“Ermənistan və Azərbaycan hər iki tərəf üçün məqbul olan həll tapmalıdır, burada qalib gələn tərəf olmamalıdır”. Avqustun 8-i Bakıda dövlət başçısı İlham Əliyevlə görüşən Rusiya prezidenti Vladimir Putin belə deyib.
Görüşdə çıxış edən İlham Əliyev deyib ki, çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış Azərbaycan-Rusiya münasibətləri bütün sahələri əhatə edir: “Biz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə saxlayırıq, siyasi dialoq fəallaşır, iqtisadi əlaqələr möhkəmlənir, nəqliyyat və energetika sahələrində də yaxşı nəticələr var, humanitar əməkdaşlıq inkişaf edir. Sentyabr ayında Bakıda Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında növbəti Beynəlxalq Humanitar Forum keçiriləcək. Bütün bunlar bizim münasibətlərimizin inkişafı üçün möhkəm zəmin yaradır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiyanın rolunu xüsusi vurğulamaq istərdim. Biz bu rolu qiymətləndiririk və tənzimləmə prosesinin irəliləməsində Sizin şəxsi iştirakınız çox böyük əhəmiyyət kəsb edir. İyun ayında Sankt-Peterburqda keçirilən görüş əsasən bu problemə həsr edilmişdi və şəxsən Sizin həmin prosesdə fəal iştirakınıza görə təşəkkür edirəm”.
Vladimir Putin qeyd edib ki, iki ölkənin münasibətləri kağız üzərində deyil, əməli işdə strateji tərəfdaşlıq xarakterinə malikdir: “Ən vacibi odur ki, bizim münasibətlərimiz xeyli şaxələndirilib, onlar bütün istiqamətlər üzrə inkişaf edir”.
Rusiya prezidenti ölkəsinin Azərbaycanda təxminən 600 şirkətinin işlədiyini vurğulayıb: “Birbaşa investisiyaların həcmi 1,5 milyard dollara yaxındır. Amma diqqəti bəzi məqamlara cəlb etmək istərdim: bilirik ki, müxtəlif səbəblər üzündən, o cümlədən dünya iqtisadiyyatında, bizim iqtisadiyyatda böhran vəziyyəti, ənənəvi ixrac mallarımızın qiymətinin azalması, bununla əlaqədar məzənnə fərqləri ilə bağlı məlum problemlər dəyər ifadəsində ticarət dövriyyəsinin azalmasına gətirib çıxarıb. Bu məsələlərin həlli yollarını axtarmaq çox yerinə düşəcək. Nəzərə almaq lazımdır ki, bunun üçün həqiqətən çox yaxşı baza yaradılıb və Sizinlə tam razıyam ki, bütövlükdə fiziki həcmi qoruyub saxlayırıq.
Əlbəttə, perspektiv üçün yaxşı layihələrimiz var. Özü də bu, təkcə energetika sahəsinə aid deyil. Başqa sahələrdə — maşınqayırma, yüksək texnologiyalar sahələrində də belədir. Fikrimcə bu, son dərəcə vacibdir. Xəzərdə, o cümlədən hərbi sahədə əməkdaşlığımız davam edir”.
Vladimir Putin deyib ki, Qarabağ problemi sovet keçmişindən miras qalıb: “Bunun Azərbaycan və Ermənistan üçün nə qədər kəskin məsələ olduğunu bilirəm. Biz bir məqsədə nail olmağa çalışacağıq: Ermənistan və Azərbaycan kompromisli, lakin hər iki tərəf üçün məqbul olan həll tapmalıdır, burada qalib gələn tərəf olmamalıdır, qalib gələn iki ölkənin xalqları olmalıdır. Hər iki dövlət hiss etməlidir ki, onlar bu mürəkkəb məsələni bu günümüzün mənafeyi və gələcək nəsillər üçün həll ediblər”.
AZƏRTAC-ın məlumatına görə, həmin gün Heydər Əliyev Mərkəzində Azərbaycan prezidenti İlham Əliyevin, İran prezidenti Həsən Ruhaninin və Rusiya prezidenti Vladimir Putinin görüşü olub. Söhbət zamanı ilk üçtərəfli görüşün əhəmiyyəti qeyd edilib, ölkələr arasında siyasi, iqtisadi, energetika, nəqliyyat sektorları və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından bu görüşün önəmi vurğulanıb, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra prezidentlər üçtərəfli zirvə görüşündə bir araya gəliblər. Prezident İlham Əliyev deyib ki, İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər: “Ölkələrimiz həmişə BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər. Azərbaycan İranla İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində, Rusiya ilə ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir. Sadaladığım təşkilatlarda üç ölkə daim bir-birini dəstəkləyir.
Azərbaycan İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olub və öz mövqeyini dəfələrlə açıq şəkildə bildirib. Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət beynəlxalq hüquq normalarına, ədalətə və ölkəmizin milli maraqlarına əsaslanır. Qonşularımızla yaxın əlaqələr milli maraqlarımıza tam cavab verir”.
Dövlət başçısı qeyd edib ki, üçtərəfli format iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaq: “Rusiya və İran bizim əsas ticarət tərəfdaşlarımızdandır. Əminəm ki, üçtərəfli format ölkələrimizin biznes strukturları üçün də faydalı olacaq. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, qarşılıqlı ixrac imkanlarının genişləndirilməsi iqtisadi əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. Maliyyə, bank, sığorta sektorunda əməkdaşlığın yaxşı perspektivləri var. Ölkələrimizin geniş maliyyə imkanlarını nəzərə alaraq biz başqa ölkələrdə müştərək investisiya layihələrində iştirak edə bilərik.
Azərbaycanda sərmayə qoyuluşu üçün münbit şərait yaradılıb. Son 20 ildə Azərbaycana 200 milyard dollar investisiya yatırılıb. Bunun yarısı xarici sərmayədir. Kənd təsərrüfatı, turizm, telekommunikasiya sahələri sərmayə qoyuluşu üçün böyük potensiala malikdir. Davos Dünya İqtisadi Forumunun qlobal rəqabət qabiliyyətliliyi indeksində Azərbaycan 40-cı yerə layiq görülüb.
Elektroenergetika sektorunda əməkdaşlıq uğurla aparılır. Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib. Hər iki ölkə ilə enerji mübadiləsinin həcmi ildən-ilə artır.
Nəqliyyat sektorunda əməkdaşlığın çox gözəl və ümidverici gələcəyi var. Azərbaycan dünyada yeganə ölkədir ki, həm İran, həm Rusiya ilə sərhədi var. Hazırda Rusiya ilə Azərbaycan arasında dəmir yolu əlaqəsi mövcuddur. Bu il biz qərar qəbul etmişik ki, yaxın gələcəkdə Azərbaycan İran sərhədinə qədər öz dəmir yolunu uzatsın. Ümid edirəm ki, biz yaxın aylarda buna nail olacağıq. Bu yaxınlarda Azərbaycan-İran sərhədində Astaraçay üzərində dəmiryolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Bu infrastruktur layihələri “Şimal-Cənub” nəqliyyat dəhlizinin ayrılmaz tərkib hissəsidir.
“Şimal-Cənub” nəqliyyat dəhlizi strateji əhəmiyyət daşıyan transmilli layihədir. Gələcəkdə bir çox ölkələr bu dəhlizdən istifadə edəcəklər. Bu dəhlizin çox böyük iqtisadi səmərəsi var. Tranzit yüklərin daşınması üçün vaxt baxımından da bu yol çox əlverişlidir. Ümid edirəm ki, birgə səylərlə bu layihənin icrasına tezliklə nail olacağıq”.
İran və Rusiya prezidentləri də zirvə görüşündə çıxış ediblər. Sonda İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin zirvə görüşünün birgə bəyannaməsini imzalayıblar.
Avqustun 8-də İlham Əliyevin adından ali qonaqların şərəfinə rəsmi ziyafət verilib. Daha sonra İlham Əliyev Vladimir Putini evinə çay süfrəsinə dəvət edib. Prezidentlər çay süfrəsi arxasında ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.