Dünyanın ən hündürboy kişiləri Niderlanda, ən hündürboy qadınları isə Latviyada yaşayır. Novator.az-ın məlumatına görə, “eLife” jurnalında dərc olunan araşdırmada belə deyilir.
Araşdırmanın nəticələrinə görə, Niderlandda kişilərin orta boyu 182,5 santimetr, Latviyada qadınların orta boyu 168 santimetrdir.
Tədqiqat göstərir ki, 1914-cü ildən bəri dünyanın 187 ölkəsində insanların boyunda artım müşahidə olunub. 100 il əvvəlki göstəricilərlə müqayisədə boy artımı daha çox iranlı kişilərdə (orta boy artımı 16 santimetr) və Cənubi Koreya qadınlarında (orta boy artımı 20 santimetr) müşahidə olunub.
Hesabata görə, ən hündürboy kişilərin yaşadığı digər ölkələr Belçika, Estoniya, Latviya və Danimarka, ən hündürboy qadınların yaşadığı digər ölkələr Niderland, Estoniya, Çexiyadır.
Ən alçaqboy kişilər Şərqi Timorda yaşayır. Bu ölkədə kişilərin orta boyu 160 santimetri aşmır. Ən alçaqboy qadınlar isə Qvatemaladadır. Bu ölkənin qadınlarının orta boyu 150 santimetrdir. Ancaq Qvatemala qadınlarının boyunda 100 il əvvəllə müqayisədə artım var. 1914-cü ildə onların orta boyu 140 santimetr olub.
Məlumata görə, Yer kürəsində kişilərin orta boyu qadınlara nisbətən 12 santimetr çoxdur.