“Sentyabrın 26-na təyin olunan referendum xalqa lazım deyil, dövlətimizin və cəmiyyətimizin mənafelərinə ziddir”. Müsavat Partiyasının başqanı Arif Hacılı jurnalistlərlə söhbətində belə deyib.
Bastainfo.com-un məlumatına görə, avqustun 30-u Müsavatın mərkəzi qərargahında mətbuat konfransı keçirən Arif Hacılı bildirib ki, Azərbaycanda keçirilən son referendumlar xalqın yox, Əliyev rejiminin maraqlarına xidmət edib: “2002-ci ildə keçirilən referendumda proporsional seçki sistemini ləğv etdilər, bununla aparıcı müxalifətin parlamentdən kənar qalması, ölkədə təkpartiyalı sistemin yaranması üçün zəmin yaratdılar, prezidentin səlahiyyətlərini artırdılar. 2009-cu ildə İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizəd olmasını yasaqlayan müddəanı konstitusiyadan çıxartdılar.
İndiki referendum da yenidən prezident səlahiyyətlərinin artırılması və Əliyev hakimiyyətinin uzadılması məqsədilə ortaya atılıb. Sentyabrın 26-na təyin olunan referendum xalqa lazım deyil, dövlətimizin və cəmiyyətimizin mənafelərinə ziddir. Ona görə biz buna müqavimət göstərməliyik və göstəririk. Hər kəsi bu referendumda iştirak etməməyə çağırırıq”.
26 sentyabr referendumuna konstitusiya dəyişiklikləri layihəsi çıxarılıb (Müqayisəli təqdimat). Dəyişikliklər prezident seçilmək üçün 35, hakim olmaq üçün 30, deputat mandatı almaq üçün 25 yaş şərtlərini aradan qaldırır, prezidentin səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq hüququ verilir.
Başqa bir yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.
Referendum üzrə təşviqat qrupunun (təşviqat sentyabrın 3-dən 25-dək aparılacaq) qeydə alınması üçün sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdimatı avqustun 22-də başa çatıb. 3 təşəbbüs qrupu qeydə alınıb: “Yeni Azərbaycan”, “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti”. Müsavat Partiyasının yaratdığı “Respublika” təşviqat qrupunun qeydiyyat üçün gərəkli 40 min seçici imzası baryerini keçə bilmədiyi bəyan olunub.
Müsavat başqanı qeyd edib ki, partiyanın yaratdığı təşəbbüs qrupuna 2 mindən çox vətəndaş, o cümlədən müsavatçılar, “Nida” və “D-18” təşkilatlarının nümayəndələri qatılıblar: “Hakimiyyətin total təzyiqi altında çox çətin bir vəzifənin öhdəsindən gələ bildik. Qısa müddətdə 88 seçki dairəsindən 41 mindən artıq imza toplayaraq MSK-ya təhvil verdik. Bilirsiniz ki, referendumla bağlı 3 təşviqat qrupu qeydə alınıb. Onların nə vaxt, harada imza toplaması haqqında cəmiyyətin xəbəri olmadı. Amma MSK onları qeydə aldığı halda “Respublika” təşəbbüs qrupu haqqında tamamilə əsassız qərar qəbul etdi. Şübhə etmirik ki, bu sifariş birbaşa İlham Əliyevdən gəlib. Hakimiyyət bu referendumu bir oğruluq əməliyyatı kimi, xəlvət keçirmək istəyir. İndiyə qədər bu referendumun hansı zərurətdən irəli gəldiyini cəmiyyətə izah etməyiblər”.
Arif Hacılı xatırladıb ki, qanunvericiliyə əsasən, referendumun baş tutması üçün seçicilərin 25 faizi səsvermədə iştirak etməlidir: “Seçicilərin bir qismi ümumiyyətlə ölkədə deyil. Böyük bir hissəsi isə indiyə qədər baş verən saxtakarlıqlara görə seçkiyə, onların rəyinin nəzərə alınacağına inanmır, ona görə son illər keçirilən seçkilərdə iştirak etməyib. Hətta parlament seçkilərində əhalinin cəmi 10-15 faizi iştirak edir. Hesab edirik ki, bu referendumda 25 faiz seçicinin iştirakı qeyri-mümkündür”.
Müsavat başqanı qeyd edib ki, adətən seçki ərəfəsində siyasi məhbusların bir hissəsi azad olunurdu: “Amma indiki referendum ərəfəsində siyasi məhbusları nəinki azad etmirlər, əksinə, REAL-çı Natiq Cəfərlini, AXCP üzvlərini həbs etməklə, Müsavatın və “Nida” təşkilatının üzvlərinə qarşı təzyiqləri artırmaqla, 11 ildir həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı yenidən cinayət işi açmaqla repressiyaları daha da genişləndirirlər. Cəmiyyəti qorxutmağa, xof yaradıb referendumla bağlı öz məkrli planlarını həyata keçirməyə çalışırlar. Biz buna müqavimət göstərməliyik, müqaviməti artırmalıyıq”.
Müsavat başqanı kütləvi aksiyalar məsələsi ilə bağlı da açıqlamalar verib. O xatırladıb ki, referenduma start verilən gündən müxalifət düşərgəsində kütləvi aksiyalar mövzusunda müzakirələr başlayıb: “Sentyabr ayında kütləvi aksiyalar keçirəcəyik”.
Arif Hacılı Müsavatın birgə aksiyalara tərəfdar olduğunu, lakin bəzi təşkilatların fərqli mövqe tutduqları bildirib: “Referendum ərəfəsində birgə aksiyalar keçirmək təşəbbüsü gənclərdən gəlib. Biz bu təşəbbüsə müsbət yanaşmışıq, bəzi təşkilatlar fərqli yanaşıb. Hər bir təşkilatın mövqeyinə hörmətlə yanaşırıq. Müsavat özü kütləvi aksiyalar keçirmək iqtidarındadır. “D-18” təşkilatı ilə hələ referendum başlayan dövrdə razılığa gəlmişik ki, kütləvi aksiyalar məsələsində birgə addımlar ataq. “Nida” və digər təşkilatlarla da bu istiqamətdə müzakirələrimiz davam edir. Yaxın günlərdə mitinqin günü dəqiqləşdiriləcək və müvafiq qərar ictimaiyyətə açıqlanacaq”.
Müsavatın MSK-nın qərarından apellyasiya şikayəti verdiyini vurğulayan Arif Hacılı mübarizəni bütün müstəvilərdə, o cümlədən hüquqi müstəvidə davam etdirəcəklərini deyib.