Türkiyədən Azərbaycana hansı kitablar, necə, neçəyə gətirilir?
Gəliri milyardlarla dollara ölçülən qlobal kitab biznesinin 60 faizindən çoxu 6 ölkənin payına düşür. Bazarın 26 faizinin ABŞ-a, 12 faizinin Çinə, 8 faizinin Almaniyaya, 7 faizinin Yaponiyaya, 4 faizinin Fransaya, 3 faizinin Böyük Britaniyaya məxsus olduğu bildirilir.
www.statista.com saytının məlumatına görə, ötən il təkcə ABŞ-da kitab nəşrindən 30 milyard dollar gəlir əldə edilib. 2020-ci ilə dünyada bu sahə üzrə illik gəlirin 123 milyard dollara çatacağı proqnozlaşdırılır. Ərazisi və əhali sayı Azərbaycanla eyni olan Avstriyada bu il kitab nəşrindən 375 milyon dollara yaxın gəlir əldə ediləcəyi gözlənir.
Bəs Azərbaycanın kitab bazarı nə vəziyyətdədir? Kitab satışı ilə məşğul olan Turkkitab.az komandasının Bakı təmsilçisi Rəsul Quliyev Transparency.az-ın bu yöndə suallarına cavab verib.
– Sizdən əvvəl də bu işlə məşğul olan var yəqin…
– Biz iki ildir Türkiyədən Azərbaycana kitab gətiririk. Təbii ki, əvvəl də bu işlə məşğul olan mərkəzlər yaranıb.
– Kitab bazarı sizi nə ilə çəkdi, maliyyə maraqları, yoxsa həvəs, ya başqa səbəblər buna təkan verdi? Bazarı necə təhlil etdiniz ki, qazancınız ola bilər?
– Düzdür, maddi maraq öndədir. Amma kitaba sevgisi, marağı olmayan bu sahədə heç vaxt irəliləyə bilməz. Kitabı yaxşı tanımalısan, onu sevməlisən. Doğrusu, indi Türkiyədən kitab gətirib satmaqda o qədər də böyük qazanc yoxdur. Bir kitabdan maksimum manat yarım pul qazana bilirik. Bahalı kitablarda qazanc bir az çox olur, amma bahalı kitabı hamı almır, buna imkan yoxdur.
Bu işə girişəndə əvvəlcə günə 2-3 manat gəlirim olurdu, amma elə bu məbləğ də stimul verdi.
– Kitab seçimini necə edirsiniz, kitabın reklamı ilə məşğul olub tanıdırsınız, sifariş gəlir, yoxsa necə?
– Reklam da edirik. Amma əsasən sifariş əsasında işləyirik. Sosial şəbəkələrdəki reklamlarda daha çox endirimli kitablar haqda məlumat verilir. Bu kitablar öz qiymətindən ucuz təklif edilir, oxucuların bir qismi yararlana bilir.
– Sifarişçilər kimlərdir, konkret oxucular, yoxsa kitab mağazaları?
– Konkret oxucular. Daimi sifarişçilərimiz də var, yeni müraciət edənlər də olur.
– Daha çox hansı növ ədəbiyyatlar sifariş edilir?
– Konkret bir sahənin üzərində dayanmaq olmaz, oxucular müxtəlifdir. Amma biz kampaniyaları daha çox tarixi, elmi və siyasi kitabların üzərində qururuq. Azərbaycanda elmi kitablar oxuyan təbəqənin əhatəsi getdikcə genişlənir. Sifarişlərin böyük bir qismi dərslik xarakterli olur. Bu cür kitablar birmənalı şəkildə Türkiyədən sifariş edilir. Azərbaycanda tək-tük elmi kitab çap olunur. Əvvəllər bu boşluğu rusdilli ədəbiyyat doldururdu, indi Türkiyə önə keçib.
– Ölkəyə konkret hansı sahəyə aid dərsliklər gətirilir?
– Bizə kino sahəsindən tutmuş arxeologiyaya qədər bütün sahələr üzrə müraciətlər olur. Sadəcə, elmi kitablar Türkiyədə də baha olduğuna görə hər kəs ala bilmir. Bizdəki devalvasiyalardan sonra ölkədə kitab işi də böyük zərbə aldı. Amma Azərbaycan oxucusu hansı kitaba pul verməli olduğunu da yaxşı bilir. Elə oxucular var ki, əvvəlcə kitabın məzmunu ilə internetdən tanış olur, reytinqdə ona verilən xallara nəzər salır, sonra sifariş verir.
– Oxucular niyə Türkiyə türkcəsində oxumağa üstünlük verirlər? Axı xarici ədəbiyyatın bir qismi Azərbaycan türkcəsinə də tərcümə edilir və nəşr olunur…
– Azərbaycan türkcəsinə çox az kitab tərcümə edilir, çoxu da bədii ədəbiyyatdır. Elmi kitablar yox kimidir. Türkiyədə hər gün orta hesabla 50-60 kitab çapdan çıxır. Nəşriyyatlar dünya kitab bazarlarını daim öyrənir, nəzarətdə saxlayır. Hansı ölkədə dəyərli kitab işıq üzü görübsə, profili uyğun nəşriyyat onu tərcümə və nəşr etdirir.
Azərbaycanda əsas ağrılı məsələ tərcümə işidir. Ofisimizə elə oxucu gəlib, baxıram, əlində axtardığı kitabın Azərbaycan türkcəsinə tərcümə edilmiş variantı var, amma onu Anadolu türkcəsində axtarır, tərcümə bərbaddır deyir.
– Oxucuların yaş həddi necədir? Belə bir statistika varmı sizdə?
– Oxucu kütləsini əsasən gənclər təşkil edir, əksəriyyət 35 yaşa qədərdir. Görünür, orta nəsil Türkiyə türkcəsində oxumağa əziyyət çəkir, onlara rus dilində oxumaq daha rahatdır. Amma yaşlı sifarişçilərimiz də var. İngilis, alman, fransız dillərində də kitab sifarişləri alırıq.
– Biz xaricə kitab satırıqmı?
– Yox. Bir vaxtlar ictimai təşkilatların təşəbbüsü ilə Borçalıda, Dərbənddə yaşayan soydaşlarımıza dərsliklər göndərilib. Amma indi heç dərslik də göndərilmir.
– Bəs heç olmasa daxildə qazanc götürmək olurmu, sizcə?
– Kitabçılıq elə sahədir ki, tiraj nə qədər çox olsa, qazanc artır. Bizdə isə kitab tirajı 500-dən yuxarı qalxa bilmir.
Türkiyədə nəşriyyat kitab satmır, onu bu işlə məşğul olan yayım evlərinə verir, onlar da mağazalara paylayır. Amma bizim nəşriyyatlar həm də satışla məşğul olur. Çünki oturuşmuş kitab bazarı yoxdur.
– Bizdə kitab ticarətinin normal inkişafı üçün daha nə çatmır, sizcə? Dediniz tərcümə problemi yaşayırıq, bəs başqa səbəblər?
– Vergi və gömrük əngəlləri var. Vergi, təbii ki, olmalıdır, amma kitab ticarətini inkişaf etdirmək üçün dövlət müəyyən dövr güzəşt etməlidir. Ana dilli oxucu kifayət qədərdir, Arazın o tayında 40 milyona yaxın potensial oxucumuz var. 15 il öncə Güneydən bizə meyl var idisə, bu gün istiqamət dəyişib, Türkiyəyə tərəf çevrilib. Burada telekanalların da böyük təsiri var. İnsanlar maraqlı, alternativ proqramlar axtarır. Hansı ölkəyə baxacaqsa, onun dilini də mənimsəyəcək, bu zaman həmin dildə kitaba da üstünlük verəcək. Hər biri əlaqəli proseslərdir.
– Gömrük, vergi demişkən, bir kitabı gətirmək üçün nə qədər vəsait ödənilir? Ümumiyyətlə, bu detallara görə Türkiyə və ya bazarı inkişaf etmiş hər hansı ölkə ilə müqayisə apara bilərsinizmi? Onlarda necədir, bizdə necə?
– Hazırda ən böyük əziyyətimiz daşınma xərcləri ilə bağlıdır. Əvvəllər şirkətlər kitabı kiloqramı 2-3 dollara aparırdılar, indi qiymət iki dəfə artıb. Onlayn satışa gəldikdə, Türkiyəyə nisbətən Azərbaycan qanunvericiliyində müəyyən yumşaqlıq var. Bizim qanunvericiliyə görə, digər satışda tətbiq olunan vergi onlayn satışa da aiddir. Çünki Azərbaycanda kitab satanların çoxu tələbədir. Bir kitabdan 1 manat qazanıb ondan vergi vermək mümkün deyil. Tələbə həmin qazancla gündəlik ehtiyacını ödəyir. Onsuz da Azərbaycan böyük nəşriyyatların, kitab yayım mərkəzlərinin birləşdiyi böyük kitab bazarına malik deyil.
– Təxmin etmək mümkündürmü hər il ölkədən kitaba nə qədər vəsait çıxır?
– Dəqiq rəqəm söyləmək çətindir. Amma Azərbaycanda 3-5 çap evi son illər özünü az da olsa inkişaf etdirib. Çap xərcləri isə qonşu Türkiyəyə görə iki dəfə yuxarıdır. İranla müqayisədə isə daha çox bahadır. Bu, kağızın xaricdən alınmasına görədir. Çap evləri inkişaf etdirilsə, kağız istehsalı məsələsinə baxılsa və ya xaricdən idxala rüsum ləğv olunsa, xeyli irəliləyiş əldə etmək olar, pul ölkədə qalar.
Töhfə Əzimova