Rövşən Ağayev
Böyük neft pullarının Azərbaycana gətirdiyi siyasi bəlalar çox üzdədir, onları qiymətləndirmək çox asandır: seçki sisteminin, azad medianın və sivil toplumun sıradan çıxarılması, uzunömürlü hakimiyyətə təminat verən konstitusion mexanizmlərin formalaşdırılması məhz nəhəng resurs gəlirlərinin şəffaf (həmçinin effektiv) istifadə edilməməsinin nəticəsidir.
Asan anlaşılsın deyə iqtisadi fəsadları qısaca olaraq azad biznesin oliqarxiya kapitalı qarşısında tam çökdürülməsi kimi də təsvir etmək olar. Amma bu təsvir renta idarəçiliyinin cəmiyyətimizin hazırkı sosial strukturunun formalaşmasına, ölkənin iqtisadi perspektivlərinə hansı dağıdıcı zərbələri vurduğunu aydınlatmaq üçün yetərli deyil.
Əlimizdə 2005-2015-ci illərdə ölkədə formalaşan milli sərvətin dəyəri, bu sərvətlərin əhalinin müxtəlif qrupları arasında necə bölüşdürülməsi, ayrı-ayrı qruplara verdiyi qazancın səviyyəsi barədə statistik məlumatlar olsaydı, havayı neft pullarının ölkəmizə gətirdiyi sosial-iqtisadi bəlaların miqyasını hər kəs daha aydın görə bilərdi.
Reallıq isə belədir: Azərbaycanın rəsmi statistikası milli sərvətin uçotunu aparmır, əhalinin müxtəlif gəlirlilik qrupları üzrə sərvət bölgüsünü statistik olaraq müayinə etmir. Bizim rəsmi statistika əhalinin sosial qeyri-bərabərliyini yalnız gəlirlər əsasında təqdim edir. Bu statistikanın nə qədər etibarlı olduğunu müəyyən etmək üçün rəqəmlərə diqqət yetirin: ölkədə ən yoxsul təbəqənin — əhalinin 20%-nin adambaşına gəliri ən zəngin təbəqənin (statistikaya görə, o da əhalinin 20%-ni təşkil edir) gəlirindən cəmi 2,2 dəfə azdır. Yəni bu statistikaya görə, yoxsullar ayda adambaşına 180 manat, varlılar 400 manat qazana bilir.
Təsəvvür edin ki, ölkədə bir tərəfdə sərvətinin dəyəri milyardlarla ölçülən onlarla, milyonlarla ölçülən yüzlərlə, o biri tərəfdə gündəlik çörək pulu uğrunda mübarizə aparan on minlərlə ailə var. Aşağı və yuxarı əhali qruplarının sərvətlərinin dəyəri arasında fərqin 100 dəfələrlə ölçüldüyü ölkədə gəlir bərabərsizliyinin cəmi 2 dəfə olmasına inanmamaq üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Əgər qonşunuzun 300-400 min dollarlıq mənzil fondu, 100-150 min dollar dəyərində avtomobil parkı, bankda 200-250 min dollar əmanəti varsa və siz sadəcə 60-70 min dollarlıq mənzilə sahibsinizsə, statistikanın “yoxsulların və zənginlərin gəlirləri arasında fərq 2 dəfə təşkil edir” hesabatına heç bir mütəxəssis rəyi olmadan əlinizi yelləyib güləcəksiniz. Statistikada yazılana deyil, gördüyünüzə inanmaqda haqlısınız.
Mövzu əslində gəlir bərabərliyi yox, sərvət yığımındakı qeyri-bərabərlikdir: Azərbaycanda sərvətlərin bölgüsündə bərabərsizliyin real miqyasını təsəvvür etmək üçün hansı fərziyyədən, informasiyadan çıxış etmək olar? Ümumiyyətlə milli sərvətin özəl sektora (ev təsərrüfatları və biznes) aid olan hissəsinin ehtimal olunan real dəyəri nə qədər ola bilər?
Hətta inkişaf etmiş ölkələrdə də sərvət bölgüsündə bərabərsizlik qalmaqdadır. Məsələn, məşhur fransız iqtisadçı Tomas Pikketinin məlumatına görə, hazırda Fransada milli sərvətin 60%-i əhalinin ən zəngin 10%-nin əlində cəmlənir. Əhalinin ən yoxsul təbəqəsi olan 50%-i isə sərvətlərin cəmi 4%-nə sahibdir. Sərvətlərin 36%-i orta təbəqənin (əhalinin 40%-i) ixtiyarındadır.
Göründüyü kimi, inkişaf etmiş ölkələrin əsas özəlliyi orta təbəqənin sərvətdə ciddi paya sahib olmasıdır. Halbuki 100 il əvvəl sərvətlərin 95%-ə qədəri əhalinin 10%-nin əlində idi. Son 100 ildə ən ciddi irəliləyiş orta təbəqənin yaranması və zəngin 10%-lik qrupdan əhəmiyyətli pay qoparması olub. Ən yoxsul 50%-in payında isə heç bir dəyişikliyin baş verməməsi ciddi problem olaraq qalır. Amma ötən 100 ildə inkişaf etmiş ölkələrdə sərvətin dəyəri on dəfələrlə artdığı üçün kasıb 50%-in adambaşına düşən sərvətinin dəyəri yoxsul ölkələrin eyni qrupuna aid göstəricidən əhəmiyyətli dərəcədə çoxdur.
Azərbaycan üçün belə bir statistikanın mövcudluğu bizə yuxu kimi görünür. Normalda ölkənin vergi sisteminin və daşınmaz əmlak üzrə reyestrin məlumatları həm biznes, həm də qeyri-biznes təyinatlı daşınmaz əmlakın (bina və tikililər, həmçinin torpaq) dəyəri haqda real məlumatları əldə etməyə imkan verməlidir. Amma bir şərtlə ki, bütün daşınmaz əmlakın bazar dəyəri müəyyən edilmiş olsun. Çox təəssüf ki, Azərbaycanda əmlakın bazar dəyərini müəyyən edən mexanizmlər tətbiq olunmur: yaşayış fondu (həm torpaq, həm də tikililər) sahə ölçüsünə görə, qeyri-yaşayış təyinatlı əsas fondlar (həmçinin binalar) qalıq dəyəri əsasında müəyyən edilir. Məsələn, bir nəfərin Bakı şəhərində real bazar dəyəri 200-250 min manat olan (sahəsi 300 kvadratmetr) mənzili, real bazar dəyəri 500-600 min manat olan, amma 10 illik istismar müddətindən sonra hazırkı orta illik qalıq dəyəri 150 min manat olan biznes obyekti var. Bu şəxs real bazar dəyəri 700-800 min manat olan mülkiyyətinə görə ildə cəmi 1620 manat əmlak vergisi ödəyəcək (mənzilin hər kvadratmetri üçün 0,4 manat, üstəgəl, kommersiya obyektinin orta illik qalıq dəyərinin 1%-i). Halbuki hazırda dünyada əmlak vergisinin dərəcəsi əmlakın təyinatından asılı olaraq onun bazar dəyərinin 0,5-1%-i intervalında dəyişir. Azərbaycanda 0,5%-lik orta vergi dərəcəsi tətbiq edilsə, 700 min manat real bazar dəyəri olan mülkə görə 3500 manat əmlak vergisi tutulmalıdır. Bir sözlə, əmlak bazar dəyəri ilə vergiyə cəlb edilmədiyindən iki zərbə alırıq: birincisi, ən azından əmlak vergisindən büdcə 2,5 dəfə itirir; ikincisi, daşınmaz əmlak formasında milli sərvətin real dəyəri ilə bağlı statistik məlumat bazası formalaşdırmaq mümkün olmur.
Bəs Azərbaycanda mənzil fondunun real bazar dəyəri nə qədər ola bilər? Hansı metoda əl atsan hesablamamız subyektiv olacaq. Hazırda ölkədə təxminən 2 milyon mənzil var ki, onun təxminən 25%-i son 20 ildə (1995-2015-ci illər) tikilib. Rəsmi statistikaya görə, ümumilikdə həmin mənzillərə təxminən 15 milyard dollar sərmayə qoyulub. Mənzilin real bazar dəyəri onun investisiya qoyuluşu əsasında hesablanan istismar dəyərindən orta hesabla 2-2,5 dəfə çox olur. Bunu nəzərə alsaq, təkcə müstəqillik dövründə yaranan mənzil fondunun dəyərinin 30-35 milyard dollardan az olmadığı görünür. Mənzillərin yerdə qalan 75%-i sovet dövründə tikilib, xeyli hissəsinin də istismar müddəti keçib. Deməli, ölkədəki köhnə mənzil fondu (sovet dövründə tikilmiş mənzillər) yeni mənzil fondundan üç dəfə böyük olsa da, onun dəyəri ən yaxşı halda yeni mənzil fonduna bərabər ola bilər. Əgər bu kobud hesablama heç olmasa 70-80% doğrudursa, onda milli sərvətin tərkib hissəsi olan mənzil fondunun dəyərinin 65-70 milyard manat olduğunu iddia etmək mümkündür.
Bəs biznes əsaslı mülkiyyətin real dəyərini necə hesablamaq olar? “21-ci əsrdə Kapital” əsərinin müəllifi Piketti yazır ki, hansı ölkədə vergi üzrə məlumatlar milli sərvətin bu hissəsinin dəyərini müəyyən etməyə imkan vermirsə, orada özəl sərmayələrin dəyərini əsas məlumat bazası kimi istifadə etmək gərəkdir. Məsələn, bank-sığorta sektoru üzrə sərvətin dəyərini hesablamaq mümkündür, çünki pis-yaxşı ortada hesabatlar var. Məsələn, bank-sığorta şirkətlərində dövlət payını nəzərə almasaq, özəl şəxslərə məxsus aktivlərin dəyəri 3,5 milyard manata yaxındır. Bu dəyərə sahiblərin səhm və daşınmaz əmlak, nağd pul formasında bütün aktivləri daxildir.
Özəl sektora məxsus qida və içki sektorunda, emal sənayesində, turizm və restoran biznesində, ticarət və nəqliyyat xidməti sektorunda, kənd təsərrüfatında son 20 ildə 25 milyard dollara yaxın əsas fondlar yaranıb. Biznes obyektlərinin də real bazar dəyərinin onların investisiya qoyuluşu əsasında hesablanan istismar dəyərindən orta hesabla 2-3 dəfə çox olduğunu nəzərə alsaq, əsas biznes sektorları üzrə maddi aktivlərin real bazar dəyərinin 50 milyard dollardan az olmadığını ehtimal etmək mümkündür.
Avtomobil parkının dəyərini də bura daxil etmək lazımdır, 2005-2015-ci illərdə ölkənin avtomobil parkı 2 dəfədən çox genişlənib. Minik avtomobillərinin sayı 550 min ədədə yaxın artıb, bunun təxminən 450 min ədədi MDB istehsalı olmayan maşınlardır. Öz növbəsində ölkəyə dəyəri 30-40 min dollardan 200-250 min dollaradək olan ən azı 60-70 min ədəd bahalı maşınlar gətirilib.
Yerdə qalır maliyyə aktivləri. Ölkədə fond bazarı olmadığından qiymətli kağızlar formasında maliyyə aktivlərinin dəyəri haqda danışmağın yeri yoxdur. Azərbaycanda maliyyə aktivlərinin əsas forması banklarda saxlanan depozitlərdir: həm ev təsərrüfatlarının əmanətləri, həm də korporativ depozitlər. Depozitlərin ümumi həcmi 15 milyard dollardır.
Göründüyü kimi, yalnız ölkə daxilində özəl biznesə və ev təsərrüfatlarına məxsus maliyyə və qeyri-maliyyə aktivlərinin təxmini dəyəri 125-130 milyard dollardan az deyil. Lakin bura yalnız Azərbaycan vətəndaşlarının ölkədəki aktivlərinin dəyəri aiddir, xaricdə biznes məqsədilə daşınmaz əmlak və qiymətli kağızlara qoyulan yatırımların, banklarda və investisiya fondlarında saxlanan vəsaitlərin real miqyası barədə məlumat əldə etmək, hətta bunu təxmin etmək mümkün deyil.
Hazırda dünyanın ayrı-ayrı ölkələrində milli sərvətin məcmu dəyəri ölkənin bir illik milli gəlirinin 4-7 misli arasında dəyişir. Azərbaycanda, rəsmi statistikaya görə, milli gəlirin illik həcmi 35 milyard dollardır. “Kölgə iqtisadiyyatı”nın 40-45% təşkil etməsi ilə bağlı müxtəlif hesablamaları nəzərə alsaq, milli gəlirin illik həcmi təxminən 50 milyard dollardır. Dünyada mövcud olan bu standartdan çıxış etsək, ölkədə milli sərvətin real dəyəri 250-300 milyard dollar ətrafındadır. Dövlətə məxsus müəssisələrin mülkiyyətinin, təbii resurslarının və maliyyə aktivlərinin dəyəri nəzərə alınmazsa, bu sərvətin yerdə qalan hissəsi özəl sektora və ev təsərrüfatlarına məxsusdur.
Milli sərvətin real dəyəri haqda təxmini də olsa müəyyən təsəvvür varsa, qarşıya növbəti sual çıxır: milli sərvət (təbii ki, özəl sektora məxsus olan hissəsi) əhalinin müxtəlif qrupları arasında necə paylaşıb? Məsələn, əhalinin ən yoxsul 10%, 20%, 50%-nə və ən zəngin 1%, 10%-nə, bu iki sinfin ortasında yerləşən 40%-nə düşən sərvətin dəyəri nə qədərdir?
Rəsmi statistika vergi və əmlakın reyestr sistemi ilə birlikdə milli sərvətin real dəyərini, sərvət bölgüsünün miqyasını müəyyən etməkdə siyasi baxımdan maraqlı deyil. Çünki özəl sektora məxsus milli sərvətin real dəyəri bilinsə, insanlar özlərinin və başqalarının real sahib olduqları haqda daha aydın bilgiyə və müqayisə imkanına malik olacaqlar. 2005-ci ildə qanun qəbul olunsa da, hələ də vəzifəli şəxslərin maliyyə və qeyri-maliyyə formasında mülkiyyəti, həmçinin gəlirləri barəsində bəyannamə təqdim etməkdən yayınmasının əsas səbəblərindən biri də budur: onların hətta gəlir və əmlakının əsas hissəsini gizlədib az qismini leqallaşdırması belə xatalıdır. İxtiyari varlı bir məmurun sahib olduğu 1 mənzil və 1 maşının dəyərinin belə onların rəsmi qazancları müqabilində çox baha olması ortaya çıxacaq.
Milli sərvətin də real dəyəri aydınlaşsa, məlum olacaq ki, rəsmi gəlirlər hesabına biznes və ayrı-ayrı şəxslər indiki qədər sərvətə malik ola bilməz, yaxud sərvətin indiki dəyəri müqabilində biznesin qazancına, ev təsərrüfatlarının sahib olduqları mülklərin dəyərinə görə ödədiyi vergi əslində qəpik-quruşdur.
Bəs sərvət bölgüsünün real ölçülərini təxmini də olsa hansı göstəricilər, informasiyalar və ya meyarlar əsasında təsəvvür etmək olar? Burda iki yanaşma ola bilər: sadə-populyar yanaşma; sərvət haqda bəzi rəsmi statistik məlumatlar əsasında peşəkar yanaşma.
Sadə-populyar yanaşma budur ki, hər kəs tanıdığı ən zəngin qohumunun, dostunun, tanışının sahib olduqları ilə özünün malik olduqları arasında fərqə baxır. Məsələn, tanıdığınız və aralarında varlı dövlət məmuru, iş adamı olan insanların gözlə görünən sərvətinin (mənzil, avtomobil, biznes obyekti və s.) dəyəri ilə özünüzün sahib olduğunuz oxşar mülklərin dəyərini müqayisə etsəniz, nəticə real vəziyyəti təsəvvür etməyə imkan verəcək.
Əlçatan statistik məlumatlar əsasında sərvət bölgüsünü təyin etmək üçün peşəkar yanaşma necə ola bilər? Banklarda olan depozitlərin konsentrasiyası, banklardan götürülən kreditlərin konsentrasiyası, ölkənin maşın parkında zəngin insanların maddi imkanlarına uyğun avtomobillərin xüsusi çəkisi, milli gəlirin əmək və sərmayə gəlirləri arasında bölgüsü əsasında sərvətin konsentrasiya səviyyəsi ilə bağlı hipotetik rəqəm söyləmək olar.
Məsələn, 2015-ci ilin yekunlarına görə, bank sektoru üzrə kreditlərin 41%-nə sahib olan üç nəhəng bank (“Kapital Bank”, “Beynəlxalq Bank” və “Xalq Bank”) üzrə kredit konsentrasiyası 60%-dən çoxdur. Bu üç bankın ayırdığı təqribən 8 milyard manat kreditin 5 milyard manatı və ya 63%-i 53 borc götürənə çatıb. Ölkədə ev təsərrüfatı və biznes strukturları qismində potensial olaraq kreditə iddia edə biləcək 2,5 milyona yaxın subyekt var, amma banklardan götürülən kredit resurslarının 60%-dən çoxuna bütün subyektlərin hətta 0,1%-dən az hissəsi sərəncam verir.
Təəssüf ki, banklarda depozit konsentrasiyası haqda məlumat olmur. Amma bu günlərdə bir bankdan aldığım məlumata görə, 2015-ci ildə bankda olan 1,2 milyard manata yaxın müştəri hesabının təxminən 80%-i cəmi 13 müştəriyə məxsus olub. Əslində kreditlərin və depozitlərin çox kiçik qrupun (ev təsərrüfatlarının və biznes subyektlərinin 0,1%-dən də az hissəsinin) əlində cəmlənməsi sərvətlərin təmərküzləşməsi ilə bağlı hipotetik ideyalar üçün 2-3 göstəricidən biridir.
Yaxud sayı milyonu ötən minik avtomobili parkında bütün ailə təsərrüfatlarının ən yaxşı halda 5%-nin sayına uyğun (maksimum 100 min ailə) yüksək dəyərə (təxminən 30-40 min dollardan çox) və zəngin ailələrin maddi imkanlarına uyğun bahalı avtomobil parkı mövcuddur.
Əslində dünyada sərvət təmərküzləşməsi hesablanarkən əhalinin ən zəngin 10%-lik qrupu götürülür. Bizdə bu təxminən 200 min ailə edir – Azərbaycanda bu sayda zəngin ailənin olduğu qətiyyən real görünmür. Real fəaliyyət göstərən və böyük dövriyyəyə malik biznes obyektlərinin sayını, böyük qazanca sahib məmur heyətinin sayını təsəvvür etməyə çalışanda, bu rəqəm 50-100 min intervalında ola bilər, yəni ailə təsərrüfatlarının maksimum 5%-i. Kreditlərin təmərküzləşmə səviyyəsi, bahalı avtomobil parkının miqyası barədə dediklərimiz də yalnız zəngin 5% haqda fikir yürütməyə imkan verir.
Yeri gəlmişkən, ötən il Dünya Bankı Azərbaycanda əhalini gəlirliliyə görə bu cür təsnif etmişdi: 5% yoxsul, 66% yoxsulluqdan çıxsa da, orta sinfə daxil ola bilməyən həssas əhali qrupu, 29% orta təbəqə.
Milli gəlirdən kapitalın və muzdlu işçilərin aldığı pay da sərvət qeyri-bərabərliyini qiymətləndirmək üçün mühüm indikatordur.
Müəllifin başqa yazıları: