ABŞ-ın Ohayo ştatının respublikaçı qubernatoru Con Keysiç mayın 4-də prezidentliyə iddiaçıların yarışından çəkilib. Novator.az-ın məlumatına görə, bununla da Respublikaçılar Partiyasından prezidentliyə yalnız bir iddiaçı qalıb: Donald Tramp.
Prezident seçkisi 2016-cı il noyabrın 8-də olacaq. Həm respublikaçılar, həm də demokratlar prezidentliyə namizədi yayda keçiriləcək qurultaylarında seçməlidir. Qurultaya nümayəndə toplamaq üçün keçirilən ilkin seçki yarışında Respublikaçılar Partiyasından Donald Tramp əvvəldən hamını qabaqlayıb.
Demokratlar Partiyasından namizəd olmaq üçün isə Hillari Klinton və Berni Sanders mübarizə aparırlar.
Donald Tramp 1946-cı il iyunun 14-də Nyu-York ştatında doğulub. Ata tərəfdən alman, ana tərəfdən şotland əsillidir. Tikinti maqnatıdır. Nyu-York Hərbi Akademiyasını və Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib.
Üç dəfə ailə qurub. Hazırkı həyat yoldaşı ilə 2005-ci ildə nikaha girib. Ayrı-ayrı nikahlardan beş övladı var.