Ermənistanın paytaxtı Yerevanda patrul mühafizə polkunu ələ keçirmiş silahlı dəstə iyulun 25-i axşam daha iki polis maşınını, o cümlədən bir avtobusu yandırıb.
İyulun 24-ü axşam basqınçılar patrul mühafizə polkundan bir qədər aralıda olan polis mikroavtobusuna od vurmuş, havadan çəkiliş aparan dronu məhv etmişdi. Dəstə bu addımı polk binasında işığın, rabitənin, suyun kəsilməsinə, ərzaq təminatının dayandırılmasına etiraz əlaməti olaraq atıb.
İyulun 17-nə keçən gecə patrul-mühafizə polkuna basqın edən 31 silahlı şəxs polis əməkdaşlarını girov götürüb, radikal müxalifətçi Jirayr Sefilyanı həbsdən buraxmaq tələbi qoyublar. Basqın zamanı polis polkovniki Artur Vanoyan həlak olub, 1 basqınçı, 5 polis yaralanıb.
İyulun 23-də sonuncu 4 girov polisi azad edən basqınçılar silahı yerə qoymaqdan imtina edir, Jirayr Sefilyanın, başqa müxalifətçilərin azadlığa buraxılması və hökumətin istefası tələbləri səsləndirirlər.
“Yeni Ermənistan” və “Müəssislər parlamenti” hərəkatlarının lideri olan Jirayr Sefilyan ötən ay tutulub, qanunsuz silah saxlamaqda ittiham olunur.
Transparency.az bildirir ki, “Müəssislər parlamenti” iyulun 26-da yeni məlumat yayıblar. Məlumatda qeyd olunur ki, iyulun 26-na keçən gecə polis kordonundan patrul mühafizə polkuna atəş açılıb, silahlı dəstənin 2 üzvü yaralanıb və onlar xəstəxanaya aparılıb.
“Müəssislər parlamenti”nin digər məlumatına görə, bu gün səhər saat 7 radələrində Artur Sərkisyan adlı fəal ərzaqla yüklənmiş maşını ilə polis kordonunu yarıb və silahlılara yemək çatdırıb.
Patrul-mühafizə polkunu ələ keçirmiş silahlı dəstə özünü “Sasun dəliləri” adlandırır.