Ramiz Mehdiyev: “Yalnız prezident idarəetmə sistemi ölkəni dərin böhrandan çıxara bilərdi”
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın təcəssümü kimi” məqaləsi yayılıb. Transparency.az-ın məlumatına görə, Ramiz Mehdiyev qeyd edir ki, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Dünya Ticarət Təşkilatı və başqa beynəlxalq maliyyə qurumları “dövlətlərin suverenliyinin aradan qaldırılmasında” böyük rol oynayır, ölkələrin iqtisadiyyatı üzərində öz nəzarətini hər vasitə ilə möhkəmləndirirlər: “Onların həyata keçirdiyi siyasət dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olmayan ölkələrin milli iqtisadiyyatının zəifləməsi, əhalinin sosial durumunun pisləşməsi ilə nəticələnir. Məsələn, Beynəlxalq Valyuta Fondu qlobal maliyyə axınlarını tənzimləyən qurum olaraq formal baxımdan beynəlxalq təşkilat hesab edilir, əslində isə o, dünyanın ən çox inkişaf etmiş ölkələrinin maraqlarını təmsil edən vasitəyə çevrilib. Dünya Ticarət Təşkilatı da buna oxşar rol oynayır və əslində milli dövlətin iqtisadiyyatını dağıdır. Beləliklə, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Dünya Ticarət Təşkilatı və başqa beynəlxalq maliyyə qurumları bir tərəfdən dünya iqtisadiyyatı üzərində öz nəzarətini möhkəmləndirir, digər tərəfdən isə milli iqtisadiyyatları zəiflədir, bununla da ölkələrin əhalisinin sosial durumunu pisləşdirirlər”.
Müəllif yazır ki, özünü inkişaf etdirmək məqsədilə qlobal strukturlarla müstəqil əlaqə yaradan regionlar da dövlətin bir təsisat kimi zəifləməsində müəyyən qədər rol oynayırlar: “Belə regionlar kənar subyektlərlə qarşılıqlı əlaqəyə girərək əslində onların maraqlarını reallaşdırırlar. Həm regionların, həm də kənar subyektlərin belə hərəkətləri çox vaxt milli dövlətin maraqlarına cavab vermir, müəyyən mənada ölkənin suverenliyinə təhdid yaradır.
Siyasi birliklərin və vətəndaş strukturlarının dağıdıcı rolu da müasir qlobal proseslərdə heç də az rol oynamır. Onların dəyər oriyentasiyaları dövlətin həyat fəaliyyətində mühüm amildir. Əgər cəmiyyət qeyri-hökumət təşkilatlarının fəaliyyətinə formalaşdırıcı təsir göstərmək iqtidarında olsa, onlar öz dövlətinin mənafelərini ifadə etmək qabiliyyətini saxlayırlar. Amma Azərbaycanın təcrübəsi onu da göstərir ki, bu təşkilatların müəyyən dairəsinin siyasətinin mənbəyi cəmiyyətin özündə yox, kənar qüvvələrdədir. Bu halda milli siyasi birliklərin və vətəndaş birliklərinin öz fəaliyyətlərində rəhbər tutduqları prioritetlər, ideyalar və dəyərlər onların xarici kuratorlarının maraqlarına və hədəflərinə cavab verir, dövlətin daxili həyatında isə dağıdıcı xarakter kəsb edir.
Şübhəsiz ki, dövlət hakimiyyətini real edən gücdür, o, sosial praktikada bu gücə tabe olan subyektlər tərəfindən başa düşülür və mənimsənilir. Məhz bu güc dövlətin fəaliyyətində gözə görünmədən mövcud olaraq onu məsuliyyət daşıdığı hakimiyyətdən istifadə etməyi bacaran ictimai təsisata çevirir. Bu gücün olmaması dövlətin əhalisinə çoxlu fəlakət və ağır sınaqlar gətirir. Yaxın Şərqin və Şimali Afrikanın bir sıra müasir dövlətlərində hadisələr bunun bariz nümunəsidir. Onların düşdüyü durum göstərir ki, güclü dövlət olmadan normal fəaliyyət göstərən demokratik cəmiyyət yaratmaq mümkün deyil. Yalnız güclü dövlət modeli cəmiyyətin problemlərinin həllini, o cümlədən demokratiya prinsiplərinin reallaşmasını təmin etməyə qadirdir. “Güclü dövlət” anlayışını ilk növbədə dövlətin iqtisadi və siyasi sistemini legitimlik əsasında idarə etmək bacarığının xarakteristikası kimi başa düşmək lazımdır”.
Ramiz Mehdiyevin fikrincə, XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycandakı dövlət idarəetmə praktikası belə deməyə əsas verir ki, yalnız prezident idarəetmə sistemi ölkəni dərin böhrandan çıxara bilərdi: “Azərbaycanda prezident idarəetmə forması ilə güclü dövlətin yaradılmasının həm də subyektiv zəmini var. Yaxın keçmişimizə retrospektiv nəzər salanda əmin olmaq mümkündür ki, Qarabağ müharibəsinin ilkin mərhələsinin yekunları 1990-cı illərin əvvəlində Azərbaycanda faktiki mövcud olan parlament idarəetmə sistemində “ixtilafların və qərarsızlığın” nəticəsi olub. Real gücə malik siyasi partiyalar olmadığı üçün icra hakimiyyəti əslində parlamentdə “siyasi xadimlər” deyilən qüvvələr tərəfindən kollegial əsasda həyata keçirilirdi. Sürətlə dəyişən vəziyyətdə operativ qərarların qəbul edilməsi uzun-uzadı diskussiyalar, qarşılıqlı ittihamlar, mübahisələr, fikir ayrılıqlarını aradan qaldırmaq üçün müxtəlif komissiyaların yaradılması ilə nəticələnirdi. Bütün bu “çarpışma” nəticəsində Azərbaycan əraziləri nəinki Ermənistan tərəfindən işğal edildi, həm də 1993-cü ilin baharında real vətəndaş müharibəsi təhlükəsi yarandı.
Azərbaycan dövlətinin inkişaf məntiqi göstərir ki, Azərbaycan 1993-cü ilin ortalarından etibarən ardıcıl surətdə güclü dövlət prinsiplərini gerçəkləşdirmək yolu ilə gedir. İqtidarda olan qrupların neoliberal demokratiya ideyalarına aludə olduqları və bu ideyaları fəal surətdə sosial praktikaya tətbiq etdikləri bəzi postsovet dövlətlərindən fərqli olaraq prezident Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrək və böyük dövlət xadimi bəsirəti və uzaqgörənliyi nümayiş etdirərək güclü Azərbaycan dövləti konsepsiyasını irəli sürdü və onu ardıcıl surətdə praktikada reallaşdırmağa başladı. Sonrakı illərdə dövlətimizin bütün fəaliyyəti bu kursun düzgün olduğunu təsdiqlədi.
Güclü dövlət quruculuğu yeni hökumət idarələrinin yaradılmasından və mövcud olanların möhkəmləndirilməsindən ibarətdir. Heydər Əliyev məhz bu yolla gedirdi. O bilirdi ki, güclü dövlət yaratmadan ölkəni ümumi xaosdan çıxarmaq və onun ərazi bütövlüyünü bərpa etmək mümkün deyil. Eyni zamanda güclü Azərbaycan dövləti xarici təhdidlərə müqavimət göstərməyə qadir olacaq, qonşularına problemlər yaratmadan özünəyetərli cəmiyyət quruculuğunun qarantına çevriləcək.
Azərbaycanda hakimiyyət özünün “güclü dövlət” ideyasını həyata keçirir, çünki öz xalqının nadir ənənələrinə əsaslanır. Məsələ bundadır ki, dövlətin güclü və planlaşdırıcı rolu olmasa Azərbaycanda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələrin reallaşmasının üstündən xətt çəkilə bilər. Güclü dövlət gələcək nəslə və “insan kapitalı”na investisiya yatırmadan müvəffəqiyyətli ola bilməz. Azərbaycanda güclü dövlətin uğurları təhsilə, səhiyyəyə, idmana və digər sosial proqramlara düşünülmüş şəkildə sərmayə yatırılması ilə bağlıdır”.
Akademik Azərbaycanda “güclü dövlətin” bəzi əlamətlərini belə sıralayır:
— tam suverendir, buna görə də daxili və xarici siyasətində başqa dövlətlərdən, yaxud beynəlxalq təşkilatlardan asılı deyil;
— milli iqtisadiyyatı və istehsal sahəsini ən müasir texnologiyalar bazasında inkişaf etdirir;
— Azərbaycanın bütün etnoslarının dövlət ideologiyası olan, tolerantlıq və multikulturalizm kimi dövlət səviyyəsində möhkəmləndirilən elementlərə sahib olan güclü milli “Azərbaycanizm” ideologiyasına malikdir;
— milli mədəniyyəti, elm və təhsili, idmanı və praktik təbabəti inkişaf etdirir;
— pensiyaçıların və aztəminatlı vətəndaşların qayğısına qalır;
— qanuna müvafiq olaraq ictimai asayişi səmərəli təmin edir;
— dövlətin ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyinə müvafiq olaraq Milli Silahlı Qüvvələri inkişaf etdirir;
— öz müstəqil fəaliyyətində milli maraqlara və dövlət maraqlarına əsaslanan qeyri-hökumət (vətəndaş) strukturlarını hər vasitə ilə dəstəkləyir;
— radikal qrupların, xüsusən başqa dövlətlər, yaxud beynəlxalq təşkilatlar və s. tərəfindən maliyyələşdirilən qrupların fəaliyyətinin qarşısını qanuna müvafiq olaraq bacarıqla alır”.