Xalid Kazımlı
Bu mövzu zaman-zaman qabarır və sonunda müstəqil media qurumları ziyan çəkir. Söhbət hakimiyyətin, bəzən isə dövlətin düşmən elan etdiyi qüvvəyə, şəxsə medianın tribuna verib-verməməsi məsələsindən gedir.
Düstur çox sadə, hətta bəsitdir: bir şəxs və ya qüvvə düşmən, xain elan ediləcək, ona qarşı total təbliğat aparılacaq, amma onlar özlərinin müdafiəsinə bir söz demək imkanından məhrum ediləcək.
Hakim güruhun arzusu bundan ibarətdir ki, heç bir media qurumu onun düşməninə, hətta siyasi rəqibinə tribuna verməsin.
Bizim ölkəmizdə bu fəndi ölkədə rəsmi qeydiyyatdan keçmiş siyasi partiyalara da tətbiq ediblər. Dəfələrlə olub ki, siyasi partiyalara mediada ağır cinayət ittihamları irəli sürüb, qara piar kampaniyası aparıblar, amma nə onların barəsində cinayət işi açıblar, nə də onlara tribuna veriblər ki, özlərini müdafiə etmək üçün bir söz desinlər. Məqsəd rəqibi gözdən salmaq, küncə sıxmaq olub.
Bu, əlbəttə, normal deyil. Çünki bir tərəf heç də həmişə yüzdə-yüz haqlı olmur. Həqiqət mübahisədə, polemikada meydana çıxır. Amma tərəflərdən biri monoloq söyləməyi, qarşısındakının ağzını “skotçlayaraq” susdurmağı üstün tutursa, bu, demokratik prinsiplərlə daban-dabana ziddir.
Lap tutaq ki, bir zamanların 1 nömrəli terrorçusu Üsamə bin Laden sağdır və o, növbəti müdhiş terror aktı törədib, bütün dünya ondan danışır, onu yamanlayır, ittiham edir. Bir jurnalist isə Bin Ladeni tapır, müvafiq ittihamlara münasibətini soruşur, o da ya terrora görə məsuliyyəti öz üzərinə götürür, ya da inkar edir. İndi bu, avtomatik olaraq terroru təbliğ etmək olur? Xeyr. Bu, xalqa informasiya çatdırmaqdır, həqiqətə yaxınlaşmaqdır.
İndiyə qədər yüz dəfələrlə olub ki, vəzifəli adamlara, məşhur simalara qarşı əsassız ittihamlar irəli sürüblər və onları hətta ağır cinayətlərə görə mühakimə ediblər. Çox olub ki, jurnalistlər hüquq mühafizə orqanlarından fərqli olaraq məsələyə obyektivcəsinə yanaşıb, həqiqətin nədən ibarət olduğunu yazıblar, xalqa çatdırıblar və illər keçdikdən sonra təsdiqlənib ki, jurnalistlər yazan düz imiş, prokurorlar və hakimlər əslində işə qərəzli yanaşıblar, səhlənkarlıq ediblər, cinayət törədiblər. Həqiqətin üzə çıxmasının nəyi pisdir?
21-ci əsrin bu vaxtında adamları informasiya blokadasına almaq, susdurmaq, birincisi, mümkün deyil, ikincisi isə düzgün deyil. İnternet əsrində milyonlarla elektron xəbər qaynağının (saytların, portalların, bloqların, adi sosial şəbəkə səhifələrinin) olduğu bir vaxtda necə informasiya blokadası yaratmaq olar?
İnsanları alternativ söz demək, özlərini müdafiə etmək hüququndan məhrum etmək avtoritarizm və totalitarizmin qarışığından yaranan bir yanaşmadır.
Tərs kimi, bu duruma ən çox Şərq ölkələrində rast gəlinir və zaman-zaman bu tendensiya daha da güclənir.
Şərq ölkələrində hələ də mediaya təbliğat-təşviqat ruporu kimi baxır, onun əsas funksiyasının cəmiyyətə gerçək, neytral, səhih informasiya çatdırmaq olduğunu qəbul etmək istəmirlər. Şərq mediası daima hökmranları tərifləməli, onların rəqiblərini pisləməlidir, elə informasiyalar verməlidir ki, xalq hakimiyyətə qarşı yönəlməsin, onu nədəsə məsul tutmasın.
Bu tip ölkələrdə hələ də anlamaq istəmirlər ki, əgər ölkə daxilində işlər qaydasında deyilsə, problemlər, gərginlik ocaqları varsa, haqq-ədalət addımbaşı pozulursa, bütün media qurumları 7/24 rejimdə hakimiyyəti tərifləsə də, siyasi rəqibləri “cümlə xəyanətlərə bais” elan etsə də, umulan nəticəni verməyəcək. Cəmiyyət səsləndirilən mədhiyyələrin acı gerçəkliyə, göstərilən cənnət kadrlarının ətrafdakı eybəcər mənzərəyə uyğun olmadığını asanlıqla görəcək və bunu pəs səslə olsa da deyəcək.
Uzun sözün qısası, media azad olmalıdır, hamıya tribuna verməlidir. Özlərini haqlı hesab edənlər isə haqsız hesab etdiklərinin qarşısına skotçla yox, güclü arqumentlərlə çıxmalıdır, hər cür polemikalarda onları bağlamağa hazır olmalıdır. Yoxsa qolu yeni növ kauçuk qandallarla bağlanmış adamların bir də ağzına skotç yapışdırmaq, sonra da “gördünüzmü, mən haqlı çıxdım” demək və təntənə etmək mütləq təpki doğuracaq.
Mənbə: Musavat.com