
Mərkəzi Bank avqustun 8-də ABŞ dollarını bahalaşdırıb. 1 dolların rəsmi kursu 1,598 manatdan 1,6005 manata yüksəlib.
Rusiya rublunun da məzənnəsində artım var. Ötən həftənin son iş günü 0,0242 manata təklif olunan 1 rubla 0,0244 manat qiymət qoyulub.
Avro isə ucuzlaşıb. Transparency.az-ın məlumatına görə, 1 avronun rəsmi kursu 1,7797 manatdan 1,7774 manata enib (Məzənnələr).
Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb və dollar qarşısında 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Bu il dolların ən aşağı qiyməti mayın 25-i və 26-da qeydə alınıb: 1 dollar 1,4900 manata satılıb. ABŞ dollarının ən yüksək rəsmi qiyməti marta düşüb. Həmin ayın 11-də dollara 1,6456 manat qiymət qoyulub.
Manatın kursunu sabit saxlamaq üçün bu il keçirilən valyuta hərraclarında Mərkəzi Bank və Dövlət Neft Fondu üst-üstə 3 milyard 741,3 milyon dollar satıblar.