“Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan prezidentinin sərəncamı ilə nəzərdə tutulan tədbirlər planı çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalı bu günlərdə işıq üzü görəcək.
Jurnal müxtəlif bölmələrə ayrılıb. “Azərbaycançılıq” adlı rubrikada milli həyatın ahəngdarlığından, ölkəmizdə yaşayan bütün etnosların qardaşcasına dinc yanaşı yaşamaq, vahid ideologiyanın çətiri altında birləşmək ənənəsindən bəhs edilir.
“Çoxmədəniyyətlilik” bölməsində ölkəmizin və dünyanın multikultural mənzərəsindən fraqmentlər əks olunub, mədəni rəngarəngliyin ədəbiyyat, sənət dilində ifadəsinin şərhləri verilib.
“Terror multikulturalizmə qarşı” adlı rubrikada bəşəriyyətin bəlasına çevrilmiş terrorun etnik-milli rəngarəngliyə, multikultural dəyərlərə, tolerantlığa vurduğu zərbələrdən, xalqlar arasına düşmənçilik toxumu səpməyə çalışan ideologiyaların hansı zəmində təşəkkül tapmasından danışılır.
“Homo sapiens” bölməsində mədəniyyətlərin formalaşması tarixinə, sivilizasiyanın enişli-yoxuşlu yoluna işıq tutulur.
“Tariximiz, bugünümüz” adlı rubrikada ta qədimdən ölkəmizin ərazisində yaşayan xalqların əsrlər boyu keçdiyi tarixi-mədəni proseslərin keçmişdən indiyə uzanan mənəvi bağlarının tapıb aşkara çıxarılmasına cəhd edilib.
“Höte zalı” adlı rubrikada dünya ədəbiyyatında gedən multikultural proseslərə, bu yöndə aparılan fəlsəfi-etik-estetik mübahisələrə meydan verilib. Rubrikanın adı təsadüfən seçilməyib; bildiyiniz kimi, ədəbiyyatşünaslığa “dünya ədəbiyyatı” anlayışını ilk dəfə böyük alman şairi gətirib.
Buna uyğun olaraq Azərbaycan ədəbiyyatına ayrılmış bölmə də müasir ədəbiyyatımızın banisi Mirzə Fətəlinin şərəfinə “Axundov zalı” adlandırılıb. Bu rubrika altında jurnalın hər sayında insanlar arasında tolerant münasibətləri təbliğ edən müxtəlif bədii-publisistik örnəklərə yer vermək planlaşdırılır.
“Multikulturalizm”in tərəf-müqabili” adlı rubrikada tanınmış ziyalılarla ədəbi-estetik, mədəni-fəlsəfi problemlərə həsr olunmuş müsahibələr dərc etmək nəzərdə tutulur.
“Sönməyən ulduzlar” bölməsində həm tanınmış ədəbiyyat, incəsənət xadimlərinin, həm də sadə sənət adamlarının həyat hekayətləri barədə yazılar, onların zəfər və faciələrinin tarixçələri dərc olunacaq.
“Tənqid və esseistika”, “Resenziya”, “Kitab rəfi” və “Oxu zalı” kimi rubrikalar altında mədəni müxtəlifliyə, düşüncə rəngarəngliyinə, multikultural dəyərlərə həsr olunmuş kitablar təqdim ediləcək, etnik-mədəni müxtəlifliyin bədii ədəbiyyat nümunələrindəki inikası araşdırılacaq, bəşər mədəniyyətinin qaynaqlarına işıq tutan əsərlərdən parçalar dərc olunacaq.
Jurnalın “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində” adlı bölməsində BBMM-in gördüyü işlər, keçirdiyi tədbirlər haqqında məlumat vermək nəzərdə tutulur.
Nəhayət, “Region” bölməsində hər dəfə Azərbaycanın bölgələrindən birinin ədəbi mənzərəsi təqdim edilir. Jurnalın ilk nömrəsində respublikamızın şimal bölgəsində yaşayıb-yaradan qələm adamlarımızın yaradıcılığından nümunələrlə, konkret desək, Qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisində təmsil olunan şair və yazıçıların əsərləri, eləcə də, ölkəmizdə yaşayan dağ yəhudiləri icması təmsilçilərinin (həm Azərbaycan, həm də dağ yəhudilərinin dilində) və Qusar şairlərinin şeirləri ilə (həm Azərbaycan, həm də ləzgi dilində) tanış ola bilərsiniz.
Bu rubrikaların bəzisi daimi olacaq, bəzisi də nömrədən-nömrəyə yenilənəcək. Təkcə dövlət dilimiz olan Azərbaycan dilində yox, ölkəmizdə danışılan başqa dillərdə də yazılar təqdim ediləcək. Bununla da müxtəlif etnik toplumlar arasındakı dil-anlaşma maneəsinin götürülməsinə, xalqların qarşılıqlı ünsiyyətinin tərcüməçilərin inhisarından çıxarılmasına çalışılacaq.
Jurnalda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycançılıq-milli ideologiyanın kamil nümunəsi”, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin “Точная идеологическая цель-мультикультурализм”, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin “Azərbaycan multikulturalizmi bu gün: Portuqaliyadan İndoneziyayadək…”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Azərbaycan multikulturalizm modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur” məqalələri yer alıb.
Bundan başqa jurnalda tanınmış yazalar – Şərif Ağayar, Aqşin Yenisey, Qan Turalı, Sevda Sultanova, Ramilə Qurbanlının müxtəlif mövzularda maraqlı yazılarını da oxuya biləcəksiniz.
Qeyd edək ki, jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir. “Multikulturalizm” jurnalı öz fəaliyyətini Azərbaycan prezidentinin müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ olunması istiqamətində quracaq.