Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Azərbaycan diasporu: müasir çağırışlar və sistemli fəaliyyətin təşkili” adlı məqalə yazıb. Məqalədə qeyd olunur ki, 2016-cı il iyunun 3-4-ü Bakıda keçirilən dünya azərbaycanlılarının IV qurultayı mühüm ictimai-siyasi hadisə kimi bütün Azərbaycan xalqı üçün əlamətdar tədbirə çevrilib, Azərbaycan prezidenti İlham Əliyev qurultayda proqram nitqi ilə çıxış edərək hədəfləri müəyyən edib və qarşıya həlli diaspor təşkilatlarının fəaliyyətini xeyli genişləndirəcək və yaşadıqları ölkədə onların sosial statusunu gücləndirəcək konkret vəzifələr qoyub.
Ramiz Mehdiyev yazır ki, bir çox azərbaycanlı öz taleyini müxtəlif ölkələrlə bağlayıb: “Bəzi məlumatlara görə, hazırda dünyada 50 milyona yaxın azərbaycanlı yaşayır. Məsələn, İranda təqribən 40 milyon, Türkiyədə təxminən 3 milyon, Rusiyada 1,5 milyon, ABŞ-da 450 min, Ukraynada 450 minə yaxın, SSRİ dövründə Gürcüstanda təqribən 500 min (hazırda Gürcüstanın məlumatına görə, 280 min), Qazaxıstanda 300 min və s. Azərbaycanlıların xarici ölkələrdəki təmsilçiliyi Vətəndə yaşayanlara nisbətdə çox sanballı görünür. Odur ki, Azərbaycan diasporunun fəaliyyəti, həmvətənlərimizin həyatında onun əhəmiyyəti ciddi təsir bağışlayır. Prezident İlham Əliyev öz nitqində diaspor təşkilatlarının gələcək fəaliyyəti, onların missiyası, işinin xüsusiyyətləri, səmərəli fəaliyyət şəraiti ilə bağlı dəyərli ideyalar səsləndirib. Dövlət başçısı “…dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər… Azərbaycanla bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək” sözləri ilə diaspor təşkilatlarının üzvlərini daha fəal həyat tərzi sürməyə çağırıb.
Prezident bu fikri vurğulamaqla diaspor təşkilatlarına, xarici ölkələrdə yaşayan azərbaycanlılara xatırladır ki, Vətən onlara inam hissi, həyat gücü və ruh yüksəkliyi bəxş edən mənəvi qaynaqdır. Buna görə də dövlət başçısı qurultay iştirakçılarına müraciət edərək vurğulayır: “Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar”.
Bu, xarici ölkələrdəki həmvətənlərimizin daha məzmunlu fəaliyyətinin təşkili məqsədilə təkcə onların qarşısında deyil, həm də Azərbaycanın dövlət orqanlarının qarşısında qoyulan konkret vəzifədir. Bu fikirlər respublikanın xarici ölkələrdəki həmvətənlərimizə hər cür dəstək göstərməyə qadir olan ictimai təşkilatlara da ünvanlanır. Bütün səviyyələrdən olan “hakimiyyət strukturlarının”, o cümlədən Prezident Administrasiyası təmsilçilərinin, Milli Məclisin deputatlarının, şəhərlərin, paytaxtın rayonlarının, habelə regionların icra hakimiyyəti başçılarının və əlbəttə, Diasporla İş üzrə Dövlət Komitəsinin diaspor üzvlərinin müxtəlif problemlərlə bağlı müraciətlərini qəbul etmək və başa düşmək, lazım gəldikdə onlara daha əhəmiyyətli sosial-hüquqi dəstək göstərmək, o cümlədən ailə-məişət, sanatoriya-kurort müalicəsi, idman-turizm istirahəti məsələlərinin və s. həllində kömək etmək vəzifəsi də elə bundan ibarətdir.
Müvafiq idarələrin nümayəndələri müraciət edən həmvətənlərimizi özlərindən uzaqlaşdırmamalı, yaxud bezdirib qaçırmamalı, əksinə, həvəsləndirmək, kömək etmək məqsədilə onlara həssaslıqla və diqqətlə yanaşmalı, bunun üçün zəruri səylər göstərməlidirlər. Bu məsələ istər “yerli instansiyaların”, istərsə də bütövlükdə dövlət orqanlarının diqqət mərkəzində ola bilər və olmalıdır. Azərbaycan prezidenti həmin məsələlərdə örnək göstərərək, bu fəaliyyəti hər vəchlə dəstəkləyir və təşkil edir, onun inkişafı üçün zəruri səylər göstərir, diaspor üzvlərinin müraciətlərinə operativ reaksiya verir, onlarla əlaqədar işlərin mahiyyətinə varır”.
Müəllif qeyd edir ki, müxtəlif diaspor təşkilatları arasında qarşılıqlı fəaliyyətin, konsensusun əhəmiyyəti heç də az aktuallıq kəsb etmir: “Prezident İlham Əliyev öz nitqində həmvətənlərimizi bir-biri, başqa millətlərin və xalqların nümayəndələri ilə sıx ünsiyyət saxlamağa çağıraraq, bunun zəruri olduğunu bildirib. Amma prezidentin qeyd etdiyi kimi, diasporların fəaliyyətində uğurlarla yanaşı ciddi problemlər də var: “Qeyd etdiyim kimi, xaricdə bizim 462 diaspor təşkilatımız var. Bu özlüyündə onu göstərir ki, azərbaycanlıların yaşadıqları hər bir ölkədə bir neçə diaspor təşkilatı var. Əlbəttə, bu təşkilatlar arasında koordinasiya işi aparılmalıdır, birlik, həmrəylik olmalıdır. Bəzi hallarda bizim diaspor təşkilatlarımız bir-biri ilə rəqabət aparırlar. Əgər bu, sağlam rəqabətdirsə, mən bunu ancaq alqışlaya bilərəm. Bu rəqabət ümumi işimizə xidmət etməlidir. Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz birliyimizdədir…
Əgər xarici ölkələrin ictimaiyyəti görsə ki, Azərbaycan diaspor təşkilatları bir-biri ilə yola getmirlər, bir-birinin əleyhinə fəaliyyət göstərirlər, əlbəttə, bu, yaxşı hal olmayacaq. Belə hallar var, onlar çox deyil. Ancaq mən istərdim ki, bu gün bu kürsüdən bu mövzuya toxunum və qeyd edim ki, birlik əsas məsələdir. Xüsusilə nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin”. Odur ki, istər respublikanın daxilində, istərsə də onun hüdudlarından kənarda olan azərbaycanlılar hər hansı ixtilaf və anlaşılmazlıq, xüsusən də qarşıdurma və toqquşma hallarından qaçmalı və belə halların qarşısını almalıdırlar”.