Dövlət Statistika Komitəsi demoqrafik vəziyyətlə bağlı hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, Azərbaycan əhalisinin sayı 2016-cı ilin əvvəlindən 41,8 min nəfər və ya 0,4 faiz artaraq iyunun 1-nə 9 milyon 747,4 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.
Ölkə əhalisinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizi qadınlardır. Hər 1000 nəfər kişiyə 1007 nəfər qadın düşür.
Əhalinin 22,5 faizi 0-14 yaşda, 71,3 faizi 15-64 yaşda, 6,2 faizi isə 65 və yuxarı yaşdadır.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri cari ilin yanvar-may ayları ərzində ölkə üzrə 65,3 min, yaxud hər gün orta hesabla 429 doğulmuş körpə qeydə alıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 16,3 təşkil edib. Doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrin 1174-ü əkiz, 30-u isə üçəm doğulub. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,7 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənir.
2016-cı ilin yanvar-may ayları ərzində ölkədə 24,3 min ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,1 təşkil edib.
2016-cı ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri 25 min nikah və 5,2 min boşanma halları qeydə alıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,3 olub.
Cari ilin yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları Azərbaycana daimi yaşamaq üçün 1400 nəfər gələn və 626 nəfər ölkədən gedən qeydə alıb, miqrasiya saldosu müsbət 774 nəfər təşkil edib.