Avropa Yayım Birliyi (EBU) Ermənistan İctimai Televiziyasına cəza verəcək. Ermənistan ifaçısının qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını “Avroviziya” mahnı yarışmasına gətirməsi ilə bağlı bəyanatda belə deyilir.
Mayın 10-u İsveçin paytaxtı Stokholmdakı “Qlobe” arenasında “Avroviziya 2016” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan arenada işğalçı Dağlıq Qarabağ rejiminin bayrağını qaldırıb.
AZƏRTAC xəbər verir ki, Avropa Yayım Birliyi və mahnı yarışına məsul olan nəzarət qrupu Ermənistan təmsilçisinin gözləmə otağında qondarma qurumun bayrağını dalğalandırmasını pisləyib. Bəyanatda bildirilir ki, bu cür hadisələr “Avroviziya” mahnı müsabiqəsinin adına zədələyici təsir göstərir: “Nəzarət qrupu Ermənistanın yayım hüququ olan İctimai Televiziyasına (AMPTV) qarşı sanksiya tətbiq etməyi qərara alıb. Sanksiyanın nəticəsi nəzarət qrupunun bu ilin iyununda keçiriləcək növbəti iclasında müəyyən olunacaq”.
Bəyanatda vurğulanır ki, “Avroviziya” qaydalarına əsasən, yayım zamanı hər hansı bir qurumun, müəssisənin, təşkilatın siyasi və ya digər səbəbdən təbliğinə icazə verilmir: “Avropa Yayım Birliyi Ermənistanı tolerantlıqdan sui-istifadə edərək qaydaları pozmamağı tələb edir. Nəzarət qrupu bir daha bəyan edir ki, qaydaların pozulması ölkənin bu il müsabiqədən kənarlaşdırılması və digər əlavə tədbirlərin tətbiqi ilə nəticələnə bilər”.
1988-ci ildə ermənilər Azərbaycanın tərkibində muxtar vilayət olan Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıblar. 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ özünü müstəqil dövlət elan edib. Ermənilər saxta qurumu “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandırır. 1991-1994-cü illərdə Ermənistan Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı 7 rayonu işğal edib.