danılmaz təsiri var. Ən mühümü isə dərsdə saat yarımlıq və ya bir saatlıq öyrənmə ilə kifayətlənmək olmaz. Dil öyrənən öz üzərində əlavə çalışmalıdır”.
İstəyirsən 10 il kursa get…
İngilis dilinin bir neçə səviyyəsini mənimsəmiş jurnalist, “Azərbaycan” qəzetinin əməkdaşı Elgün Mənsimov dili orta məktəbdən öyrəndiyini bildirir: “Amma o vaxtlar məqsədim ingilis dilinin qrammatikasını öyrənmək və ali məktəbdə yaxşı nəticə göstərmək idi. Daha sonra tələbəliyimin ilk ilindən 8-10 ay ödənişli ingilis dili kurslarına getmişəm. Sözsüz, bu dönəmdə söz ehtiyatım xeyli zənginləşdi. Sonra jurnalistlər üçün təşkil edilən kursa qatıldım. İndi ölkəmizə gələn xarici qonaqlarla sərbəst danışa, internetdən əcnəbi dostlarla əlaqə saxlaya bilirəm. Hətta bir neçə dəfə Azərbaycana gələn turistlərlə reportaj və müsahibələr hazırlamışam.
Özümü ingilis dilini uğurlu bilənlərdən saymıram. Düzdür, fikrimi sərbəst ifadə edə və qarşımdakını başa düşə bilirəm. Düşünürəm, dili daha da yaxşı öyrənə bilərdim. Amma öyrənməmişəm. Müntəzəm olaraq ingilisdilli şəxslərin əhatəsində olub o mühitdə yaşasaydım, dil bilgilərim daha uğurlu olardı. İngiliscə danışmaqda əsas çətinliyim söz ehtiyatının qıtlığıdır. Çətinə düşdüyümü tez-tez duyuram. Cümləni qurmaq problem deyil, sadəcə demək istədiyin sözün birbaşa mənasını tapa bilmirsən, çünki söz ehtiyatım zəifdir.
Anlamaqda da problem olur. Çünki dilin intonasiyası, tələffüzü xalqlara və insanlara görə fərqlənir. Amerikalı bir tonda, avropalı başqa tonda danışır. Yeyin və ya asta danışanlar var. Yazmaq və oxumaq isə asandır. Vaxtilə qrammatikanı köklü öyrənmişəm, sözlərin yazılış və oxunuş qaydalarını bilirəm, sosial şəbəkədə əcnəbi dostlarımla yazışıram.
Dili mükəmməl öyrənmək üçün ilk növbədə həvəs olmalıdır. Daha sonra zaman və münbit şərait. Şərait deyəndə yaxşı müəllim və mühiti nəzərdə tuturam. Ətrafımızda isə hər kəs Azərbaycan dilində danışır. Zaman da məhduddur. Səhər açılan kimi işə, işdən də yorğun çıxıb dərsə gedirik. Belə şəraitdə dili təkmil öyrənmək çətindir.
İmkanlarım geniş olsaydı, ilk növbədə dil öyrənməyə daha çox zaman ayırardım, film izləyər və hekayələr oxuyardım. Bakıda yaşayan xarici, ingilisdilli vətəndaşlarla həftədə bir dəfə də olsa, görüşüb söhbətləşərdim. Həmçinin Avropa ölkələrinə, xüsusən də Böyük Britaniyaya gedib orada yaşayardım. Ancaq bundan sonra istənilən nəticəni əldə etmək mümkündür. Başqa cür istəyirsən 10 il kursa get, bir o qədər də çapala, əsaslı xeyri olmayacaq”.
İmkanım olsa, ingilisdilli ölkədə təcrübə keçərdim
Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Vahidoğlu məktəb dövründən ingilis dilinə marağı olduğunu söyləyir: “Sonralar məcburi köçkünlük dil biliklərimi inkişaf etdirməyimə mane oldu. Tələbə vaxtlarımda da əlavə kurslara getmək imkanım olmadı və dili müstəqil öyrənməyə çalışdım. Son illər buna daha çox cəhd edirəm. İndi də həm yaş, həm də işlərin çoxluğu xarici dilə lazımi qədər vaxt ayırmağa mane olur. Amma nəticə əldə etmək üçün çalışıram. Uzunmüddətli yalnız jurnalistlər üçün təşkil edilən kursa getmişəm. 6 ay da British Council təşkilatının kurslarında olmuşam. Kurslar mənə peşəkar müəllimlərdən dərs almaq imkanı verib.
İngilis dilini o qədər də mükəmməl bilmirəm, bunu boynuma alıram. Çətinliyim vaxtın darlığına bağlıdır. Dil öyrənmək bu sahə ilə mütəmadi məşğul olmaq və təcrübə keçmək tələb etsə də, buna kifayət qədər vaxt ayıra bilmirəm. Məndə ingilis dilində oxumaq və yazmaq daha asandır. Anlamaq və danışmaq sahəsində isə çətinlik çəkirəm. Dil öyrənmək üçün mühit daha önəmlidir. İmkanım olsa, hansısa ingilisdilli ölkədə təcrübə keçərdim. Bu, dil biliklərimi təkmilləşdirməyə kömək edərdi”.
Xarici dili öyrənməyin əsasında kitab oxumaq durur
Gənc jurnalist Leyla Məhərrəmova 3-cü sinifdən ingilis dilini öyrəndiyini deyir: “Bizim məktəbdə 5-ci sinifdən tədris olunurdu, amma 3-cü sinifdən əlavə ödənişli dərslərə başladım. Düzü, anam məni məcbur göndərirdi, öyrənmək istəmirdim. Sonra oxuduqca dilə marağım artdı. Daha özüm məşğul olurdum. Yay tətilində ingilis dili kitabını əlimdən yerə qoymurdum.
Universitetdə oxuyanda danışıq klublarına da qoşuldum, nitqim inkişaf etdi. O kluba çox getmədim, çünki qoyulan mövzular məni qane etmirdi. Sosial şəbəkələrdə ingilis dilində olan səhifələri bəyənib yarışlarda iştirak edir, hərdən qalib də olurdum.
Daha çox ixtisasımla bağlı bilgilərim var. Əgər bu uğurdursa, buna görə kitablara borcluyam. Kitab oxumaqla çox şey əldə etmək olur. Xarici dili öyrənməyin əsasında həmin dildə kitab oxumaq durur.
Danışmaq məndə yaxşı alınır, çünki bir neçə dəfə xarici vətəndaşlarla söhbətim olub, hətta müsahibədə də iştirak etmişəm. Oxumaqda da problem yoxdur. Çünki gündəlik xəbərləri ingilis dilində oxuyuram, tək beynəlxalq deyil, Azərbaycana aid xəbərləri də ingiliscə oxuyuram. Ola bilər, bircə yazıdan çox istifadə etmirəm.
Universitetdə təhsil alanda kiçik həcmli əsərlər oxuyurdum. Kitabxana yoxluğundan əziyyət çəkirəm. Yəni ingiliscə kitab götürə biləcəyim kitabxana tanımıram. Sonra düşündüm iri əsərlər oxuyum. Qalın romanlar aldım. İlk dəfə Sesiliya Aherndən başladım. Onun sevgi romanını oxudum. Rus ədəbiyyatını sevdiyim üçün düşündüm Lev Tolstoyu da sınaqdan keçirim. Möhtəşəm “Anna Karenina” əsərini ingiliscə oxudum. Həm də xarici ədəbi portal və bloqlarda oxuduğum əsərlər haqqında yazıları dilimizə tərcümə etməyə başladım. Ən çox Tolstoy, Dostoyevski ilə bağlı mətnləri tərcümə etmişəm. Hətta onları ədəbi saytlara da göndərirdim. Getdikcə söz ehtiyatım daha da çoxaldı. İndi əsasən beynəlxalq xəbərləri, politoloq və diplomatların, siyasətlə məşğul olan məşhurların tvitlərini, bəyanatlarını tərcümə etmək mənə zövq verir.
Bir dili öyrənməyə başlamağın ən yaxşı yolu o dildə kitab oxumaqdır. Sonra nəticə oxucunun özünü də təəccübləndirəcək”.
Uşaq kimi
İngilis dilin necə öyrənməliyik? Kimisi kursa, kimisi əcnəbi dost seçməyə, kimisi də kitab oxumağa üstünlük verir. İnternetdə də kifayət qədər məsləhət verən var. Rusiyalı mütəxəssis Sergey Matveyevin metodikası diqqət çəkir.
Onun fikrincə, xarici dil öyrənə bilməməyin əsas səbəbi düzgün olmayan vasitələrdən yararlanmadır. Matveyev deyir dili sonsuz olaraq öyrənmək olmaz, yəni eyni kurslara getməklə. Onun qənaətinə görə, ilk səviyyəni müəllim və ya kurslarda dəf edən hər bir şəxs sonra dili uşaqlar sayaq öyrənməlidir. Uşaqlar dili başqa cür mənimsəyirlər: böyüklərin ardınca sözləri təkrarlayır, animasiya filmlərinə, uşaq verilişlərinə, filmlərə baxırlar, nəticədə dili bilirlər. Artıq formalaşmış şəxslərə isə qorxu və komplekslər mane olur. Rusiyalı mütəxəssis hər gün xarici dilə ən azı 2 saat sərf etməyi məsləhət görür, əks halda nəticə olmayacaq. Yəni həm kitab və ya qəzet oxumaq, radionu dinləmək, film izləmək və kiçik bir mətni tərcümə etmək lazımdır. Sonra internetdə dil biliciləri ilə əlaqə yaratmaq d pis olmaz.
Əslində uşaqların dil öyrənmək imkanı daha çoxdur. Nəqliyyatda, dayanacaqda, yatmazdan öncə, hər yerdə dili öyrənmək lazımdır, özü də hər gün. Hər kəsin dil öyrənməkdə öz təcrübəsi var, amma motivasiya, gündəlik məşğələlər, oxumaq, yazmaq, danışmaq və dil mühiti olmasa, nəticə də olmayacaq.
Ölkə üzrə də ingilis dili tədrisinin səviyyəsi yüksəlməlidir, yəni həm orta məktəbdə, həm də dil mütəxəssislərinin hazırlanması məsələsində. Ölkəyə yayımlanan ingilisdilli xəbər kanalının yaradılması həm dünyaya Azərbaycan haqda obyektiv məlumatların ötürülməsinə xidmət edər, həm də ən ucqar bölgələrdə ingilis dilinin öyrənilməsinə yardımçı olardı. Kabel televiziyası ilə məşğul olan şirkətlər də yayım siyasətində dəyişiklik edə bilərlər, yəni Türkiyə və Rusiya kanallarından bəzilərini ingilisdilli televiziyalarla əvəzləmək nəticə verər.
Azərbaycanda ingilis dili üzrə dövlət proqramının qəbul olunmasının vaxtı çatıb, çünki dünyada mövcud olan elmi biliklərin çox böyük hissəsi ingilis dilindədir. Həmin biliklərin açarı ingilis dilini bilməkdədir.
Müəllifin başqa yazıları: • “Brendlərimiz” • Smartfonun sönübsə… • “Qwerty” və ya “123456”? • Müsəlman olmağın çətinliyi • Qaranlıqdan aydınlığa yönəldən azanın səsi • Qorabişən ayın abqorası