İctimaiyyəti narahat edən məsələlərdən biri də orta təhsil müəssisələrində dərslərin başlanma və bitmə vaxtlarıdır. Bu da səbəbsiz deyil, orta təhsil sistemi, demək olar, ölkənin bütün ailələrini və fəaliyyət sahələrini əhatə edir. Nəticədə vaxt amilinin psixoloji və sosial əsasları yaranır.
Uzun illər eyni vaxtdan istifadə və bunun cəmiyyətdə, ailə-məişət sistemində güclü köklərə, bağlılığa malik olması hazırda problemi daha da ciddiləşdirir. Ona görə də orta təhsil müəssisələrində dərslərin başlanma və bitmə vaxtı haqda qərar qəbul ediləndə cəmiyyətin fikri, yarana biləcək sosial-psixoloji problemlər təhlil olunmalıdır. Amma son illərin təcrübəsi göstərir ki, Təhsil Nazirliyi heç bir ictimai müzakirə aparmadan qərarlar qəbul edir. Şübhəsiz, bu da əhali arasında müəyyən narazılıqlara səbəb olur.
Son illərin təcrübəsi həm də onu göstərir ki, problemin çox ciddi psixoloji əsasları var. Məsələn, ilk dərs gününün sentyabrın 15-nə keçirilməsinə uzun illərdir Azərbaycan ictimaiyyəti psixoloji cəhətdən uyğunlaşa bilmir. Nəticədə sentyabrın əvvəlindəki 15 gün əhali üçün yararsız, əsəbi və narahat bir vaxta çevrilib. Bu il dərslərin qurtarmasına əlavə olunan növbəti 15 gün isə problemi daha da ciddiləşdirir. Necə deyərlər, növbəti ikinci 15 günlük stress və narahatlıq dövrü yaranıb.
Müşahidələrlə o qənaətə gəlmək olar ki, Azərbaycan əhalisi bu “15 günlük” dəyişiklikləri sosial-psixoloji baxımdan qəbul edə bilmir, adamlar vaxt amilinə uyğunlaşmada problemlərlə üzləşirlər. Bu, artıq bütövlükdə əhalini, şagirdləri, müəllimləri, ziyalıları, hətta dövlət rəsmilərini də narahat etməyə başlayıb. Çünki bu problemin həm psixoloji, pedaqoji əsasları, həm də iqtisadi əsasları var. İyun və sentyabr aylarının əvvəlləri əhalinin müəyyən təbəqəsi üçün iqtisadi fəaliyyət baxımından aktiv aylar da sayılır.
Bir mütəxəssis kimi bu vaxt problemi ilə bağlı psixoloji, pedaqoji, sosial və siyasi prosesləri nəzərə almaqla təklif vermək istərdim. Təklif edirəm ki, orta təhsil müəssisələrində dərslər sentyabr ayının avqust ayı ilə qarışmayan, tam sentyabrın özünə düşən birinci həftəsinin birinci günündən (bazar ertəsindən) başlansın, mayın 31-i bitsin. Nəticədə biz mayın 25-i və sentyabrın 1-i kimi siyasi cəhətdən sovet dövründən qalma vaxt amillərindən də qurtula bilərik.
Dərslərin həftənin bazar ertəsindən başlanması psixoloji baxımdan vacib amildir. Tutalım, 15 sentyabr həftənin dördüncü, beşinci günlərinə, yəni cümə axşamına və ya cüməyə düşə bilər. Deməli, bu halda ilk dərs günü həftənin cəmisi iki dərs günündən birinə və ya yeganə dərs gününə çevrilir. Şagirdlər bir-iki gün dərsdə olurlar, həftə bitir. Dərs günü yarımçıq həftədən başlayır. İlk dərs günü ilə bağlı konkret tarix müəyyənləşdirəndə (istər 1 sentyabr olsun, istər 15 sentyabr) əksərən dərslər beləcə yarımçıq həftəyə düşür. Ona görə də bəzi ölkələrdə dərs gününün başlanğıcı ayın günündən yox, həmin ayın ilk həftəsindən götürülür.
Mənim dərs gününə sentyabrın birinci həftəsinin birinci günündən başlamağı təklif etməyim o deməkdir ki, bizdə ilk dərs günü sentyabrın ilk 7 günündən hər hansı birinə düşə bilər. Burada dərslərin başlanma vaxtı sentyabrın 1-i də ola bilər, 3-ü, 5-i, 7-si də. Bu vaxt göstəricisi müasir Azərbaycan və onun uyğunlaşma dövründə olan cəmiyyəti üçün psixoloji, pedaqoji, sosial və siyasi cəhətdən ən əlverişli vaxt sayıla bilər.
Təhsil Nazirliyi problemin müsbət həlli yolunu tapmaq üçün narazılıqları və əhalinin maraqlarını nəzərə almalıdır. Bütün dünyada dərslərin başlanma və bitmə vaxtı müəyyənləşdirilərkən əhalinin ümumi vəziyyəti nəzərə alınır. Məsələn, Türkiyədə dərslər oktyabr ayının birinci həftəsinin birinci günündən başlanır. Bu vaxtın seçilməsində Türkiyənin turizm ölkəsi olması nəzərə alınıb. Azərbaycan da kənd təsərrüfatı və turizm ölkəsidir və bu amil diqqətdən kənar qalmamalıdır.
Şükran Dədəyev,
psixoloq